• Ümumi məlumat
    Ümumi ərazi, [kv.km] 810.00
    Əhalinin ümumi sayı 87981
    Kəndlərin sayı 34
    Qəsəbələrin sayı 0
    İri və orta müəssisələrin sayı 8
    Məktəbəqədər uşaq müəssisələrinin sayı 31
    Ümumtəhsil məktəblərinin sayı 47
    Texniki, orta ixtisas və peşə məktəblərinin sayı 2
    Ali təhsil müəssisələrinin sayı 1
    Xəstəxanalar və tibb müəssisələrinin sayı 13
    Mədəniyyət ocaqlarının sayı 110
  • Şəhər və iri qəsəbələrin adları
    Qazax şəhəri
  • Sərhəd rayonların, ölkələrin və ərazilərin adları
    Gürcüstan və Ermənistan respublikaları, Ağstafa rayonu
  • Əhali
    Əhalinin ümumi sayı 87981
    Şəhər əhalisinin sayı, [%] 23.30
    Kənd əhalisinin sayı, [%] 76.70
    Əhalinin orta sıxlığı 108.62
    Əhalinin cins qrupları üzrə sayı: (kişilər), [%] 49.00
    Əhalinin cins qrupları üzrə sayı: (qadınlar), [%] 51.00
    Əhalinin yaş qrupları üzrə sayı: (uşaqlar), [%] 28.15
    Əhalinin yaş qrupları üzrə sayı: (18 yaşa qədər), [%] 4.13
    Əhalinin yaş qrupları üzrə sayı: (18-dən 55-60-a), [%] 54.94
    Əhalinin yaş qrupları üzrə sayı: (təqaüdçülər), [%] 12.77
    Ali təhsilli əhalinin sayı, [%] 7.65
    Orta təhsilli əhalinin sayı, [%] 51.12
    Məskunlaşmış qaçqınların sayı 749
    Məskunlaşmış məcburi köçkünlərin sayı 7109
  • Ərazi
    Ümumi ərazi, [kv.km] 810.00
    Məhsuldar torpaqların ümumi sahəsi, [kv.km] 573.00
    Kənd təsərrüfatına yararsız torpaqların sahəsi, [kv.km] 178.00
    Heyvandarlıq üçün otlaqların sahəsi, [kv.km] 291.00
    Əkilmiş torpaqların ümumi sahəsi, [kv.km] 214.00
    Meyvə bağlarının ümumi sahəsi, [kv.km] 4.00
    Şoran torpaqların ümumi sahəsi, [kv.km] 0.00
  • Tarixi haqqında qısa məlumat
    Qazax rayonu respublikanın qərb hissəsində, Kiçik Qafqaz dağ silsiləsinin yamaclarından başlayaraq Kür çayının sağ sahili boyunca uzanan geniş Gəncə-Qazax düzənliyinin şərq hissəsində yerləşir. Rayonun ərazisi şimal-qərbdə Gürcüstan Respublikası ilə, cənub və cənub-qərbdə Ermənistan Respublikası ilə həmsərhəddir. Rayonun ərazisinin relyefi mürəkkəbdir. Ərazisindən Ağstafaçay, Coğazçay, İncəsu çayı və başqa çaylar keçir. Kür çayı sahilində dəniz səviyyəsindən hündürlük 100 metr olmaqla cənubda getdikcə tədricən 1000 metrə qədər yüksəlir. Ən hündür yüksəklik Odun dağıdır (1316 metr). Rayonun iqlim tipi qışı mülayim, yayı isti keçməsi ilə səciyyələnir.

    Qazax vaxtilə oymaq, sultanlıq, sonralar isə qəza mərkəzi olmuşdur. Qazax 1909-cu ildən şəhər statusu almış, indi rayon mərkəzidir. V.F.Minorskiyə, Z.M.Bünyadova və Ə.K.Əliyevə əsaslanan tarixçi-toponimist T.M.Əhmədov qeyd edir ki, Qazağın əsası VIII əsrdə sərkərdəsi Mərvan ibn Məhəmməd tərəfindən qoyulmuşdur. Qədim Azərbaycan dilinin tədqiqatçısı Q.Voroşityasel yazırdı ki, "Elə Qazağın özü də də yeni şəhər deyildir, onun 1270 il əvvəl də şəhər kimi mövcudluğu barədə IX-X əsr qaynaqlarında məlumatlar vardır".

    Təqribən XV əsrin sonlarında Qazax sultanlığı yaradılmışdır. Səfəvilərin dövründə Qazax sultanlığı Qarabağ bəylərbəyliyinə daxil idi.

