• Ümumi məlumat
    Ümumi ərazi, [kv.km] 853.00
    Əhalinin ümumi sayı 77895
    Kəndlərin sayı 29
    Qəsəbələrin sayı 0
    İri və orta müəssisələrin sayı 82
    Məktəbəqədər uşaq müəssisələrinin sayı 22
    Ümumtəhsil məktəblərinin sayı 45
    Texniki, orta ixtisas və peşə məktəblərinin sayı 0
    Ali təhsil müəssisələrinin sayı 0
    Xəstəxanalar və tibb müəssisələrinin sayı 13
    Mədəniyyət ocaqlarının sayı 75
  • Şəhər və iri qəsəbələrin adları
    Ucar şəhəri
  • Sərhəd rayonların, ölkələrin və ərazilərin adları
    Şimaldan Göyçay, şərqdən Kürdəmir, cənubdan Zərdab, qərbdən Ağdaş rayonları
  • Əhali
    Əhalinin ümumi sayı 77895
    Şəhər əhalisinin sayı, [%] 21.58
    Kənd əhalisinin sayı, [%] 78.42
    Əhalinin orta sıxlığı 91.32
    Əhalinin cins qrupları üzrə sayı: (kişilər), [%] 48.80
    Əhalinin cins qrupları üzrə sayı: (qadınlar), [%] 51.20
    Əhalinin yaş qrupları üzrə sayı: (uşaqlar), [%] 25.22
    Əhalinin yaş qrupları üzrə sayı: (18 yaşa qədər), [%] 3.62
    Əhalinin yaş qrupları üzrə sayı: (18-dən 55-60-a), [%] 56.70
    Əhalinin yaş qrupları üzrə sayı: (təqaüdçülər), [%] 14.46
    Ali təhsilli əhalinin sayı, [%] 2.64
    Orta təhsilli əhalinin sayı, [%] 6.89
    Məskunlaşmış qaçqınların sayı 79
    Məskunlaşmış məcburi köçkünlərin sayı 979
  • Ərazi
    Ümumi ərazi, [kv.km] 853.00
    Məhsuldar torpaqların ümumi sahəsi, [kv.km] 373.00
    Kənd təsərrüfatına yararsız torpaqların sahəsi, [kv.km] 324.00
    Heyvandarlıq üçün otlaqların sahəsi, [kv.km] 97.00
    Əkilmiş torpaqların ümumi sahəsi, [kv.km] 243.00
    Meyvə bağlarının ümumi sahəsi, [kv.km] 37.00
    Şoran torpaqların ümumi sahəsi, [kv.km] 14.00
  • Tarixi haqqında qısa məlumat
    Ucar rayonu 24 yanvar 1939-cu ildə təşkil olunmuşdur. Ərazisi 0,85 min kvadrat kilometrdir. Əhalinin sayı 01 yanvar 2005-ci il tarixə 74800 nəfərdir. Əhalinin sıxlığı isə 1 kvadrat kilometrə 88 nəfərdir.

    Ucar rayonu ilə Bakı şəhəri arasındakı məsafə 234 kilometrdir. Rayonun tabeliyində 1 şəhər, 14 kənd ərazi vahidi vardır. Kəndlərin sayı 29-dur. Rayonun mərkəzi Ucar şəhəridir.

    Ucar rayonu 24 yanvar 1939-cu ildə müstəqil rayon kimi təşkil olunana qədər Göyçay rayonunun tərkibində olmuşdur.

    Rayonun adı, qədim yaranma tarixi haqqında müxtəlif fikirlər söyləninlir.

    Ərəb coğrafiyaşünası Əl-Sitəkrinin "Məmləkətlərin yolları" kitabında adı çəkilir.

    Ucar Azərbaycanda orta əsr şəhəri kimi qeyd olunur.

    XV əsrdə yaşamış Azərbaycan şairi Bədr Şirvaninin yazılarında Ucar sözünə rast gəlinir. Bunlardan başqa digər mülahizələrdə rayonun adının Azərbaycan dilindəki "Uçar" sözundən əmələ gəlmişdir.

