REGİONAL İNKİŞAF

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)” icrasının yekunları

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)” uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edilmiş, beş il ərzində Ümumi Daxili Məhsulun (ÜDM) real həcmi 2,6 dəfə artaraq 38 milyard manata çatmış, ÜDM-in adambaşına düşən nominal həcmi 5 dəfə artaraq 4440 manat təşkil etmişdir. Qeyri-neft sektoru 1,8 dəfə artmış, 2008-ci ilin yekunlarına görə ÜDM-də qeyri-dövlət sektorunun payı 84,5 faiz təşkil etmişdir. Ölkə sənayesində 2,5 dəfə, kənd təsərrüfatında isə 25,2 faiz artım olmuşdur.

2003-cü illə müqayisədə 2008-ci ildə əhalinin gəlirləri 4 dəfə artmış, yoxsulluq səviyyəsi 13,2 faizədək azalmışdır. Bu dövrdə muzdla işləyənlərin orta aylıq əmək haqqı 3,5 dəfə artaraq inflyasiya səviyyəsini 1,7 dəfə üstələmiş və 268 manata çatmışdır.

Ölkə iqtisadiyyatının inkişafına bütün maliyyə mənbələri hesabına əsas kapitala qoyulmuş investisiyanın həcmi beş ildə 33,5 milyard manat təşkil etmiş, bunun 53,2 faizi daxili, 46,8 faizi isə xarici investisiyalar olmuşdur. Bu dövr ərzində regionlara yönəldilmiş dövlət investisiyalarının ümumi məbləği 6,8 milyard manata yaxın olmuşdur. Qeyri-neft sektoruna qoyulan investisiyanın həcmi beş ildə 6,2 dəfə artmış və ümumi investisiyaların strukturunda onun xüsusi çəkisi 2003-cü ildəki 26,8 faizdən 2008-ci ildə 69 faizə çatmışdır. 2004-2008-ci illərdə dövlət investisiyalarının həcminin artması regionlarda infrastruktur, kommunal, sosial xidmət obyektlərinin tikintisinin bir neçə dəfə artmasına və xidmət sektorunda keyfiyyətin yüksəlməsinə təkan vermişdir.

Beş il ərzində ölkədə 9 elektrik stansiyası - Astara, Şəki, Xaçmaz rayonlarında modul tipli elektrik stansiyaları, Naxçıvan Muxtar Respublikasında 3 elektrik stansiyası, Sumqayıt şəhərində istilik elektrik stansiyası, Bakıda 2 elektrik stansiyası tikilib istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi 13 illik fasilədən sonra bərpa olunmuş, Lerik, Yardımlı rayonları və Füzuli rayonunun Horadiz şəhəri ilk dəfə, habelə Ağcabədi, Beyləqan rayonları, Ağdam rayonunun Quzanlı qəsəbəsi və s. rayonlar təbii qazla təmin edilmişdir. Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi, Gəncə, Şəki, Ağdaş və Göyçay şəhərlərinin, habelə ölkədəki kiçik şəhərlərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlərə başlanılmışdır. Beş il ərzində regionlarda 1000 km-dən çox magistral yol çəkilmiş və ya əsaslı təmir edilmiş, 600 km respublika əhəmiyyətli və 2700 km yerli əhəmiyyətli yollarda təmir işləri aparılmış, 69 yeni körpü tikilmiş, 34 körpü təmir edilmişdir. Beş il ərzində Naxçıvan, Gəncə, Lənkəran və Zaqatala şəhərlərində müasir standartlara uyğun yeni hava limanları tikilərək istifadəyə verilmişdir. Metro nəqliyyatı sahəsində Bakıda “Nəsimi” stansiyası inşa olunmuş, “İçərişəhər” və “28 may” stansiyaları yenidən qurulmuşdur. Dövlət Proqramı çərçivəsində regionlarda əlillər və şəhid ailələri üçün 33 yaşayış binası, əlillər üçün 7 bərpa mərkəzi inşa edilmiş, səhiyyə sahəsində Lənkəran, Qazax, Zaqatala, Bərdə, Qəbələ rayonlarında, Gəncə, Naxçıvan və Şirvan şəhərlərində yeni müasir müalicə-diaqnostika mərkəzləri fəaliyyətə başlamışdır. Beş il ərzində regionlarda 636 yeni məktəb tikilmiş, 192 məktəb əsaslı təmir olunmuş, ayrı-ayrı məktəblərdə 243 yeni sinif otağı tikilib istifadəyə verilmişdir. Yalnız Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ötən müddətdə 238 məktəb binası tikilmişdir. Ölkənin regionlarında 18 müasir olimpiya kompleksi tikilib istifadəyə verilmişdir

Beş il ərzində yaradılmış müəssisələrin 88 faizdən çoxu xüsusi mülkiyyətli müəssisələr olmuş, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına ölkə üzrə 6991 sahibkarlıq subyektinə 323,4 milyon manat kredit verilmiş, nəticədə 68,2 mindən çox yeni iş yeri yaradılmışdır.