    Qazax sultanlığının hakimləri sultan titulu və irsi hakimiyyətə malik idilər. XVI əsrin 80-ci illərində Türk ordusunun təzyiqi ilə səfəvilər Azərbaycanı tərk etdikdə Bayat, Qaçaq, Qaramanlı və başqa tayfalardan fərli olaraq Qazaxlar öz ərazilərini tərk edib İrana getmədilər. Sultanlığın başçısı Nəzər xan türklərin hakimiyyətini qəbul etmiş və bununla da mahalın müstəqilliyini əldə saxlamışdır. İkinci dəfə Azərbaycan, o cümlədən Qazax mahalı yenidən səfəvilərin hakimiyyəti altına keçəndən sonra da Nəzər xan öz hakimiyyətində qalmışdır. Hətta onun xələfi Şəmsəddin xan 1605-ci ildə I Şah Abbasdan xan rütbəsi almışdır. Osmanlılar yenidən hücum edib Qazağı aldıqdan sonra (XVIII əsrin əvvəlləri) Qazaxda inzibati ərazi bölgüsü aparmışlar. Belə ki, Qazax sancaq elan edilərək 4 nahiyyəyə bölünmüşdür. Bunlar Axtata, İncə, Türk və Cuvar nahiyyələri idi. Qazaxlıların könüllü surətdə osmanlıların tərəfinə keçməsi ilə əlaqədar Sultan III Əhmədin (1703-1730) Fərmanı ilə Qazax Sancaqbəyisi hələ səfəvilərin zamanında Qazax hakimi olmuş Mirəlibəy təyin olunmuşdur. 1728-ci ildə türklərin tərtib etdiyi "Dəftəri müfəssəli əyaləti Tiflis" dəftəri 1046 səhifədən ibarət olub, hazırda İstanbulda Başkanlıq arxivində saxlanılır. Bu dəftərin 63 səhifəsi Qazax sancaqlığına aiddir. Dəftərə görə Qazax sancaqlığında 205kənd, 10 qışlaq və 5 köçəri tayfa qeydə alınmışdır.

    Qazax sultanlığına 3 nəsil rəhbəlik etmişdir. 1-ci nəslə "Qazaxlı", "Alqazaxlı" deyilən Şıxlinskilər tayfası aiddir. Türk sultanı III Əhmədin (1703-1730) dövründə qazaxlılar osmanlıların tərəfinə keçdiyinə görə səfəvilər yenidən Qazağı geri alarkən "Qazaxlı" tayfasını rəhbərlikdən azad etmiş, onların əvəzinə iranlı Sübhanverdi xan adlı sərkərdəni Qazağa sultan təyin etmişlər. Bununla da II feodal sülaləsinə Sübhanverdi xan başçılıq etmişdir. O vaxtlar Qazax sultanlığı hələ Qarabağ bəylərbəyliyinə tabe idi. 1736-cı ildə Nadir Muğanda özünü şah elan etdi. Lakin Qarabağ bəylərbəyisi Uğurlu xan Ziyad oğlu Nadirin əleyhinə öz etirazını bildirdi. Ona görə də Nadir şahlıq taxtına əyləşəndən sonra Gəncə xanının nüfuzunu zəiflətmək üçün Qazax, Şəmsəddit və Borçalı mahallarını Kaxetiya (gürcü) çarlığına verdi. Bundan sonra Kaxetiya çarı II İraklinin Fərmanı ilə 1774-cü ildə Qazax sultanlığına rəhbərliyə Salahlıda bəylik edən Kosa Mirzalı ağanın nəslindən olan Pənah ağa rəhbər (vəkil) təyin edildi (bu tayfa sonralar Vəkilov familiyasını qəbul etmişdir). Bununla da III feodal sülaləsinin hakimiyyəti başladı. 1752-ci ildə Qazax sultanlığı II İraklini məğlub edən Şəki xanlığına birləşdirildi, Şəki xanı Hacı Çələbinin vəfatından sonra yenidən II İraklinin vassallığına keçdi. 1801-ci ildə Qazax sultanlığı qərbi Gürcüstanın təkibində Rusiyaya birləşdirildi. 1819-cu ildə Qazax sultanlığı ləğv edilərək distansiyaya çevrildi. 1867-ci il dekabrın 9-da Yelizavetpol quberniyasının tərkibində Qazax qəzasına çevrilmişdir. Qazax qəzasının ərazisi 5908, 24 kvadrat km, əhalisi 1911-ci ildə 130 min nəfər olmuşdur. 1913-cü ilin məlumatına görə Qazax qəzasında 232 sənaye malları, şirniyyat dükanı, 33 su dəyirmanı, 15 qırmızı kərpic zavodu, 1 taxta-şalban,1 gön-dəri, 17-dən artıq şərab və konyak zavodu, 1 pambıq və 1 sement zavodu olmuşdur. 1929-cu ildə Qazax qəzası ləğv olunmuşdur.

    1930-cu il avqustun 8-də Qazax rayonu yaradılmış, 1939-cu il yanvarın 24-də bir hissəsi yeni yaradılan Ağstafa rayonuna verilmişdir. 1959-cu il dekabrın 4-də Ağstafa rayonu Qazax rayonundan ayrılmışdır.