    Bəzi mülahizələrə görə rayonun adı qədim Şirvanda yaşamış "Uçar" tayfasının adından götürülmüşdür. Ucar sözünün "Ucqar" sözündən götürülməsi fikrini söyləyənlər də var. Hazırda Ucar rayonunun respublikamızın mərkəzi hissəsində yerləşməsinə baxmayaraq vaxtı ilə Şirvanşahların paytaxtı Şamaxı şəhərindən ən ucqar ərazidə yerləşdiyinə görə adının "Ucqar" sözündən götürüldüyü də ehtimal olunur.

    Ucar rayonu Bakıdan 234 km qərbdə Şirvan düzündədir. Mərkəzi Ucar şəhəri olmaqla Bakı-Tbilisi dəmir yolunun, Bakı-Gəncə və Göyçay-Zərdab magistral avtomobil yollarının qovşağında yerləşir.

    Səthi ovalıqdır. Ərazinin şərq və cənub-şərq hissəsi okean səviyyəsindən aşağıda yerləşir. Antropogen çöküntüləri yayılmışdır. Boz-çəmən torpaqları vardır. Ümumi torpaq fondu 83398 hektardır.

    Su mənbələri Göyçay çayı və Türyançayın qolu olan Qarasu çayı və Yuxarı Şirvan kanalıdır. Baş Şirvan kollektoru Ucar rayonunun cənubundan keçir.

    Tuqay meşələri var. Heyvanları " canavar, çaqqal, tülkü, tarlasiçanı, qumsiçanı, bataqlıq qunduzu və sairdir. Quşları turac, qırqovul və sairdir.

    Ucar rayonu şimaldan Göyçay, şərqdən Kürdəmir, cənubdan Zərdab, qərbdən Ağdaş rayonları ilə əhatə olunur. Rayonun coğrafi mövqeyi olduqca əlverişlidir. Bakı-Tbilisi dəmir yolunun və maqistral avtomobil yolunun Ucar rayonundan keçməsi, habelə Qədim İpək yolunun bərpa olunmaqla Ucardan keçməsi yerləşdiyi yerin iqtisadi əhəmiyyətini olduqca artırır.

    Yayı quraq keçən isti, yarımsəhra və quru-çöl iqlimi vardır. Əsas kənd təsərrüfatı bitkiləri taxıl, pambıq, tərəvəzdir.

    Əsas sənaye müəssisələri Pambıq, Konserv, Asfalt, Metal və Ağac məmulatlarının istehsalı zavodlarıdır.

    XX əsrin əvvəllərində Ucarda pambıq emalı zavodu və Biyan zavodu fəaliyyət göstərmişdir.

    Əsas məşğuliyyət sahələri əkinçilik, maldarlıq, ticarətdir.

  • Bələdiyyələr haqda məlumat
    Rayonda 1 şəhər, 28 kənd bələdiyyəsi vardır.

    Rayonun ərazisində nisbətən iri bələdiyyələr aşağıdakılardır:
    Ucar bələdiyyəsi - əhalisi 16813 nəfərdir.
    Qazyan bələdiyyəsi - əhalisi 6110 nəfərdir.
    Bərgüşad bələdiyyəsi - əhalisi 5900 nəfərdir.
    Yuxarı Şilyan bələdiyyəsi - əhalisi 4392 nəfərdir.
    Qazıqumlaq bələdiyyəsi - əhalisi 4293 nəfərdir.
    Lək bələdiyyəsi - əhalisi 3740 nəfərdir.
    Alpout bələdiyyəsi - əhalisi 3592 nəfərdir.
    Qarabörk bələdiyyəsi - əhalisi 3438 nəfərdir.
    Qaracallı bələdiyyəsi - əhalisi 3400 nəfərdir.
    Boyat bələdiyyəsi - əhalisi 2566 nəfərdir.

  • İri dövlət və şəxsi müəssisələr haqda məlumat
    Rayonda “Ucar Pambıq” ASC, “Ucar Konserv” ASC, “Əvəz Bərəkət” fərdi firması, “Azqold” MMC, “Ucar Broyler” MMC, “Aqroyol İnşaat” MMC, “Müsüslü Quşçuluq” MMC, “Tikinti-67” MMC, “Saniyə” MMC və digər şəxsi müəssisələr fəaliyyət göstərir.