Ümumilikdə, 2004-2008-ci illər ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 766 mindən çox yeni, o cümlədən 547,5 min daimi iş yeri açılmış, 27,5 mindən çox yeni müəssisə yaradılmışdır.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” haqqında

Ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)” məntiqi davamı olaraq hazırlanmış sənəddə ölkə regionlarının inkişafı sahəsində əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsi, başlanmış inkişaf tədbirlərinin 2009-2013-cü illərdə də davam etdirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda yeni Dövlət Proqramı əvvəlkindən fərqli olaraq mühüm prioritet kimi Bakı şəhəri və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına yönəldilmiş tədbirləri də özündə əks etdirir.

Məhz ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi, bu Dövlət Proqramının nəticəsi Azərbaycanda bütün infrastrukturun dünya səviyyəsinə çatmasına və Avropa Birliyinin meyarlarına bərabər olmasına şərait yaradacaqdır. Bu baxımından Dövlət Proqramında ölkə iqtisadiyyatının bütün sahələri və regionlar üzrə bu vaxta qədər həll olunmamış bütün məsələlərin, o cümlədən bütün bölgələrdə hər bir kəndin konkret problemlərinin, əhalini narahat edən məsələlərin əks olunması prioritet vəzifə kimi qarşıya qoyulmuşdur.

Yeni sosial-iqtisadi inkişaf mərhələsində olan ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı ilə əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində dövlətin məqsədyönlü siyasətinə uyğun olaraq Dövlət Proqramında bütün regionlarda, eləcə də ölkə paytaxtında mövcud potensialdan daha səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafı, kommunal xidmət və digər infrastruktur obyektlərinin, yeni istehsal və emal müəssisələrinin yaradılması, mövcud müəssisələrdə istehsal fəaliyyətinin genişləndirilməsi, rabitə və informasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi, sosial infrastrukturun yaxşılaşdırılması, o cümlədən müasir standartlara uyğun təhsil, elm, səhiyyə, mədəniyyət və idman obyektlərinin inşası, yenidənqurulması, əlillər və şəhid ailələri üçün yaşayış binalarının tikintisi üzrə kompleks tədbirlər nəzərdə tutulmuşdur.

Ümumilikdə, Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində həyata keçiriləcək tədbirlər 3 səviyyədə müəyyənləşdirilmişdir:

- Ölkə əhəmiyyətli tədbirlər;

- Bakı şəhərinin rayon və qəsəbələri üzrə tədbirlər;

- Ölkənin iqtisadi rayonları səviyyəsində həyata keçiriləcək tədbirlər;

Dövlət Proqramının Tədbirlər Planında ölkə üzrə 1066 tədbir, o cümlədən ölkə əhəmiyyətli 58, Bakı şəhəri üzrə 40, iqtisadi rayonlar üzrə 968 tədbir nəzərdə tutulmuşdur:

1. Vergi və pul-kredit siyasəti;

2. Sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri;

3. Ekologiya və təbii sərvətlərdən istifadə tədbirləri;

4. Yol təsərrüfatı və nəqliyyat tədbirləri;

5. Elektrik enerjisi, istilik və qaz təchizatı;

6. Rabitə xidmətlərinin yaxşılaşdırılması tədbirləri;

7. Su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması tədbirləri;

8. Meliorasiya və irriqasiya tədbirləri;

9. Əhalinin təhlükəsizliyi tədbirləri;

10. Mənzil təsərrüfatı və sosial müdafiə tədbirləri;

11. Səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inşası və yenidənqurulması.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birillik yekunları

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının” icrası ölkə iqtisadiyyatında mühüm əhəmiyyət kəsb etməklə, 2009-cu il ərzində makroiqtisadi sabitliyin təmin olunmasında, sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və yeni iş yerlərinin yaranmasında, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsində, yoxsulluq həddinin aşağı düşməsində və əhalinin rifah halının daha da yaxşılaşdırılmasında müstəsna rol oynamışdır.