  • Bələdiyyələr haqda məlumat
    Qazax rayonunda 35 yaşayış məntəqəsi vardır. Onlardan biri Qazax şəhəri, 34-ü isə kəndlərdən ibarətdir. Hazırda 35 yaşayış məntəqəsindən 22-də bələdiyyələr fəaliyyət göstərir. Onlar Qazax, Daş Salahlı, Çaylı, Kommuna, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Birinci Şıxlı, İkinci Şıxlı, Yuxarı Salahlı, Orta Salahlı, Aşağı Salahlı, Qazaxbəyli, Kosalar, Hüseynbəyli, Canallı, Dəmirçilər, Ürkməzli, Alpout, Xanlıqlar, Ağköynək və Qarapapaq bələdiyyələridir.

    Aşağı Əskipara, Yuxarı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızıl Hacılı, Barxudarlı, Sofulu kəndləri erməni silahlı qüvvələri tərəfindən işğal olunduğuna, Cəfərli, Bala Cəfərli, Fərəhli, Abbasbəyli, Quşçu Ayrım və Məzəm kəndləri isə atəş altında olduğuna, torpaq islahatı aparılmadığına görə onlarda bələdiyyələr təşkil olunmamışdır.

  • İri dövlət və şəxsi müəssisələr haqda məlumat
    Telekommunikasiya Qovşağı, Suvarma Sistemləri idarəsi, Paylayıcı Elektrik Şəbəkəsi, Qaz İstismar idarəsi, “Su-Kanal” idarəsi, “AzRosPromİnvest” Məhdud Məsuliyyətli Cəmiyyət, “AzMosBentonit” Məhdud Məsuliyyətli Cəmiyyət, “Şahnigar” Məhdud Məsuliyyətli Cəmiyyət rayonda fəaliyyət göstərən iri dövlət və şəxsi müəssisələrdir.

    Telekommunikasiya Qovşağı 14000, Suvarma Sistemləri idarəsi 7977 , Paylayıcı Elektrik Şəbəkəsi 18913, Qaz İstismar idarəsi 8730, “Su-Kanal” idarəsi 3287 abonentə xidmət göstərir.

    “AzRosPromİnvest” Məhdud Məsuliyyətli Cəmiyyətin işçilərinin sayı 178 nəfər olmaqla illik istehsal gücü 275 min ton, “AzMosBentonit” Məhdud Məsuliyyətli Cəmiyyətin işçilərinin sayı 87 nəfər olmaqla illik istehsal gücü 15-16 min tondur. “Şahnigar” Məhdud Məsuliyyətli Cəmiyyətin işçilərinin sayı 50 nəfərdir. Müəssisənin illik istehsal gücü 2000 tondur.

  • Televiziya, radio, qəzet və digər kütləvi informasiya vasitələri haqda məlumat
    Qazax rayonunda kütləvi informasiya vasitələrindən “Göyəzən” ictimai-siyasi qəzeti fəaliyyət göstərir. Qəzetin təsisçisi Qazax rayonu İcra hakimiyyəti və qəzetin redaksiya heyətidir. Qəzet 1932-ci ildən fəaliyyətə başlamışdır. Əvvəllər “Kommuna yolu”, “Qalibiyyət Bayrağı” adı ilə nəşr olunmuşdur. 1988-ci ildə qəzetin adı dəyişdirilərək “Göyəzən” adlandırılmışdır.

    Qəzetin ay ərzində 3, ildə isə 36 nömrəsi min tirajla çap olunur. Qəzetin materialları redaksiyanın kompüter mərkəzində yığılaraq Bakı şəhərində “Express-Servis” mətbəəsində çap olunur.

    Qəzetin səhifələrində Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyev cənablarının imzaladığı Fərman və Sərəncamlar, onların icrası ilə əlaqədar yazılar geniş əks olunur.

    Respublikamızın və rayonun ictimai-siyasi, iqtisadi həyatında baş vermiş hadisələrlə, tikinti, abadlıq və quruculuq işləri ilə, əhalinin , rayonun sərhəd kəndlərinin sosial problemlərinin həlli ilə, əhalinin aztəminatlı təbəqələrinə, Qarabağ əlilləri və şəhid ailələrinə, məcburi köçkünlərə göstərilmiş diqqət və qayğı ilə bağlı yazılara qəzetin səhifələrində daha geniş yer verilir.

  • Əsas təsərrüfat fəaliyyəti haqda məlumat
    Rayonun təsərrüfat fəaliyyəti çoxsahəli və genişdir. Burada əsas yeri kənd təsərrüfatı bitkiləri və heyvandarlıq məhsulları tutur.

    1 iyul 2008-ci il tarixə keçən ilin müvafiq dövrü ilə müqayisədə mal-qaranın baş sayı 936 baş (cəmi 28464 baş), o cümlədən ana inəklər 571 baş (cəmi 14822 baş), davarların (qoyun və keçi) sayı 592 baş (cəmi 165494 baş) , ət istehsalı 23 ton (cəmi 2168 ton), süd istehsalı 95 ton (cəmi 8600 ton), yun istehsalı 2 ton (cəmi 262 ton), yumurta istehsalı 110 min ədəd (cəmi 4930 min ədəd) çox olmuşdur. Bu il quşların baş sayı 2538 baş artaraq 180982 baş olmuşdur.

