AZƏRBAYCANIN BANK SİSTEMİ

Bank sistemi - Azərbaycan maliyyə sisteminin mühüm elementi sayılır. Bu gün banklar aktivlərinin və kapitalının həcminə, regional əhatəsinə görə digər maliyyə vasitəçilərini dəfələrlə üstələyir.

Hazırda respublikada inkişaf etmiş, bazar prinsiplərinə əsaslanan iki pilləli bank sistemi (birinci pillədə Azərbaycan Respublikasının Mərkəzi Bankı, ikinci pillədə kommersiya bankları və bank olmayan kredit təşkilatları) fəaliyyət göstərir.

Azərbaycan Respublikası müstəqilliyini qazandıqdan sonra bazar iqtisadiyyatına keçidlə əlaqədar iqtisadiyyatın bütün sahələrində olduğu kimi bank sistemində də libaral islahatlara başlandı. İslahatların ilkin mərhələsində dövlət banklarının restrukturizasiyası və sağlamlaşdırılması tədbirləri həyata keçirildi, özəl bank sisteminin institusional formalaşması təmin edildi. Bu mərhələdə kapitalla bağlı aşağı tələblər, sistemə daxil olmaq üçün son dərəcədə liberal şərtlər müəyyən olundu və bank fəaliyyətini tənzimləmək üçün yumşaq tənzimləmə alətləri tətbiq edildi. Bu proseslərin nəticəsində bank sistemi institusional olaraq genişlənməyə və özəl bankların sayı artmağa başladı. 1996-cı ildən etibarən isə minimal kapital tələbinin mərhələli şəkildə artırılması kiçik bankların birləşməsinə və bağlanmasına səbəb oldu.

Bank islahatlarının növbəti mərhələsində, 2000-ci ildən başlayaraq həyata keçirilən özəl bankların intensiv sağlamlaşdırılması tədbirləri bank sisteminin davamlılığının möhkəmlənməsinə və maliyyə vasitəçilik funksiyasının yaxşılaşmasına mühüm şərait yaratdı.

Özəl bankların minimal kapital tələbinin Mərkəzi Bank tərəfindən ardıcıl artırılması və konsolidasiya prosesinin təşviqi özəl bank sisteminin kapital bazasını möhkəmləndirdi, bank sisteminin iriləşməsini təmin etdi.

2002-ci ildən bank sisteminin restrukturizasiyasının mühüm mərhələsi həyata keçirilməyə başlandı. Uğurlu neft strategiyasının məntiqi nəticəsi kimi iri neft gəlirlərinin ölkəyə axınını və bu əsasda bankların maliyyə resurslarının strateji məqsədlərə effektiv ötürülməsinə hazır olmalarını nəzərə alaraq yeni, 2002-2005-ci illəri əhatə edən inkişaf strategiyası hazırlandı.

Strategiyanın əsas məqsədini neft gəlirlərinin qeyri-neft sektoruna səmərəli və təhlükəsiz trasformasiyası, əhalinin və regionların bank xidmətlərinə çıxış imkanlarının artırılması və bu əsasda yoxsulluğun azaldılması üçün bank sisteminin maliyyə vasitəçilik funksiyasının inkişaf etdirilməsi, bank sisteminin davamlılığının və etibarlılığının möhkəmləndirilməsi, bank xidmətləri bazarında azad və sağlam rəqabət mühitinin təmin edilməsi təşkil edirdi. Müəyyən edilmiş strateji hədəflərə nail olunması üçün bank fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, bank sisteminin etibarlılığının və sağlamlığının artırılması, bank xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, bank sistemində şəffaflığın artırılması və bazar intizamının möhkəmləndirilməsi, səmərəli bank nəzarətinin təşkili kimi konkret vəzifələr qarşıya qoyulmuş və icra edilmişdir.

Bank sisteminin bütün istiqamətləri üzrə həyata keçirilən radikal islahatlar və institusional inkişaf nəticəsində sektorda dərin kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermişdir. İslahatların ən ümumi nəticəsi həm maliyyə sabitliyi parametrlərinə, həm risk menecmenti təcrübəsinə, həm də xidmətlər spektrinə görə beynəlxalq standartlara tam uyğun bank sisteminin formalaşmasıdır.

Sektora əmanət qoyuluşunu stimullaşdırmaq və əhalinin sektora etibarını artırmaq məqsədilə, 2007-ci ildə əmanətlərin sığortalanması sistemi yaradıldı, 2009-cu ildə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətlərin məbləği 6 dəfə artırılaraq 30000 manata çatdırıldı.

