Banerlər
Xəbərlər

 

“YARAT” MÜASİR İNCƏSƏNƏT MƏKANI İLK “M.A.P” BAKI İNCƏSƏNƏT FESTİVALINI TƏQDİM EDİR

“YARAT” Müasir İncəsənət Məkanı noyabrın 1-dən 6-dək ilk “M.A.P” Bakı İncəsənət Festivalını keçirəcək.

“YARAT”dan bildirilib ki, festivalın bədii məqsədi və yüksək hədəfi, ilk növbədə, gənc nəslə müasir teatr sənətinin mahiyyətini çatdırmaqdır. Məhz bu səbəbdən festivalın təşkilatçısı teatr banilərimizin maarifpərvər ideyalarına üz tutacaq, böyük uğur qazanmış modern teatrın parlaq əsərlərini nümayiş etdirəcək, musiqi ilə səhnə arasında dərin əlaqələri üzə çıxaracaq.

Vaxtı ilə Azərbaycan teatrını yaradan dahi insanlar sənət vurğunu idilər. Teatra böyük ümid bəsləyən həmin insanlar əmin idilər ki, hər bir xalqın teatrı – onun mənliyinin güzgüsüdür. Onların xəyallarına belə gəlməzdi ki, elə bir dövr yetişəcək ki, insanlar teatra tam laqeyd olacaq və onların nəvə-nəticələri sosial şəbəkələrdəki ünsiyyəti sənətdən üstün tutacaqlar. Bu fenomeni araşdıranlar teatr böhranından, internetin təsirindən və zamanın tələblərindən nə qədər danışsalar belə, “YARAT” Müasir İncəsənət Məkanı əmindir ki, teatr insanlara hava və su kimi lazımdır. Sözsüz, teatrı yaradan da, yaşadan da bu sənətə məcnunsayağı vurğun olan insanlardır. Birinci “M.A.P” Bakı İncəsənət Festivalının qəhrəmanları da məhz belə şəxsiyyətlərdir. Onların istedadı, peşəkarlığı elə bir təsir qüvvəsinə malikdir ki, həm gəncləri, həm yaşlı nəsli öz ovsununa salacaqdır.

“Bakcell” şirkətinin dəstəyi ilə keçiriləcək festivalda adları aşağıda qeyd edilən tamaşalar nümayiş olunacaq:

“Bir əsgərin hekayəti” - balet-tamaşasının premyerası, bəstəkar İqor Stravinski, rejissor Mehdi Məmmədov, dirijor Yalçın Adıgözəlov (Azərbaycan)

“Gülməli adamın yuxusu” – “Pyotr Fomenkonun Emalatxanası” teatrı (Rusiya)

“Ked” – “Praktika” teatrı (Rusiya)

“Troya zövcələri” – “Royal District” teatrı (Gürcüstan)

“Birgə yaşama” - “Eskizı v prostranstve” aktyor qrupu (Rusiya)

“Sovrulanlar” baleti – “Novıy Balet” teatrı (Rusiya)

“Çevrilmə” baleti – “Novıy Balet” teatrı (Rusiya)

“Bolero” baleti – “Novıy Balet” teatrı (Rusiya)

Festival çərçivəsində, həmçinin üç gün “Gaga Intensive” müasir rəqs məktəbinin (İsrail), eləcə də Ruslan Malikovun rejissor sənətinə dair ustad dərsi (“Praktika” teatrı, Rusiya) keçiriləcək.

Aktyor və rejissor Oleq Lyubimovun (“Pyotr Fomenkonun Emalatxanası” teatrı, Rusiya), səhnə dekoratoru, rəssam Alisa Malikovanın (“Praktika” teatrı, Rusiya) mühazirələri də festivalın yaddaqalan tədbirlərindən olacaq.

Festivalın konsert proqramına Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Bencamin Brittenin “Frenk Bric mövzusuna dair variasiyalar”ı, Sofiya Qubaydulinanın “Fachwerk” əsəri daxildir. Orkestrə Xalq Artisti Yalçın Adıgözəlov dirijorluq edəcək. Konsertin solisti Roman Yusipey (Almaniya) olacaq.

BAKI. 13.10.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7001
Avro
2.0063
Rusiya rublu
0.0296
Hava proqnozu
+20°
 / +12°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010