    1 iyul 2008-ci il tarixə 10 hektar sahənin kartofu yığılmış, 100 ton məhsul əldə olunmuşdur. İndiyədək 113 hektar tərəvəz sahəsindən 2900 ton məhsul istehsal edilmişdir ki, bu da keçən ilə nisbətən 1910 ton çoxdur. Meyvə istehsalı isə 435 ton olmuşdur ki, bu da keçən ildəkindən 175 ton çoxdur. 21 iyul 2008-ci il tarixə 7330 hektar taxıl sahəsi biçilmiş, 21330 ton məhsul istehsal olunmuşdur. Hektardan məhsuldarlıq 29,1 sentnerdir ki, bu da keçən ilə nisbətən 1,1 sentner çoxdur.

  • Əsas kənd-təsərrüfat bitkilərinin adları
    Taxıl, kartof, üzüm, meyvə, tərəvəz, günəbaxan, qarğıdalı, bostan, paxlalı bitkilər və yonca.
  • İri və xırda buynuzlu mal-qara haqda məlumat
    İri buynuzlu mal-qaranın baş sayı 28464, davarların (qoyun və keçi) baş sayı isə 165494-dür.
  • Quşçuluq haqda məlumat
    Hazırda rayonda quşların baş sayı 180982-dir. Bu keçən ilin müvafiq dövrü ilə müqayisədə 2538 baş çoxdur.
  • İstirahət və turizm zonaları, idman kompleksləri haqda məlumat
    Qazax rayonu üzrə 4 istirahət və turizm zonası müəyyən edilmişdir.

    1. Qazax şəhəri üzrə istirahət və turizm zonası. Buraya 19 marşrut daxildir.

    2. Qazax -Qırmızı Körpü İstirahət və Turizm zonası. Bu zonaya 8 marşrut daxildir.

    3. Qazax-Ağköynək-Xanlıqlar İstirahət və Turizm zonası. Bu zonaya 10 marşrut daxildir.

    4. Qazax-Daş Salahlı-Abbasbəyli İstirahət və Turizm zonası. Bu zonaya 12 marşrut daxildir.

    Göstərilən marşrutlara Heydər Əliyev Mərkəzi, Tarixdiyarşünaslıq muzeyi, Dövlət Rəsm Qalereyası, M.P.Vaqif və M.V.Vidadinin Xatirə muzeyi, Cümə məscidi, İsrafilağanın hamamı, Seminariya binası, Mütəfəkkirlər parkı, İsmayıl Şıxlı parkı, Şəhidlərin xatirəsinə abidə kompleksi, Ana və Uşaq parkı, Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə abidə kompleksi, Olimpiya kompleksi, Dədə Qorqud abidə kompleksi, S.Vurğunun memorial borelyefi, Dilboz at abidə kompleksi, S.Vurğunun Poeziya evi, M.P.Vaqifin heykəli, Hacı Mahmud Əfəndinin türbəsi, Hacı Mahmud Əfəndi məscidi, M.V.Vidadinin qəbirüstü abidəsi, Tahir İsayevin ev muzeyi, Qırmızı Körpü, Nohur bulağı, Vəlixan meşəsi, Kar Qaya, Ağstafaçay su anbarı, Didəban qülləsi, Bayram bulağı, Baba-Dəvriş yaşayış məskəni, Xanlıqlar qədim yaşayış yeri, Türbə, Damcılı bulağı, Məmmədkoxa bulağı, Koroğlu məbədi, Damcılı məbədi, Alman məbədi, Daş su anbarı və Su hovuzu, Coğaz gölü, Göyəzən dağı, Göyəzən qalası və digər təbiət mənzərələri, arxeoloji, memarlıq və tətbiqi sənət əsərləri daxildir.

    Göründüyü kimi, bu zonalara daxil olan marşrutların hamısı arxeoloji, memarlıq və tətbiqi sənət nümunələri ilə zəngindir. Onlardan Qırmızı Körpü memarlıq, Damcılı və Baba-Dərviş yaşayış məskənləri arxeoloji abidələr olmaqla dünya əhəmiyyətli abidələrdir.

    Hazırda rayonda təlim-məşq və sağlamlıq məşğələləri üçün 115 idman qurğusu fəaliyyət göstərir. 1 Olimpiya İdman Kompleksi, 1 Şəhər Stadionu, 1 Kompleks İdman Qurğusu, 2 Üzgüçülük Hovuzu, 29 təhsil müəssisələrinin idman zalları, 115 sadə idman qurğuları, 1 Atıcılıq Tiri, 5 Aerobika trenajor zalı həmin istiqamətdə fəaliyyət göstərirlər.

