Banerlər
Xəbərlər

 

ENERGETİKA NAZİRLİYİ VƏ AVROPA YENİDƏNQURMA VƏ İNKİŞAF BANKI ARASINDA NİYYƏT PROTOKOLU İMZALANIB

Energetika Nazirliyində energetika nazirinin müavini Gülməmməd Cavadovla Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə Bank ilə əməkdaşlığın ölkəmizin enerji sahəsinə verdiyi töhfələr yüksək qiymətləndirilib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, nazir müavini “Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi” üzrə görülən işlər barədə ətraflı məlumat verib. O vurğulayıb ki, sənəddə əksini tapan ən mühüm prioritet istiqamətlərdən biri enerji sektorunun effektiv şəkildə tənzimlənməsini əlaqələndirmək üçün mərkəzi orqanın yaradılmasıdır.

Görüşdə, həmçinin qeyd olunub ki, enerji üzrə müstəqil tənzimləyici orqanın təsis edilməsi ilə bağlı Avropa təcrübəsindən yararlanmağa ehtiyac var və bu prosesin sürətləndirilməsində AYİB-in dəstəyi çox vacibdir.

AYİB-in prezidenti Suma Çakrabarti təmsil etdiyi qurumun enerji sahəsində böyük təcrübəyə malik olduğunu, sərmayələrinin 30 faizinin məhz bu sahəyə yönəldildiyini və bankın gələcəkdə əsas məqsədlərindən birinin bu göstəricini 40 faizə yüksəltmək olduğunu diqqətə çatdırıb.

Suma Çakrabarti tənzimləyici orqanın yaradılması məsələsində ölkəmizə kömək göstərməkdə maraqlı olduqlarını, qurumun Energetika Nazirliyi ilə əməkdaşlığı məqsədə çevirdiyini vurğulayıb. Onun sözlərinə görə, iki qurum arasında imzalanacaq sənəd işbirliyini daha da gücləndirərək səmərəli fəaliyyəti təmin edəcək.

Görüşün sonunda Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında “Azərbaycan Respublikasının Kommunal Xidmətlər sektorunda Strateji Yol Xəritəsi üzrə Əməkdaşlıq” barədə Niyyət Protokolu imzalanıb.

BAKI. 09.09.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7007
Avro
2.0368
Rusiya rublu
0.0293
Hava proqnozu
+34°
 / +21°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010