    Rayonda təhsil şöbəsi, Mədəniyyət şöbəsi, rayon Mərkəzi Xəstəxanası, Telekommunikasiya qovşağı, rayon Poçtamtı, Qaz İstismar İdarəsi, Paylayıcı Elektrik Şəbəkəsi, Su Kanal İdarəsi, Suvarma Sistemləri İdarəsi, Meliorasiya İdarəsi, Aqroservis filialı, 31 sayl Yol İstismar İdarəsi, Qazıqumlaq asfalt istehsalı zavodu və bütövlükdə 50-yə yaxın iri ticarət xidmət və istehsal müəssisələri fəaliyyət göstərir.

  • Televiziya, radio, qəzet və digər kütləvi informasiya vasitələri haqda məlumat
    Rayonda “Yeni söz” rayon qəzeti dərc edilir. “Yeni söz” ictimai-siyasi qəzetdir. Əsası 1941-ci ildə qoyulmuş və rayon Partiya Komitəsinin orqanı olmuşdur. Hazırda ayda bir dəfə 300 nüsxə ilkə dərc edilməklə ictimai-siyasi qəzetdir.

    Qəzetin ayrıca 2 mərtəbəli redaksiya binası vardır. Bina birtiöli layihə əsaısnda tikilmişdir. Rayonda radio, televiziya və digər kütləvi informasiya vasitələrinin rayon təşkilatları fəaliyyət göstərmir.

  • Əsas təsərrüfat fəaliyyəti haqda məlumat
    Ucar rayonu aqrar rayonu olmaqla əhalinin əsas məşğulliyəti kənd təsərrüfatıdı. Kənd təsərrüfatının əkinçilik və heyvandarlıq sahələri paralel inkişaf etdirilir. Rayon əhalisinin digər hissəsi yerli sənaye, tikinti, rabitə, meliorasiya və digər müəssisələrdə işləyirlər.
  • Əsas kənd-təsərrüfat bitkilərinin adları
    Pambıq, qarğıdalı, çəltik, taxıl, pomidor, xiyar, kartof, soğan, badımcan, yonca.
  • İri və xırda buynuzlu mal-qara haqda məlumat
    Rayonda fərdi təsərrfüatlarda iri və xırda buynuzlu mal-qara yetişdirilir. Rayon üzrə mal-qaranın sayı 93810 baş olmaqla ondan 51996 başı iri buynuzlu, 41814 başı xırda buynuzludur. Əvvəlki ilə nisbətən rayonda mal-qaranın baş sayı 1801 baş artmışdır.
  • Quşçuluq haqda məlumat
    Rayonda bəslənilən quşların baş sayı 31402 başdır. Bu sahədə rayonda 2 sex fəaliyyət göstərir və quşçuluq sənaye üsulu ilə inkişaf etdirilir.
  • İstirahət və turizm zonaları, idman kompleksləri haqda məlumat
    Ucar rayonunun mərkəzində 3000 nəfər tamaşaçı yeri olan futbol stadionu vardır. 1986-cı ildə inşa edilmişdir. Ərazisi 40000 kvadrat metrdir. Stadion "Ucar-Pambıq" Açıq Tipli Səhmdar Cəmiyyətinin balansındadır. Stadion ərazisində futbol meydançası, 400 metrlik qaçış cığırı, tennis kortu (8x16), bilyard zalı, soyunub-geyinmə otağı, sauna, 40 nəfərlik mehmanxana, voleybol meydançası və inzibatı bina vardır.

    Rayonda eyni zamanda Şahmat məktəbi fəaliyyət göstərir.