  • Qoruqlar haqda məlumat
    Qazax rayonunda “Avey” Dövlət Qoruğu fəaliyyət göstərir. Qoruq 1989-cu ildə yaradılmışdır. Qoruğun ərazisində elmi-tədqiqat işləri aparmaq üçün Əskipara, Göyəzən və Damcılı filialları yaradılmışdır. Qoruq əsasən tarix, mədəniyyət, memarlıq, etnoqrafiya, bədii və digər folklorşünaslıqla məşğuldur. Qoruğun ərazisində yüzlərlə tarix və mədəniyyət abidələri vardır. Onlar Qoruğun əsas mülkiyyəti hesab olunur. Bu abidələrdən 15-i memarlıq, 36-ı arxeoloji və 5-i dekorativ tətbiqi sənət nümunələridir.

    Qoruq rayonun müxtəlif qədim tarixi dövrlərə aid olan arxeoloji və memarlıq abidələrini, etnoqrafiya materiallarını tədqiq edib öyrənir.

  • Avtomobil, dəmir yolları haqda məlumat
    Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun 44 kilometri, Qazax-Uzuntala-Ermənistan avtomobil yolunun 15 kilometri Qazax rayonunun ərazisindən keçir. Onların hər ikisi ikinci kateqoriyalı yoldur.

    Rayonun ərazisindən keçən dəmir yolunun uzunluğu 28 km-dir. İşğal altında olduğuna görə onun 22 km-dən istifadə olunmur. Həmin yol da ikinci kateqoriyalı yoldur.

  • Tarixi və memarlıq abidələri haqda məlumat
    Qazax rayonunun tarixi qədim və zəngin olduğu kimi onun tarix, memarlıq və incəsənt abidələri də qədim və zəngindir.

    Rayonda dünya, ölkə və yerli əhəmiyyətli 112 tarixi abidə var. Onlardan 54-ü arxeoloji, 46-sı memarlıq, 7-si monumental-tarixi abidə, 5-i dekorativ-tətbiqi incəsənt abidələridir.

    Rayonun məşhur abidələri aşağıdakılardır:

    1. Səməd Vurğunun Poeziya evi - Yuxarı Salahlı kəndinə yerləşir. 17 noyabr 1976-cı ildə S.Vurğunun anadan olmasının 70 illiyi ilə əlaqədar açılmışdır. Poeziya evində S.Vurğunun həyat və yaradıcılığını əks etdirən eksponatlar nümayiş etdirilir. Poeziya evi yerli əhəmiyyətli monumental və xatirə abidələri siyahısına daxildir.

    2. Tarix-Diyarşünaslıq muzeyi 1984-cü ildə yaradılmışdır. 10 otaqdan ibarət olan muzeyin 1000-dən çox eksponatı var. Muzey Qazağın müxtəlif mərhələləri, etnoqrafiyası, sosial və iqtisadi həyatı, görkəmli adamları barədə məlumatlar verir.

    3. Qazax Dövlət Rəsm Qalereyası - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 13 fevral 1986-cı il tarixli əmrinə əsasən yaradılmışdır. Qalereyada 828 ədəd eksponat var. Qalereyanın əsas vəzifəsi və fəaliyyət istiqaməti əhali arasında müasir, milli və dünya təsviri, dekorativ tətbiqi sənət əsərlərini təbliğ etməkdir.

    4. Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin xatirə muzeyi - 1970-ci ildə M.P.Vaqifin xatirə muzeyi kimi yaradılmış və Respublika Nazirlər Kabinetinin 02 avqust 2002-ci il tarixli 122 nömrəli qərarına əsasən M.P.Vaqifin və M.V.Vidadinin xatirə muzeyi adlandırılmışdır. Muzeydə 1144 eksponat nümayiş etdirilir.

    5. Qazax Müəllimlər Seminarıyasının binası - 1910-cu ildə inşa edilmişdir. 1918-ci ildə Firudinbəy Köçərli Qori Seminariyasının Azərbaycan şöbəsini Qazağa köçürəndə Qazax rayonunun Kosalar kənd sakini Məşədi İbrahim ağa şəxsi mülkü olan həmin binanı təmənnasız olaraq Seminariyaya bağışlamışdır. Qazax müəllimlər seminariyası 1918-ci ildən 1959-cu ilədək fəaliyyət göstərmiş, həmin müddətdə seminariyada 3 minədək kadr hazırlanmışdır.

    6. İsrafil ağanın hamamı - XX əsrin birinci onilliyində tikilmişdir. Hamam Qıraq Kəsəmən kənd sakini İsrafil ağa Kərbalayevin şəxsi vəsaiti ilə tikilmişdir. Qoşa kümbəzli bu hamam yerli əhəmiyyətli abidələr siyahısına daxildir.