Ölkə üzrə həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi və iqtisadi sabitliyin qorunub saxlanması nəticəsində 2009-cu ildə 34,6 milyard manatlıq Ümumi Daxili Məhsul (ÜDM) istehsal edilmiş və əvvəlki ilin eyni dövrünə nisbətən 9,3 faiz artmışdır. ÜDM-in adambaşına düşən həcmi 3917,3 manat (4874,1 ABŞ dolları) təşkil etmiş və əvvəlki ilin eyni dövrünə nisbətən 7,9 faiz artmışdır. ÜDM-in 64,1 faizi iqtisadiyyatın istehsal, 28,3 faizi xidmət sahələrinin payına düşmüşdür.

Hesabat dövründə ÜDM istehsalı qeyri-neft sektorunda 3,2 faiz artmışdır. Kənd təsərrüfatının ümumi məhsulunun sabit qiymətlərlə dəyəri keçən ilə nisbətən 3,5 faiz, o cümlədən bitkiçilik məhsulları 4,0 faiz, heyvandarlıq məhsulları 2,8 faiz artmışdır. Taxıl istehsalına dövlət tərəfindən xüsusi diqqət yetirilməsi nəticəsində 2009-cu ildə hər hektardan orta hesabla 26,6 sentner olmaqla, rekord miqdarda - 2988,3 min ton taxıl məhsulu toplanılmışdır. 2009-cu il ərzində regionların sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərin nəticəsində ölkə əhalisinin adambaşına gəlirləri əvvəlki illə müqayisədə 6,7 faiz artaraq 2537,2 manat təşkil etmiş, inflyasiyanın həddi 1,5 faiz olmuş və yoxsulluq səviyyəsi 11 faizə düşmüşdür. Ölkə iqtisadiyyatında orta aylıq əmək haqqı 2009-cu ildə 298,0 manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,6 faiz artmışdır. Ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7,4 milyard manat, o cümlədən regionlar üzrə 2,9 milyard manat investisiya yönəldilmişdir.

Dövlət Proqramının qəbulundan ötən dövr ərzində Gədəbəy qızıl-mis emalı zavodu, Sumqayıt texnoparkının birinci mərhələsi, Hacıqabul kərpic zavodu, Bakıda əsaslı yenidənqurmadan sonra Elektron hesablayıcı maşınlar və Radioquraşdırma zavodları, Naxçıvanda “Gəmiqaya” mineral sular zavodu, Unlu qənnadı məmulatlar istehsalı sexi, Şərur rayonunda asfalt-beton zavodu, Şamaxıda “Azərelektronika” məişət cihazları istehsalı zavodu, Qəbələdə “Gilan” piano fabriki istismara verilmişdir. Sahibkarların kredit resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi qaydaları sadələşdirilmiş, güzəştli kreditlərin maksimal faiz dərəcəsi 6 faizədək, alınması müddəti 25 günədək azaldılmış, kreditlərin maksimal məbləği 5 milyon manatadək artırılmışdır. 2009-cu il ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2101 sahibkarlıq subyektinə 130 milyon manata yaxın güzəştli kreditlər verilmişdir. Maliyyələşdirilmiş investisiya layihələrinin 99,2 faizi, kredit məbləğinin 88,5 faizi, yaradılacaq yeni iş yerlərinin 94,7 faizi regionların payına düşmüşdür. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən meyvə-tərəvəz və digər ərzaq məhsullarının tədarükü, saxlanılması və satışı üzrə müasir standartlara cavab verən texnologiya əsasında ümumi tutumu 48 min ton olan soyuducu anbar komplekslərinin yaradılması ilə bağlı Aran, Quba-Xaçmaz, Gəncə-Qazax və Lənkəran iqtisadi rayonları üzrə ümumilikdə 17 sahibkarlıq subyektinə 31,9 milyon manat məbləğində güzəştli kreditlər verilmişdir. Bundan əlavə, Aran, Dağlıq Şirvan, Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala, Abşeron iqtisadi rayonları üzrə ümumilikdə 15 sahibkarlıq subyektinə taxıl məhsullarının təmizlənməsi və saxlanılması üçün müasir standartlara cavab verən və ümumi tutumu 199 min ton olan anbar komplekslərinin yaradılması ilə əlaqədar 15,9 milyon manat məbləğində güzəştli kreditlər verilmişdir.

“Azərbaycan İnvestisiya Şirkəti” ASC tərəfindən “Milk-Pro” MMC-nin yeni Hövsan süd zavodunun inşası və Göyçay Süd Zavodunun rekonstruksiyası, Masazır Duz Zavodunun inşası və “Dəvəçi Broyler” ASC-də istehsal gücünün və məhsul çeşidinin artırılması layihələrinin həyata keçirilməsinə başlanılmışdır.