  • Avtomobil, dəmir yolları haqda məlumat
    Rayonun ərazisindən Bakı-Gəncə dəmir yolunun 50 km, Bakı-Gəncə avtomobil yolunun 52 km, Ucar-Zərdab avtomobil yolunun 19 km-lik hissəsi keçir. Rayon ərazisindən keçən avtomobil yolları 2-ci kateqoriyalıdır.
  • Tarixi və memarlıq abidələri haqda məlumat
    Ucar rayonunda hal-hazırda 8 abidə qorunub saxlanılır. Bu abidələr rayon mədəniyyət şöbəsi tərəfindən uçota alınıb, Ümumrespublika əhəmiyyətli abidə hesab olunur.

    Bunlar aşağıdakılardır:

    1. 1941-1945-ci illər Böyük Vətən Müharibəsində həlak olanların xatirəsini əks etdirən abidə. Abidə rayon Mədəniyyət evinin qarşısında ucadılmış və 1976-cı ildə inşa edilmişdir. Abidənin texniki vəziyyəti nomaldır.

    2. 1941-1945-ci illər Böyük Vətən Müharibəsində həlak olanların xatirəsini əks etdirən abidə. Abidə Şahlıq, Əlikənd, Ramal kənd İcra nümayəndəliyinin həyətində yerləşir. Abidə texniki cəhətdən normaldır. Abidə 1986-1987-ci illərdə inşa edilmişdir.

    3. "Şəhid anası" adlı monumental abidə. Abidə Ucar şəhərində "Şəhidlər Xiyaban"ında ucaldılmışdır. Abidə texniki cəhətdən normaldır. Abidə 1994-ci ildə tikilmişdir.

    4. 416-cı Taqanroq Diviziyasının xatirəsinə ucadılmış abidə. Abidə 3 saylı şəhər orta məktəbinin həyətində yerləşir. Abidə taxniki cəhətdən normaldır. 1976-1978-ci illərdə inşa edilmişdir. Diviziyanın əsası 1942-ci ilin mart-sentyabr aylarında Azərbaycan SSR Ucar rayonu ərazisində Nizami adına orta məktəbə (indiki 3 saylı orta məktəb) qoyulmuşdur. Müxtəlif vaxtlarda komandanları C.P.Starojilov, V.T.Maslov, T.A.Əliyarbəyov və başqaları olmuşdur. Diviziyanın tərkibində iki atıcı polk, topçu polku, minomyot və tank vuran qırıcı diviziyonu, torçu və qərargah batareyası, tibb-sanitar batalyonu vardı. Diviziyanın əsas tərkib hissəsini azərbaycanlılar təşkil edirdi. Diviziyada Azərbaycan dilində "Qızıl əsgər" qəzeti nəşr olunurdu. 1942-ci ilin mayında diviziyanın döyüşçüləri təntənəli hərbi and içdikdən sonra, 44-cü ordunun tərkibində Dağıstan ərazisində yerləşdirildi. Diviziya ilk sınaq döyüşlərinə 1942-ci ilin noyabrın 30-da şimali Qafqazda Mozdok rayonunda başladı. Ümumi əks-hücumda iştirak edən diviziya Staro-Lednev, Kapustino, Mozdok, Stavropol, Armavir və digər yaşayış yerlərinin azad edilməsində mühüm rol oynadı. 1943-cü ildə Taqanroq şəhərinin azad olunması uğrundakı döyüşlərdə göstərdyi yüksək əsgəri xidmətə görə diviziyaya "Taqanroq Diviziyası" Fəxri adı verildi. 1943-cü ildə Melitopol şəhərini azad etməsinə görə diviziya "Qırmızı Bayraq" ordeni ilə təltif edildi. 1944-cü ildə Nikolayev, Kişinyov və Odessa şəhərlərinin azad olunmasında iştirak etdi və bu uğurlarına görə 2-ci dərəcəli Suvorov ordeni ilə təltif edildi. 1945-ci ilin fevralında düşmənin inadlı müqavimətini qıraraq Oder sahilinə çıxdı. Sovet İttifaqı Marşalı K.Jukov diviziyanı Berlinə ilk yol açan hissə adlandırmışdı. Diviziya Berlinin qapısı sayılan Kustrin şəhərini ələ keçirdi. (bu qələbənin şərəfinə Moskvada toplardan yaylım atəşləri açılmışdı) 1945-ci il aprelin 20-də Klosserdorfu tutub və Peyxstaq üzərinə hucuma başlandı. Diviziya mayın 2-də Berlinin Branderburq darvazaları üzərində qələbə bayrağını sancdı.