    7. Damcılı mağarası - Daş Salahlı kəndində Avey dağının cənub-şərqində yerləşir. Sahəsi 360 kvadrat kilometrdir. Mağarada aparılan qazıntılar zamanı orta və üst paleolitə, mezolit və neolitə, tunc və orta əsrlərə aid materiallar tapılmışdır. Qazıntılar zamanı 8 mindən artıq arxeoloji materiallar tapılıb. Damcılı mağara düşərgəsi dünya əhəmiyyətli abidələr sırasına daxildir.

    8. Hacı Mahmud Əfəndinin türbəsi (Göy türbə) - Qazax rayonunda Aslanbəyli kəndindədir. 1896-cı ildə inşa edilmişdir. Türbə Hacı Mahum Əfəndi sağ ikən tikilmişdir. Hacı Mahmud Əfəndinin türbəsi yerli əhəmiyyətli abidələr siyahısına daxildir.

    9. Sınıq Körpü - Qazax rayonunun İkinci Şıxlı kəndində Ehram (Xram) çayı üzərindədir. XII əsrdə inşa edilmiş bu körpü dörd aşırımlıdır. Sınıq körpü üslubuna görə qədim Gəncə və Xudafərin körpüləri ilə eynilik təşkil edir. Körpü dünya əhəmiyyətli aibdələr siyahısına daxildir.

    10. Didevan dağı - Xanlıqlar kəndi ərazisində yerləşir. VI-VII əslərə aiddir. Müdafiə xarakterli bu abidə memarlıq nümunəsi kimi ölkə əhəmiyyətli abidələr syahısına aiddir.

    11. Göyəzən dağı - Abbasbəyli kəndi ərazisindədir. Hündürlüyü dəniz səviyyəsindən 857,9 m yüksəklikdədir. Bu dağ Mərkəzi Amerikadakı Mon Peledən sonra dünyada ikinci nadir geoloji abidədir. Ölkə əhəmiyyətli abidələr siyahısına aiddir.

    12. Baba Dərviş yaşayış məskəni - Dəmirçilər kəndi ərazisindədir. Baba Dərviş yaşayış məskənində dini abidə olan 3 türbə var. Baba Dərvişdə aparılan qazıntılar zamanı gil və saxsı qablar, əmək alətləri, heyvan heykəlləri tapılmışdır. Tunc dövrünə aid olan bu abidə düyna əhəmiyyətli abidələr siyahısına daxildir.

    13. Kazım körpüsü - Yuxarı Əskipara kəndinin ərazisindədir. Tarixi məlum deyil. Bu körpü qədim Xalxal şəhərinin inkişaf etmiş dövrünə, Şəmsi xanın hakimiyyəti vaxtına təsadüf edir. Memarlıq abidəsi olan Kazım körpüsü yerli əhəmiyyətli abidələr siyahısına daxildir. Hazırda işğal altındadır.

    14. Cümə məscidi - Qazax şəhərindədir. 1902-ci ildə Kəsəmənli Axund Hacı Zeynalabdin Məhəmmədəli oğlunun təşəbbüsü ilə tikilmişdir. Baş ustası mahir bənna Müzəffər Hüseynovdur. Məscidin layihəsi Təbrizdən gətirilib. Məscid yerli əhəmiyyətli abidələr siyahısına daxildir.

    15. Aslanbəyli məscidi - 1909-cu ildə Aslanbəyli kənd sakini Həmid Əfəndinin sifarişi əsasında tikilib. Məsciddə yerli dindar və möminlər ibadət edirlər. Məscid yerli əhəmiyyətli abidələr siyahısına daxildir.

    16. Santəpə - Qazax şəhərinin qərbində çiy kərpic və çay daşlarından inşa edilmişdir. E.ə. IX-VIII əsrlərə aid edilən bu abidədə tapılan əşyalar burada 1000 ilə yaxın müddətdə yaşayış davam etdiyini göstərir. Santəpə dəmir dövrünə aid arxeoloji abidədir.

    17. Daş Salahlı mağaraları - Avey dağının cənub-qərb ətəklərində yerləşir. Mağarada aparılan qazıntılar zamanı mustye (orta paleolit) dövrünə aid bıçaqlar, qaşovlar və s. aşkar edilmişdir.

    18. Avey Alban məbədi - Avey dağının cənub zirvəsində 992,5 m yüksəklikdədir. Məbəd V-VI əsrlərə aiddir. Firuzə Muradovaya və Cəfəqulu Rüstəmova görə əvvəllər bu məbədin adı "Ay evi" olub. "Avey" sözü də buradan götürülmüşdür.

    19. Qazaxbəyli təpələri - Qədim Qazaxbəyli kəndinin yaxınlığında e.ə. VIII-VI əsrlərə aid yaşayış yerləri və qəbiristanlıqlar aşkarlanmışdır. Qəbirlərdə gil qablar, tunc kəmər, dəmir dəstəkli tunc qılınc və başqa əşyalar aşkar edilmişdir.

