Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN PARİSDƏ RƏSMİ QARŞILANMA MƏRASİMİ OLUB

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Parisdə rəsmi qarşılanma mərasimi olub.

Prezident İlham Əliyev Parisin Veteranlar meydanında yerləşən Ordu Muzeyinə gəldi.

Dövlətimizin başçısını Fransanın kənd təsərrüfatı naziri, hökumətin sözçüsü Stefan Lö Fol qarşıladı.

Ordu Muzeyinin yerləşdiyi Veteranlar meydanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycanın və Fransanın dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi.

Fransanın kənd təsərrüfatı naziri, hökumətin sözçüsü Stefan Lö Fol Azərbaycan nümayəndə heyətinin üzvləri ilə görüşdü.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV PARİSDƏ FRANSA SENATININ SƏDRİ İLƏ GÖRÜŞÜB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Parisdə Fransa Respublikası Senatının sədri Jerar Larşe ilə görüşüb.

Senatın binasının qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul və suvari dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Senatın sədri Jerar Larşe qarşıladı.

Dövlətimizin başçısı və Senatın sədri fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Prezident İlham Əliyev və Senatın sədri Jerar Larşe birgə foto çəkdirdilər.

Jerar Larşe Azərbaycan Prezidenti İlham Əliyevi Fransa Senatında görməkdən məmnun olduğunu dedi. O, belə səfərlərin ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğunu bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz arasında münasibətlərin, eləcə də parlamentlərarası əlaqələrin çox yüksək səviyyədə olduğunu vurğuladı. Dövlətimizin başçısı bir neçə gün əvvəl Bakıda Fransa Senatının bir qrup üzvünü qəbul etdiyini, dünən isə MEDEF-in üzvləri ilə çox səmərəli görüş keçirdiyini xatırlatdı.

Jerar Larşe 2014-cü ildə Senatda xanım Mehriban Əliyeva ilə Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun sədri kimi görüşdüklərini xatırlatdı, bu görüşün böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. O, belə görüşlərin ölkələrimiz arasında münasibətlərin inkişafına güclü təkan verdiyini, Azərbaycan-Fransa əlaqələrinin strateji istiqamətdə inkişaf etdiyini bildirdi.

Senatın sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərlə maraqlandı.

Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın qəti mövqeyini diqqətə çatdırdı. Münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanda olan fransalı senatorların Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər etdiklərini və kəndin ermənilər tərəfindən necə dağıdılmasının şahidi olduqlarını vurğuladı. Azərbaycan Prezidenti gərginliyin mövcudluğunun regiona ziyan vurduğunu bildirdi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdən sonra Prezident İlham Əliyev Senatın qızıl kitabını imzaladı.

BAKI. 15.03.2017. AZERTAC.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7020
Avro
1.9062
Rusiya rublu
0.0300
Hava proqnozu
+24°
 / +15°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010