AZƏRBAYCANDA TEATR SƏNƏTİNİN YARANMASI VƏ İNKİŞAFI

Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Qədim tarixə malik "Sayaçı", "Novruz", "Gəvsəç" kimi mərasimlərdə xor, rəqs və dialoqla yanaşı, dramatik süjetə, hərəkətə, bəzən isə bədii surətə də rast gəlinir. "Novruz" mərasiminin mühüm epizodunu təşkil edən "Kosa-kosa" oyunu əsl teatr örnəyidir. Burada ardıcıl süjet, dramatik hərəkət, həmçinin xüsusi paltar geyinən maska taxan aktyor vardır. Bir neçə gün davam edən toy mərasimlərində ifa olunan "Xan-xan", "Mütriblərin rəqsi", "Gəlinlə qayınananın deyişməsi" və s. epizodlar, burada oyun və tamaşa ünsürlərinin müstəqil əhəmiyyət kəsb etdiyini göstərir. Ozan-aşıq məclislərində, "Zorxana" səhnələrində, kəndirbazların çıxışlarında, habelə qədimdə el arasında geniş yayılan "Yuğ" mərasimində də meydan teatrı ünsürləri güclü olmuşdur.

Azərbaycan professional teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır.

Azərbaycan teatrının tarixi M.F.Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanın vəziri" və "Hacı Qara" tamaşalarından başlanır. H.Zərdabinin təşəbbüsü, N.Vəzirov və Ə.Adıgözəlovun (Gorani) yaxından iştirakı ilə realni məktəbin şagirdləri tərəfindən göstərilən bu ilk həvəskar tamaşalar milli teatrın yaranması üçün qüdrətli təkan idi.

Qabaqcıl Azərbaycan ziyalıları, sonralar Qori seminariyasını bitirən müəllimlər Şuşa, Naxçıvan və başqa şəhərlərdə teatr tamaşaları düzəldir, eyni zamanda, bu tamaşalarda "aktyor" kimi çıxış edirdilər. Şuşada qabaqcıl müəllim və ziyalı qüvvələri Y.Məlik-Haqnəzərovun rəhbərliyi ilə yay tətilləri zamanı klubda və Xandəmirovun teatrında müntəzəm surətdə tamaşalar təşkil edir, M.F.Axundovun komediyalarını ("Xırs-quldurbasan", "Müsyö Jordan və dərviş Məstəli şah") oynayırdılar.

M.F.Axundovun əsərlərindən ibarət tamaşalar verildiyi bəllidir. 1876-cı ildən M.F.Axundovun komediyaları Tiflisdə də oynanılmışdır (Azərbaycan dilində). Qabaqcıl ziyalılardan bir sıra komediya və vodevillərin müəllifi N.Vəzirov, B.Bədəlbəyov, Ə.Vəlibəyov, F.Köçərli, H.Sarıcalinski, Muxtar Muradov, İ.Şəfibəyov, məşhur xanəndə Cabbar Qaryağdıoğlu (Şuşa), M.Sidqi, C.Məmmədquluzadənin qardaşı Mirzə Ələkbər, dramaturq E.Sultanov (Naxçıvan), R.Əfəndiyev (Nuxa) və başqalarının fəaliyyəti özəlliklə qeyd olunmalıdır. 70-80-cı illərdə Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən teatr həvəskarları tədricən Bakıdakı teatr xadimləri ətrafında formalaşmağa başlayırlar. Ona görə də Bakının teatr həyatı 80-ci illərin axırlarına doğru yenidən canlanır və burada əsl mənada müəyyən bir teatr kollektivinin yaranmasına səbəb olur. 1887-ci ildən etibarən Bakıdakı teatr dəstəsinə H.Mahmudbəyov, S.M.Qənizadə və N.Vəliyev başçılıq edirlər. Onlar həmin dəstəni xeyli qüvvətləndirərək, truppa halına saldılar və bu truppa 1888-ci ildən artıq müstəqil teatr kollektivi kimi fəaliyyətə başladı.

1896-cı ildə H.Zərdabi Bakıda "Birinci müsəlman dram truppası" adlı ilk professional teatr kollektivini təşkil etdi. 1897-ci ildə Bakıda ilk dəfə "Artistlər ittifaqı" yaradıldı. İnqilaba qədərki Azərbaycan teatrının repertuarı milli dramaturqların — M.F.Axundov, N.Vəzirov, H.Vəzirov, N.Nərimanov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə və başqalarının pyeslərindən tərtib olunur, həmçinin rus (N.V.Qoqol, İ.S.Turqenev, L.N.Tolstoy) və Qərbi Avropa (V.Şekspir, F.Şiller, H.Heyne, J.B.Molyer) klassiklərinin əsərləri ilə zənginləşdirilirdi. Azərbaycan teatrı ilk illərdən maarifçilik və demokratik ideyalara sadiq idi. M.F.Axundovun komediyaları ilə yanaşı, N.Vəzirovun "Müsibəti Fəxrədin", "Yağışdan çıxdıq, yağmura düşdük", Ə.Haqverdiyevin "Dağılan tifaq", "Bəxtsiz cavan", "Ağa Məhəmməd şah Qacar", N.Nərimanovun "Nadanlıq", "Nadir şah" pyeslərində feodal adətlər, mülkədar-kapitalist quruluşunun zülm və despotizmi cəhalətpərəstlik ifşa olunurdu.