    20. Şıxlı insan düşərgəsi - Birinci Şıxlı kəndinin yaxınlığında aşkar olunmuşdur. Aparılmış qazıntılar zamanı 1023 məmulat tapılmışdır. Burada Uzundərə, Çınqıltəpə, Acıtəpə mustye yaşayış məskənləri də aşkar edilmişdir.

  • Ermənistanın işğalı nəticəsində dağıdılmış mədəni abidələr haqda məlumat
    Yuxarı Əskipara kəndi ərazisindəki "Qatır körpüsü", "Kazım körpüsü", V-VIII əsrlərə aid məbəd, yeraltı su kəməri, XVII əsrə aid qüllə, "Qulucanlı" körpüsü, Qədim hamamın qalıqları, "Koroğlu" qülləsi, türbə, orta əsrlərə aid şəhərin qalıqları, Aşağı Əskipara kəndində memarlıq abidəsi olan dəyirman, Alban kilsəsi, Məzəm kəndində olan "Məzəm körpüsü" hazırda erməni silahlı birləşmələrinin işğalı altındadır. Xanlıqlar kəndi ərazisində olan "Atəşpərəstlər" daxması, Daş Salahlı kəndi ərazisində olan "Qədir körpüsü" minalanmış sahədədir.
  • Görkəmli şəxslər haqda məlumat
    Qazax rayonundan çıxmış görkəmli şəxsiyyətlər aşağıdakılardır:

