ÜMUMİ MƏLUMAT

Demokratik inkişaf yolu seçən bütün sivil dövlətlərdə olduğu kimi ölkəmizdə də vətəndaş cəmiyyəti quruculuğu özünəməxsus tarixi inkişaf yolu keçmişdir. İctimai sektorun inkişafı üçün zəruri hesab olunan məqsəd və hədəflər, prioritetlər davamlı şəkildə aparılmış geniş müzakirələr nəticəsində müəyyən edilərək daha da zənginləşdirilmiş və bu sahədə beynəlxalq təcrübə diqqətlə öyrənilmişdir.   

1997-ci ildə Azərbaycan və BMT-nin İnkişaf Proqramı arasında QHT sektorunun təsisi və inkişaf etdirilməsi sahəsində əməkdaşlıq başlanılıb. 1999-cu ildə Azərbaycan Milli QHT Forumunun qurulması ilə bu işlər daha da stimullaşdı. 2000-ci ildə "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanun qəbul olundu. Bu qanun MDB məkanında QHT-lərin fəaliyyətini tənzimləyən ilk qanun olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2007-ci il tarixli 2288 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının qəbulu ölkədə QHT sektorunun inkişafında yeni mərhələnin  başlanğıcı olmuşdur. Bu sənədin qəbulu QHT sektorunun inkişafı üçün institusional və hüquqi cəhətdən daha əlverişli zəmin yaratmışdır. Konsepsiyada QHT-lərə dövlət dəstəyinin prinsip və formaları, həmçinin QHT-lərə dövlət dəstəyinin prioritet sahələri və bu dəstəyin təmin olunmasının əsas vasitələri nəzərdə tutulmuşdur. Həmin əsas vasitələr qanunvericilik bazasının, dövlət orqanları və vətəndaş cəmiyyəti institutlarının əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsindən ibarətdir.

Konsepsiyada qarşıya qoyulan məqsəd və vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 13 dekabr 2007-ci il tarixli 674 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılmış və Əsasnaməsi təsdiq olunmuşdur. Ölkədə QHT-lərin inkişafı məqsədilə bu istiqamətdə zəruri tədbirlərin görülməsi üçün Şuranın Əsasnaməsində konkret hüquq və vəzifələr, həmçinin funksiyalar müəyyən olunmuşdur.

Şuranın fəaliyyətə başlaması ilə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarına ixtisaslaşmış dövlət dəstəyinin həyata keçirilməsi sahəsində yeni idarəetmə modeli meydana gəlmişdir. Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasından və Şuranın fəaliyyətinə dair Əsasnamədən irəli gələn və davamlı olaraq həyata keçirilən dövlət siyasəti nəticəsində bu gün ictimai həyatın bütün sahələrində QHT-lərin aktivliyi, o cümlədən onların dövlət qurumları ilə əsas tərəfdaş qismində faydalı əməkdaşlıq münasibətləri müşahidə olunmaqdadır. QHT-lər ictimai həyatın ən müxtəlif sahələri üzrə qəbul olunmuş dövlət proqram və strategiyalarında əsas tərəfdaş qurumlar kimi dövlət və cəmiyyət qarşısında həlli vacib hesab olunan milli, regional və məhəlli xarakterli ictimai vəzifələrin həyata keçirilməsində aktiv iştirak edir, o cümlədən çoxsaylı ictimai problemlərin həllində töhfələr verir.

Eyni zamanda hesab olunur ki, vətəndaş cəmiyyəti institutlarının aparıcı istiqamətini təşkil edən QHT-lərin inkişafı ilə bağlı qarşıda ciddi vəzifələr dayanır və bu istiqamətdə davamlı olaraq zəruri işlər aparılır. Əsas məqsədimiz ölkədə QHT-lərin yüksək potensiala və dayanıqlı əsaslara malik olmasından, o cümlədən dövlət və cəmiyyət həyatında aktiv fəaliyyət göstərməsi üçün dəstəyin həyata keçirilməsindən ibarətdir.

Hal-hazırda Azərbaycan respublikasında  vətəndaş cəmiyyətinin möhkəmlənməsi üçün ciddi addımlar atılır. Təsadüfi deyil ki, ölkədə qeyri-hökumət təşkilatlarının sayı durmadan artır. Məsələn, 2001-ci ildə qeydiyyatdan keçmiş QHT-lərin sayı 21 idisə, hazırda onların sayı 3 mindən çoxdur.

Qeyri-Hökumət Təşkilatları (QHT) qeyri kommersiya məqsədli təşkilatlardır. Qeyri-Hökumət Təşkilatları cəmiyyətdə fərqli və müstəqil rola malikdirlər. Qeyri-Hökumət Təşkilatları (QHT) əsasən qrantlar vasitəsi ilə maliyyələşirlər.

QHT-lər İctimai Birliklər və Fondlara bölünür.

İctimai Birlik- ictimai əhəmiyyəti olan konkret mənfəətsiz məqsədləri həyata keçirmək məqsədi ilə fərdi şəxslər tərəfindən yaradılan qurumlardır. Gənclər Təşkilatları, Hərəkatlar bu qəbildən olan təşkilatlardır.

Fondlar-Əsasən yardım və hansısa layihələri maliyyələşdirmək məqsədi ilə yaradılır.