Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN İLƏ ATƏT PA ARASINDA ƏMƏKDAŞLIĞIN DAHA DA DƏRİNLƏŞDİRİLMƏSİ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNUB

Sentyabrın 8-də Milli Məclisin sədri Oqtay Əsədov ATƏT Parlament Assambleyasının sədri xanım Kristin Muttonenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan ilə ATƏT PA arasında əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri müzakirə olundu.

Oqtay Əsədov ATƏT-in əsas funksiyalarından birinin qitədə təhlükəsizliyin təmin olunması, münaqişələrin aradan qaldırılması olduğunu söylədi. “Bu baxımdan biz göstərilən istiqamətlər üzrə qurumun Parlament Assambleyasının fəaliyyətinin gücləndirilməsini önəmli hesab edirik”, - deyə sədr vurğuladı.

Spiker Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in Minsk qrupunun yaradılmasına baxmayaraq, ötən 25 il ərzində münaqişənin həlli istiqamətində gözlənilən nəticənin əldə edilmədiyini dedi. Bildirildi ki, bu hal Azərbaycan ictimaiyyətində Minsk qrupuna olan inamı getdikcə azaldır.

Milli Məclisin sədri deyib: “Bizdə belə bir təsəvvür yaranıb ki, qrupda təmsil olunan böyük dövlətlər münaqişə bölgəsində status-kvonun saxlanılmasında və müharibənin yenidən alovlanmamasında maraqlıdırlar. Ancaq onlar unudurlar ki, bu hal sonsuza qədər davam edə bilməz.

Ermənistandan başqa bütün dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Dünyanın digər bölgələrində münaqişələr baş verən zaman işğalçıya qarşı sanksiyalar qəbul olunur. Ona lazımi təzyiqlər göstərilir. Ancaq Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistana münasibətdə biz bunu görmürük. Əvəzində isə cəbhə xəttində mülki insanlar, qocalar və uşaqlar qətlə yetirilir. Ötən ilin aprelində Azərbaycanın Ermənistanın təxribatına verdiyi cavab bir daha göstərdi ki, biz münaqişəni başqa vasitələrlə də həll edə bilərik. Ancaq biz öz beynəlxalq öhdəliklərimizə sadiqik. Problemin sülh yolu ilə, ədalətli həllinə inanırıq”.

Oqtay Əsədov bildirdi ki, Azərbaycan Avropa İttifaqının üzvləri və təşkilatın özü ilə qarşılıqlı hörmət əsasında əməkdaşlıq edir. Azərbaycana zorla hansısa sənədi qəbul etdirmək mümkün deyil. Ermənipərəst təşkilatlar və ölkəmizi istəməyən qüvvələr müxtəlif vasitələrlə bizə təzyiqlər göstərməyə cəhd edirlər. Bu çirkin əməllər bu gün də davam edir. Heç bir qüvvə Azərbaycanı müstəqil siyasət yolundan döndərə bilməz.

Sədr ATƏT PA nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində keçirdiyi görüşləri yüksək dəyərləndirərək, bu cür səfərlərin əməkdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyətli olduğunu söylədi.

Kristin Muttonen səfər çərçivəsində keçirdiyi görüşlər zamanı aparılan danışıqlardan məmnun qaldığını dedi. O, ölkə Prezidenti ilə müxtəlif istiqamətlər üzrə - Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, təhsil, Qədim İpək Yolunun bərpası və digər məsələlərlə bağlı aparılan müzakirələri, Milli Məclisdə həmkarları ilə keçirdiyi görüşləri fikir mübadiləsi baxımından yüksək qiymətləndirdi. Qeyd edildi ki, Azərbaycan nümayəndə heyətinin üzvləri təşkilatın işində fəallıq göstərir, yeni-yeni qərar və qətnamə layihələri, ideyalarla çıxış edirlər. Onların verdikləri təkliflər Assambleya üzvləri tərəfindən maraqla qarşılanır.

Qonaq Assambleyada multikulturalizmlə bağlı Azərbaycan tərəfinin irəli sürdüyü qətnamənin qəbul olunmasından danışaraq, bu sahədə Azərbaycanın təcrübəsini digər dövlətlər üçün çox əhəmiyyətli hesab etdi. Bildirildi ki, multikulturalizm terrorizmə qarşı mübarizədə də əhəmiyyətli rol oynaya bilər. Biz gələcəkdə bu istiqamətdə fəaliyyətimizi genişləndirmək niyyətindəyik.

Xanım Kristin Muttonen Azərbaycana səfərinin nəticələrindən razı qaldığını, ikitərəfli əməkdaşlığın bundan sonra da yüksək səviyyədə davam etdiriləcəyinə ümidvar olduğunu qeyd etdi.

Söhbət zamanı tərəflər Azərbaycan-Avstriya münasibətlərinin bu günü və inkişaf perspektivləri, parlamentlərarası əlaqələrin daha da dərinləşməsi, dostluq qruplarının fəaliyyəti və digər məsələlər barədə fikirlərini bölüşdülər.

Görüşdə Milli Məclis sədrinin müavini, ATƏT PA-da nümayəndə heyətimizin rəhbəri Bahar Muradova, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.

BAKI. 09.09.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7007
Avro
2.0368
Rusiya rublu
0.0293
Hava proqnozu
+34°
 / +21°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010