Bank-maliyyə sektoru uğurla həyata keçirilən inkişaf və modernizasiya strategiyası, həmçinin böhranqabağı preventiv idarəetmə və “maliyyə immunizasiyası” tədbirləri nəticəsində 2008-ci ildən başlayan qlobal böhranla qarşıdurmada kifayət qədər dayanıqlılıq nümayiş etdirərək öz müvazinətini itirmədi. Böhranın kəskinləşdiyi dövrdə isə reallaşmış əlavə tədbirlər nəticəsində bu hazırlığın daha da güclənməsi ölkədə maliyyə sabitliyinin etibarlı qorunmasına şərait yaratdı. Beləliklə, Azərbaycan bank sistemi qlobal böhranı yüksək kapitallaşma səviyyəsi, maliyyə ehtiyatlanması və likvidlik göstəriciləri ilə qarşıladı. Dünyanın əksər ölkələrindən fərqli olaraq Azərbaycanın bank sektorunda hər hansı iflas və xüsusi gərginlik halı qeydə alınmadı, sektor öz ölçülərini və sabitliyini qorudu.

Regionlarda əhalinin maliyyə bank xidmətlərinə çıxış imkanlarının artırılması məqsədilə ənənəvi poçt xidmətləri ilə yanaşı maliyyə xidmətləri göstərməsi üçün 1200-dən çox regional poçt filial və şöbələrinə malik “Azərpoçt” MMC yenidən qurularaq maliyyə xidmətlərinin göstərilməsi üçün müvafiq lisenziya verildi.

Günümüzdə banklar geniş çeşidli xidmətlər göstərir və pərakəndə bank xidmətləri sürətlə inkişaf edir. Artıq müştərilərə bank məhsulları internet-bank, mobil-bank, avtomatlaşdırılmış bank köşkləri kimi ən müasir texnoloji vasitələrlə təklif edilir.

Bank sisteminin regional şəbəkəsi və maliyyə xidmətlərinə çıxış imkanları da sürətlə genişlənir, banklar beynəlxalq maliyyə bazarlarında aktiv fəaliyyətə başlayır. Belə ki, 1 aprel 2010-cu il tarixə Bankların xaricdə fəaliyyət göstərən strukturlarının sayı 9-a çatmışdır. Bundan başqa dünyanın nüfuzlu maliyyə qurumlarının 3 nümayəndəliyinin ölkə daxilində fəaliyyətinə icazə verilmişdir ki, bu da dünyanın ən qabaqcıl bankçılıq texnologiyalarının Azərbaycanda tətbiq olunmasına imkan verəcəkdir.

1 aprel 2010-cu il tarixə Azərbaycanda 47 bank, 631 bank filialı fəaliyyət göstərir. Hazırda Banklardan 1-i dövlət kapitalının, 23-ü isə xarici kapitalın iştirakı ilə təsis olunmuşdur.

1 aprel 2010-cu il tarixə banklarla yanaşı respublikada 98 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir.

Əhalinin real pul gəlirlərinin artımı, bank sisteminə olan inamın inkişafı, kreditorların və əmanətçilərin maraqlarının müdafiəsinin hüquqi əsaslarının təkmilləşdirilməsi, xüsusilə də “Əmanətlərin Sığortalanması Fondu” nun fəaliyyətə başlaması əhalinin əmanətlərinin sürətli artımını şərtləndirən amillərdən olmuşdur.

1 aprel 2010-cu il tarixə əhalinin banklardakı əmanətləri 2,4 mlrd. manat təşkil edir ki, bunun da 33,3%-i uzunmüddətli əmanətlərin (1 ildən yuxarı) payına düşür.

Əhali ilə yanaşı korporativ müştərilərin də banklardakı depozitləri artır. 1 aprel 2010-cu il tarixə korporativ müştərilərin banklardakı depozitləri 2,1 mlrd. manat təşkil edir.

Bankların xüsusi və cəlb edilmiş vəsaitlərinin həcminin dinamik inkişafı aktiv əməliyyatların genişləndirilməsi üçün əlverişli şərait yaratmışdır. Nəticədə bank aktivlərinin həcmi davamlı artım göstərərək 1 aprel 2010-cu il tarixə 12 mlrd. manata çatmışdır.

Bank aktivlərinin strukturunda kredit qoyuluşları xüsusi çəkiyə malikdir. 1 aprel 2010-cu il tarixə bankların müştərilərə kreditləri 8,5 mlrd. manat təşkil edir ki, bu da bank aktivlərinin 70,5%-i deməkdir. Kredit qoyuluşlarının strukturunda özəl sektorun xüsusi çəkisi isə 82%-dir (7 mlrd. manat).