    1942-ci ilin iyunundan 1945-ci ilin mayın 2-dək Ucardan Berlinə kimi 2800 kilometr müzəffər döyüş yolu keçmiş diviziya düşmənin 23 minə yaxın əsgər və zabitini məhv etmiş, 5474 nəfər əsir tutmuş, çoxlu döyüş texnikasını qənimət kimi ələ keçirmişdi. Diviziyanın 8 döyüşçüsünə "Sovet İttifaqı Qəhrəmanı" adı verilmişdi. Ümumən, diviziyanın 14369 nəfər əsgər və zabitləri, SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilmişdi. Reyxstaqın alınmasında böyük qəhrəmanlıq göstərmiş Yusif Sadıqov "Sovet İttifaqı Qəhrəmanı" adı ilə təltif edilmişdi. Diviziyanın bir çox heyət üzvü xarici ölkələrin orden və medallarına layiq görülüb.

    5. "Naməlum əsgərin" xatirəsini əks etdirən monumental abidə. Abidə Ucar pambıq təmizləmə zavodunun ərazisində yerləşir. Abidə 1981-1982-ci illərdə inşa edilmişdir. Texniki cəhətdən normaldır.

    6. Azərbaycanın böyük yazıçısı, ictimai və siyasi xadimi N.Nərimanovun heykəli Ucar Dəmir Yolu Stansiyasının qarşısında ucaldılmışdır. Abidənin texniki vəziyyəti normaldır. Abidə 1990-1992-ci illərdə tikilmişdir.

    7. "Su qülləsi" abidəsi. Abidə Dəmir Yolu vağzalının ərazisində yerləşir. Abidə 1949-1950-ci illərdə inşa edilmişdir və texniki cəhətdən yararlıdır.

    8. "Su qülləsi" abidəsi. Abidə şəhərin Ş.Fərzəliyev küçəsində yerləşir. Abidə 1953-1954-cü illərdə inşa edilmişdir və texniki cəhətdən yararlıdır.

  • Görkəmli şəxslər haqda məlumat
    1. Həbibi: Təqribən 1470-1475-ci illərdə, indiki Ucar rayonunun Bərgüşad kəndində anadan olmuşdur. Azərbaycan şairi, əsl adı mənbələrdə çəkilmir. Rəvayətə görə uşaqlıqda çobanlıq etmiş Həbibi təsadüf nəticəsində gənc yaşlarından Ağqoyunlu hökmdarı Sultan Yaqubun sarayına gətirilmişdir. Sonralar Şah İsmayıl Xətainin sarayında böyük nüfuz qazanmış, hətta Məlik üş-şüara olmuşdur. Çaldıran vuruşmasından (1514) sonra ömrünü Türkiyədə keçirmişdir. Mənbələrdə Türkiyəyə getməsinin səbəbləri barədə dəqiq məlumat yoxdur. Həbibi lirik şairdir. Lakin sənətkarlığı ilə Füzulini belə heyran edən şairin divanı dövrümüzədək gəlib çatmamışdır. Əbədi irsindən yalnız 50-yə qədər şeri (qəsidə, qəzəl, müsəddəs, tohid, qitə və sair) məlumdur. Şerlərində insan ləyaqətini, mənəvi gözəlliyi, məhəbbəti tərənnüm etmişdir. Həbibinin yaradıcılığı Azərbaycan şerinə (Şah İsmayıl Xətai, Füzuli və başqaları), ümumiyyətlə, türkdilli poeziyaya güclü təsir göstərmişdir. Şerlərinin dili əksər hallarda xalq ifadə tərzinə yaxın və sadədir. Çətin anlaşılan ərəb və fars tərkibləri azdır.

    Əsərləri: Şerlər, B. 1981; Qəsidələr, qəzəllər, "Azərbaycan klassik əbədiyyatı kitabxanası", "20 cildə", c. 3, B. 1984.