1906-cı ildə Bakıda "Müsəlman dram artistləri" şirkəti yaradıldı. "Şirkət"ə məşhur teatr xadimi C.Zeynalov rəhbərlik edirdi. Təqiblərə, maddi çətinliklərə baxmayaraq, "Şirkət" arası kəsilmədən tamaşalar verir, repertuarını genişləndirirdi.

1910-cu ildə "Səfa" adlı yeni mədəni maarif cəmiyyəti və onun yanında teatr şöbəsi yaradıldı. "Səfa" cəmiyyətinin dram truppası "Nicat"a nisbətən xeyli zəif idi. Ancaq "Nicat"ın aktyorları tədricən "Səfa"ya keçirdilər. Cəmiyyətin işində D.Bünyadzadə, şair Səməd Mənsur, aktyorlardan C.Zeynalov, A.M.Şərifzadə fəal iştirak edir, teatr tamaşalarına "Nicat"dan H.Ərəblinski, M.A.Əliyev, S.Ruhulla, H.Sarabski və b. vaxtaşırı dəvət olunurdular. "Səfa" truppasının işində nəzəri cəlb edən cəhətlərdən biri də onun istər Azərbaycanın şəhər və kəndlərində, istərsə də daha geniş dairədə (Güney Qafqaz, Orta Asiya, Quzey Qafqaz, İran şəhərlərində, Həştərxanda, Kazanda və s.) qastrol tamaşaları təşkil etməsi idi. Ümumiyyətlə istər "Nicat", istərsə də "Səfa" cəmiyyətləri Azərbaycan teatrının təşkilat və yaradıcılıq baxımından möhkəmləndirilməsində müəyyən rol oynadılar. 1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda ilk milli opera — Ü.Hacıbəyovun "Leyli və Məcnun" əsərinin tamaşası ilə Azərbaycan professional musiqili teatrının əsası qoyuldu. Musiqili teatrın yarandığı ilk illərdə onun repertuarını Ü.Hacıbəyovun 1908-1913-cü illərdə yaratdığı "Leyli və Məcnun", "Şeyx Sənan", "Rüstəm və Zöhrab", "Şah Abbas və Xurşid Banu", "Əsli və Kərəm" operaları, "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyaları təşkil edirdi. Sonrakı illərdə Azərbaycan musiqili teatrının repertuarı Z.Hacıbəyov ("Aşıq Qərib" operası, "Əlli yaşında cavan", "Evli ikən subay" musiqi komediyaları), M.Maqomayev ("Şah İsmayıl"), M.M.Kazımovski ("Vurhavur" musiqili komediyası), M.C.Əmirov ("Seyfəlmülk" operası) və başqalarının əsərləri ilə zənginləşdi.

1916-cı ildə C.Məmmədquluzadənin "Ölülər" komediyasının tamaşaya qoyulması Azərbaycan teatrının ideyaca yetkinləşdiyini göstərən bir olay idi. Bu tamaşa mövhumat və cəhalət, yalan və zülm dünyasına qarşı bir ittihamnamə kimi səslənərək böyük uğur qazandı.1917-ci ildə Bakıda "Müsəlmən artistləri ittifaqı" yaradıldı. A.M.Şərifzadə ittifaqa sədr seçildi. İttifaq bütün teatr dəstələrini öz ətrafına toplayaraq, yoldaşlıq münasibətləri əsasında tamaşalar verirdi. Ancaq bu ittifaq 1918-ci ilin mart ayınadək fəaliyyət göstərə bildi. Mayılov teatrının anterprenyorları binada Azərbaycan aktyorlarının çıxış etməsinə imkan vermirdilər. Aktyorların çoxu qastrol səfərlərində idi. Yalnız Ü. və Z.Hacıbəyov qardaşlarının truppası nisbətən müntəzəm fəaliyyət göstərirdi.

Truppa öz tərkibində dram, opera və operetta artistlərini birləşdirirdi. Qabaqcıl, demokratik ideyalarla sıx bağlı olan Azərbaycan teatrı xalqın mədəni inkişafında mühüm rol oynamışdı. Ancaq, eyni zamanda bu illərdə teatr hələ yüksək səhnə mədəniyyəti səviyyəsinə qalxmamışdı.