    1. Əliağa Şıxlinski - (1865-1943) artilleriya general-leytenantı, "Rus artilleriyasının Allahı" adı ilə məşhurdur.
    2. Fərruxağa Qayıbov - (1889-1916) ilk azərbaycanlı hərbi təyyarəçi, ölümündən sonra 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif edilmişdir.
    3. Nigar Şıxlinskaya - (1878-1931) ilk azərbaycanlı tibb bacısı.
    4. İbrahimağa Vəkilov - (1853-1934) general, ilk azərbaycanlı hərbi topoqraf.
    5. Xədicə Qayıbova - (1893-1938) ilk azərbaycanlı pianoçu qadınlardan biri.
    6. Məmmədrza Vəkilov - (1884-1944) Bakıda ilk poliklinika xidmətinin təşkilatçısı.
    7. Əhməd Seyidov - (1892-1977) professor, əməkdar elm xadimi, Azərbaycanda pedaqoji fikir tarixinin ilk tədqiqatçılarından biri.
    8. Cavadbəy Şıxlinski - (1876-1940) general-mayor, diviziya komandiri.
    9. İbrahim ağa Usubov - (1872-1920) genaral-mayor, diviziya komandiri.
    10. Məşədi İbrahim bəy - xeyriyyəçi. 17 otaqdan ibarət mülkünü 1918-ci ildə Qazax Müəllimlər Seminariyasına bağışlamışdır.
    11. Çingiz ağa Dilbozov - (1857-1942) xeyriyyəçi. Qazax şəhər Poliklinikasının binasını tikdirmişdir.
    12. Mirzə Hüseyn Əfəndi Qayıbov - (1830-1917) Zaqafqaziya Ruhani İdarəsinin rəisi.
    13. Molla Vəli Vidadi - (1707-1809) görkəmli Azərbaycan şairi.
    14. Molla Pənah Vaqif - (1717-1797) görkəmli Azərbaycan şairi və ictimai xadim. Qarabağ xanının vəziri olmuşdur.
    15. Əbdürəhmanağa Dilbazoğlu - Azərbaycanın ilk istiqlal şairi. XVIII əsrin II yarısı, XIX əsrin əvvəllərində yaşamışdır.
    16. Mustafa ağa Arif - şair.
    17. Kazım ağa Salik - (1781-1842) gökəmli Azərbaycan şairi. Molla Pənah Vaqif ənənələrini öz şerlərində yaşatmaqdır.
    18. Yəhyabəy Qazaği - (--- 1941) şair. Molla Vəli Vidadinin oğul, Molla Pənah Vaqifin qız nəvəsidir.
    19. Hacırəhim ağa Vəhidi - (1822-1874) sufi dünyagörüşlü şair olmuşdur.
    20. Şahniyar ağa Rənçur - (1850-1890) sufi ruhlu şerlər yazıb.
    21. Abbas ağa Nazir - (1849-1919) şair-tərcüməçi.
    22. Hacıkərim Sanılı - (1978-1938) şair-pedaqoq.
    23. Abdullabəy Divanbəyoğlu - (1883-1936) yazıçı.
    24. Muxtar Hacıyev - (1876-1938) 1921-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin ilk sədri seçilmişdir.
    25. Səməd Vurğun - (1906-1956) Azərbaycanın xalq şairi (Azərbaycanda ilk dəfə bu ada layiq görülüb).
    26. Mehdixan Vəkilov - (1902-1975) professor, əməkdar elm xadimi.
    27. Osman Sarıvəlli - (1905-1990) Azərbaycanın xalq şairi.
    28. Mehdi Hüseyn - (1909-1964) Azərbaycanın xalq yazıçısı. Görkəmli yazıçı-dramaturq, tənqidçi.
    29. Mirvaid Dilbazi - (1912-2001) Azərbaycanın xalq şairi (Qadın şairlər arasında Azərbaycanda ilk dəfə bu ada layiq görülmüşdür).
    30. Əminə Dilbazi - (1919) baletmeyster. Azərbaycanın xalq artisti.
    31. Əlazan Baycan (Hacı Həsənzadə) - (1913-1989) şair-həkim. Almaniyanın Freyburq şəhərində şəxsi klinikası olmuşdur.
    32. İsmayıl Şıxlı - (1919-1995) Azərbaycanın xalq yazıçısı, alim-pedaqoq, ictimai-siyasi xadim.
    33. Elmira Hüseynova - (1933-1995) heykəltəraş.
    34. Fatma Vəkilova - (1912-1987) professor, geologiya-minerologiya elmləri doktoru.
    35. Sayad Zeynalov - (1886-1942) "Müqəddəs Georgi" ordeninin 4-cü dərəcəsi ilə təltif edilmişdir.
    36. Nazim Əfəndiyev - (1926-1998) professor, Respublikanın əməkdar həkimi. Uzun müddət akademik Zərifə Əliyeva adına göz xəstəlikləri İnstitutunun direktoru işləmişdir.
    37. Yusif Səmədoğlu - (1935-1998) Azərbaycanın xalq yazıçısı. İlk çağırış Milli Məclisin üzvü olmuşdur.
    38. Vaqif Səmədoğlu - (1939) Azərbaycanın xalq şairi. Dramaturq-publisist. Milli Məclisin üzvüdür.
    39. Musa Qocayev - (1932-1993) yazıçı, uzun müddət Dövlət Təhlükəsizlik orqanlarında işləmişdir.
    40. Teymur Bünyadov - (1928) akademik, tarixçi-etnoqraf.
    41. Ədalət Nəsibov - (1939) saz ustası, əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü.
    42. Tahir İsayev "Serafino" - (1922-2001) İtaliyanın Milli Qəhrəmanı.
    43. Alı Mustafayev - (1952-1991) Azərbaycanın Milli Qəhrəmanı.
    44. Aqil Musayev - (1974-1994) Azərbaycanın Milli Qəhrəmanı.
    45. Mərifət Nəsibov - (1972-1992) Azərbaycanın Milli Qəhrəmanı.
    46. Şamoy Çobanov - (1965-1990) Azərbaycanın Milli Qəhrəmanı.
    47. Firudin Şamoyev - (1962-1992) Azərbaycanın Milli Qəhrəmanı.
    48. Bəxtiyar Allahverdiyev - (1909-1974) Sosialist Əməyi Qəhrəmanı.
    49. Əsgər Eminov - (1924) Sosialist Əməyi Qəhrəmanı.
    50. Cahandar Yaqubov - (1892-1967) Sosialist Əməyi Qəhrəmanı.
    51. Əsmər Məmmədova - (1910-1988) Sosialist Əməyi Qəhrəmanı.
    52. Hacımurad Murğuzov - (1910-1988) Sosialist Əməyi Qəhrəmanı.
    53. Alı Süleymanov (1880-1959) Sosialist Əməyi Qəhrəmanı.
    54. Murtuz Carçıyev - (1910-1985) Sosialist Əməyi Qəhrəmanı.
    55. Məcid Şərifzadə - (1908-1995) Sosialist Əməyi Qəhrəmanı.
    56. Məhəmməd Əliyev - (1910-1996) Sosialist Əməyi Qəhrəmanı.
    57. İmran Mirzəyev - (1910-1983) Sosialist Əməyi Qəhrəmanı.

  • Foto Albom
    Heydər parkı. Heydər parkı. Dədə Qorqud abidə kompleksi. Mütəfəkkirlər parkı. Mütəfəkkirlər parkı.
    İsmayıl Şıxlı parkı. Göyəzən  dağı. Avey dağı. Qırmızı körpü. Babadərviş yaşayış məskəni.
    Didəban qülləsi. Hacı Mahmud Əfəndinin türbəsi. Qazax  cümə məscidi. Molla Vəli Vidadinin qəbirüstü abidəsi. Damcılı bulağı.
    Didəban su anbarı. Rəsm qalereyası. Səməd Vurğunun poeziya evi. Səməd Vurğunun heykəli. Molla Vəli Vidadinin və Molla Pənah Vaqifin qoşa heykəli.
    Birinci Şıxlı kəndində Tahir İsayevin-Serafino ev muzeyi. Qazax müəllimlər seminariyasının binası. AMİ-nin   filialının binası. M.Hüseyn adına İnternat orta məktəbi. Olimpiya İdman Kompleksi.
    Diaqnostika Mərkəzi. Dəmirçilər kəndində 200 yerlik yeni məktəb binası. Qarabağ və şəhid ailələri üçün tikilmiş 16 mənzilli yaşayış binası.