Dövlət Proqramı çərçivəsində ötən müddət ərzində yeni infrastruktur obyektlərinin tikintisi və bərpası, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Hesabat dövründə Bakıda yeni yol qovşağı kompleksləri, Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil magistralında yeni körpü və magistralın 16-134-cü kilometrlik hissəsi, Naxçıvan-Sədərək, Ucar-Yevlax, Bakı-Şamaxı avtomobil yolları, Biləsuvar şəhərinin dövrələmə avtomobil yolu, Zaqatala rayonunda Talaçay üzərində respublikamızda ilk asma avtomobil körpüsü istifadəyə verilmişdir. Sərnişinlərə xidmət səviyyəsinin yüksəldilməsi üçün Bakıda Beynəlxalq Avtovağzal kompleksi, Bərdədə və Qəbələdə avtovağzal binaları istifadəyə verilmiş, “Azadlıq Prospekti” yeni metro stansiyası və “28 May” metro stansiyasının 2-ci çıxışı istismara verilmişdir. Enerji təminatının yaxşılaşdırılması sahəsində Sumqayıtda 525 MVt gücündə elektrik stansiyası, Qubada modul tipli “Şahdağ” elektrik stansiyası istifadəyə verilmiş, Ağdaş regional elektrik yarımstansiyasının və “Göyçay-1” Su Elektrik Stansiyasının təməli qoyulmuşdur. Ağdaş şəhərində yeni su xətti istifadəyə verilmiş, su tutumu 160 milyon kub metr olan Şəmkirçay su anbarının tikintisinə başlanmışdır.

Ötən il ölkənin bütün bölgələrində ekoloji tarazlığı bərpa etmək, neftlə çirklənmiş ərazilərdə ətraf mühitin təhlükəsizliyini təmin etmək, əhalinin təmiz suya və təmiz havaya olan ehtiyacını ödəmək məqsədilə bir sıra tədbirlər həyata keçirilmiş, bu sahədə işlərin davam etdirilməsi üçün 2010-cu il “Ekologiya ili” elan edilmişdir. Ötən il Hövsan aerasiya stansiyası yenidən qurularaq genişləndirilmiş, 12 rayonun 122 kəndində 224 min nəfər əhalini təmiz içməli su ilə təmin edən modul tipli sutəmizləyici sistemlər quraşdırılaraq istifadəyə verilmişdir. Bakı bərk məişət tullantılarının yandırılması zavodunun təməli qoyulmuşdur. Zavod işə düşəndən sonra atmosferə atılan parnik qazlarının azaldılmasına və Balaxanı zibilxanasının yerləşdiyi ərazilərin ekoloji sağlamlaşdırılmasına şərait yaradılacaqdır. Bundan əlavə, “Qaradağ Sement” ASC-də ətraf mühitə təsirin azaldılması məqsədilə Avropada üstünlük verilən quru istehsal texnologiyasının tətbiqi layihəsinə başlanılmışdır.

Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Bakı və onun ətrafında 3 milyon ağacın əkilməsi ilə bağlı genişmiqyaslı işlər aparılmış, yol kənarlarında meşəliklər yaradılmış, kənd və qəsəbələrdə yaşıllıqlar, parklar salınmışdır. Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ətrafının ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə, Sədərək və Binə ticarət mərkəzləri köçürülmüş, yerində təbii landşaftın bərpası və ərazilərin yaşıllaşdırılmasına başlanılmışdır.

Ötən müddət ərzində Şirvan şəhərində, Saatlı, Biləsuvar, Qax, Ağstafa, Daşkəsən, Tovuz, Sabirabad və Ucar rayonlarında hər biri 16 mənzilli, Sumqayıt şəhərində, Yevlax və Masallı rayonlarında hər biri 36 mənzilli, Bakı şəhərinin Suraxanı və Qaradağ rayonlarında, Xırdalan şəhərində hər biri 81 mənzilli yaşayış binaları inşa olunaraq Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilmişdir. Hesabat dövrü ərzində 63 səhiyyə, 87 təhsil müəssisəsi tikilmiş və ya əsaslı təmir olunmuşdur. Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində 2009-cu ildə Heydər Əliyev Fondunun xətti ilə 1600 şagird yerlik 6 yeni məktəb binası inşa olunmuşdur. Hesabat dövründə 7 olimpiya idman kompleksi istifadəyə verilmişdir.

Ötən il həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsində ölkə üzrə 54,5 mini daimi olmaqla 74 minə yaxın yeni iş yeri açılmış, 5314 yeni müəssisə yaradılmışdır. Yaradılmış iş yerlərinin 70 faizdən çoxu regionların payına düşür.

yuxarı