    2. Məlikballı Qurban: XIX əsrdə indiki Ucar rayonunun Məlikballı kəndində yaşamışdır. Əsasən aşıq poeziyası səpgisində şerlər qoşmuşdur. Klassik üslubda müxəmməs, qəzəl, müstəzadları da var, şerlərində məhəbbət və gözəlliyin tərənnümu ilə yanaşı dövrandan şikayət motivləri də mühüm yer tutur.

    Əsəri: şerlər, "El şairləri" kitabında (toplayanı S.Mümtaz) h-1-2, B. 1935.

    3. Zahidova Vəsilə Alı qızı: 10 mart 1922-ci ildə indiki Ucar rayonunun Yuxarı Şilyan kəndində anadan olmuşdur. Ali təhsillidir. Kənd Təsərrüfatı İnstitutunu bitirib. 1952-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub. 1943-1954-cü illərdə inzibati idarələrdə işləmiş, Boyat kənd sovetinin sədri olmuşdur. 1954-cü ildən 1983-cü ilədək "Sovet Azərbaycanı" kolxozunun sədri işləmişdir. 1960-cı illərdə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin (5,7,9-cu çağırış) deputatı olmuşdur. 2 dəfə "Lenin" ordeni, 2 dəfə "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edilmişdir. 1966-cı ildə "Sosialist Əməyi Qəhrəmanı" fəxri adını almışdır.

    2002-ci ildən Prezident təqaüdçüsüdür. Hazırda Ucar şəhəri M.Hüseynzadə küçəsi 21 saylı evdə yaşayır.

    4. Kərimova Aşafatma Hidayət qızı: 1929-cu ildə Ucar rayonunun Qarabağlı kəndində anadan olmuşdur. 1940-cı ildən 1946-cı ilə kimi ümumtəhsil məktəbində oxumuşdur. 1943-1963-cü illərdə Ucar rayonunun Qarabağlı kəndində Lenin adına kolxozda kolxozçu, manqa başçısı işləmişdir. Yüksək əmək göstəricilərinə görə 1948-ci ildə Lenin ordeni, 1950-ci ilə 2-ci dəfə Lenin ordeni ilə birlikdə Sosialist Əməyi Qəhrəmanı adını almışdır. 1963-cü ildən İttifaq əhəmiyyətli fərdi pensiyaçı olmuşdur. 2002-ci ildən Prezident təqaüdçüsüdür. Hazırda Ucar rayonunun Qarabağlı rayonunda yaşayır.

    5. Abdullayev Abdulla Qədir oğlu: 1964-cü il oktyabrın 25-də Ucar rayonunun Alpı kəndində anadan olmuşdur. Orta təhsilini Ucar rayonunun Alpı kənd orta məktəbində almışdır. 03 aprel 1983-cü ildən 25 mart 1985-ci ilə qədər hərbi xidmətdə olmuşdur. 25 mart 1985-ci ildə Əfqanıstan Respublikasında döyüşlər zamanı həlak olmuşdur. Ölümündən sonra 16 avqust 1985-ci ildə və 20 dekabr 1988-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə "Əfqanıstan Respublikasında Beynəlmiləl borcunu yerinə yetirərkən göstərdiyi hərbi rəşadətə və igidliyə görə" döyüşçü Abdullayev Abdulla Qədir oğlu 2 dəfə "Qırmızı Ulduz" ordeni ilə təltif edilmişdir.

    6. Əliyev Ehtiram İsrayıl oğlu: 1972-ci il avqust ayının 1-də Ucar rayonunun Qazyan kəndində anadan olub. Orta təhsilini Ucar rayonunun Qazyan kəndində alıb. 1992-ci ilin iyunun 5-dən 1996-cı ilin avqustuna qədər hərbi xidmətdə olub.

    1995-ci ildə vətən qarşısında borcunu yerinə yetirərkən göstərdiyi igidliyə və şücayətə görə ona Azərbaycan Respublikası Prezidentinin 1995-ci il aprel tarixli 307 saylı Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Hazırda Bakı şəhərində yaşayır.

  • Foto Albom