Banerlər
Xəbərlər

 

ANGELİNO ALFANO: AZƏRBAYCAN-İTALİYA ƏLAQƏLƏRİ STRATEJİ ƏHƏMİYYƏT KƏSB EDİR

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Angelino Alfano ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə nazirlər bu il Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünün qeyd olunduğunu bildirib, bu illər ərzində bütün sahələrdə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsindən məmnunluqlarını ifadə ediblər.

Nazir Angelino Alfano Azərbaycanın çox önəmli və etibarlı tərəfdaş olduğunu, yüksək səviyyəli siyasi dialoqun mövcudluğunu, əlaqələrin strateji əhəmiyyət kəsb etdiyini bildirib. Həmçinin A.Alfano enerji sektorunda əlaqələrin vacibliyi, TAP layihəsinin əhəmiyyətini qeyd edib, iqtisadi əlaqələrin digər sektorlarda dərinləşdirilməsi istiqamətində geniş imkanların olduğunu vurğulayıb.

E.Məmmədyarov iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu, bunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ildə İtaliyaya səfəri zamanı qəbul edilmiş birgə bəyanatda təsbit olunduğunu deyib. Qeyd edib ki, İtaliya Azərbaycanın Avropa İttifaqında ən iri ticarət tərəfdaşıdır, enerji sektorunda geniş əməkdaşlıq mövcuddur. Nazir humanitar sahədə əlaqələrin, xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətinin əhəmiyyətini qeyd edib.

O, Cənubi Qaz Dəhlizi və onun vacib hissələri olan TANAP və TAP layihələrinin əhəmiyyətini diqqətə çatdırıb. Azərbaycanın xarici işlər naziri Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri haqqında məlumat verib, bu istiqamətdə əməkdaşlığın əlverişli perspektivlər vəd etdiyini deyib.

Nazir Elmar Məmmədyarov həmkarına Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı və strateji tərəfdaşlıq sazişi üzrə danışıqlar barədə məlumat verib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə toxunan nazir Elmar Məmmədyarov Aİ-nin dövlətlərin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi təməl prinsiplərə sadiqliyinin bütün münaqişələrə münasibətdə vahid və birmənalı şəkildə ifadə olunmasının vacibliyini vurğulayıb.

Söhbət zamanı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

BAKI. 21.04.2017. AZERTAC.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7017
Avro
1.9590
Rusiya rublu
0.0288
Hava proqnozu
+38°
 / +25°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010