Banerlər
Xəbərlər

 

“İLAXIR ÇƏRŞƏNBƏ” BAKIDA TƏNTƏNƏLİ ŞƏKİLDƏ QEYD OLUNUR

Qədim zamanlardan başlayaraq Novruz bayramı müxtəlif ayin və mərasimlərin, xüsusilə 4 çərşənbə axşamının sehrindən, sevincindən, arzu və ümidlərindən keçib gəlib. Həyatın, varlığın əsası sayılan 4 ünsürün – su, od, yel və torpağın adı ilə bağlanan bu çərşənbələr özünəməxsus mifoloji və etnoqrafik mahiyyəti ilə seçilib, həmişə xüsusi bayram olaraq qeyd olunub.

Hər il olduğu kimi, bu il də Bakı Şəhər İcra Hakimiyyəti xalqımızın milli bayramı - “İlaxır çərşənbə”ni təntənəli şəkildə qeyd edir. Belə ki, martın 14-də səhər metronun “İçərişəhər” stansiyası və Bakı Şəhər İcra Hakimiyyəti binasının yanındakı ərazidən Novruz personajları – Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl musiqi qruplarının, həmçinin dəvələr, süvarilər və faytonların müşayiəti ilə böyük karvan Suraxanı “Atəşgahı”na yollanıb.

Bayram karvanı Bakı Şəhər İcra Hakimiyyətindən hərəkətə başlayaraq İstiqlaliyyət küçəsi ilə “Beşmərtəbə” dairəsi, Heydər Əliyev Sarayının yanından keçməklə metronun Sahil stansiyası, Hökumət evi, Ali Məhkəmənin qarşısından hərəkət etməklə Heydər Əliyev prospektinə çıxıb və metronun “Koroğlu” stansiyasından Hava Limanı avtomagistralı ilə Suraxanı “Atəşgahı”na yola düşüb. “Atəşgah”dan od götürən bayram karvanı Hava Limanı avtomagistralı, Heydər Əliyev prospekti, 28 May küçəsini keçərək Heydər Əliyev Sarayının arxasından keçməklə Fəvvarələr meydanından Gənclər meydanına gələcək, bayram tonqalını alovlandıracaq. Dədə Qorqudun Novruz xeyir-duası ilə saat 19.00-da incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq təşkil ediləcək.

BAKI. 14.03.2017. AZERTAC.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7020
Avro
1.9062
Rusiya rublu
0.0300
Hava proqnozu
+24°
 / +15°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010