Banerlər
Xəbərlər

 

PARİSDƏ KEÇİRİLƏN QLOBAL SAMMİTDƏ SÜLH TƏŞƏBBÜSLƏRİNİN DƏSTƏKLƏNMƏSİNİN ÖNƏMİNDƏN DANIŞILIB

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev və vitse-prezidenti Ramil Əzizov noyabrın 5-6-da Paris Meriyasının təşkilatçılığı ilə Siti Universitetinin Sülh Korpusunda keçirilən qlobal sammitdə iştirak ediblər.

BAMF-dan verilən məlumata görə, tədbir dayanıqlı inkişaf üçün sülh, yoxsulluğun aradan qaldırılmasında sosial biznesin rolu, sosial çağırışlarda sülh perspektivləri, ətraf mühitin qorunmasında dayanıqlı dəstək və sair mövzulara həsr olunub. Nobel Sülh mükafatı laureatı Məhəmməd Yunusun təşəbbüsü ilə hər il keçirilən tədbirdə Paris şəhərinin meri Anne Hidalqo, Lüksemburq Şahzadəsi Mariya Tereza, İspaniya Kraliçası, Yunanıstan və Danimarka şahzadəsi xanım Sofiya, BMT baş katibinin siyasi məsələlər üzrə köməkçi Tomas Qas, BMT-nin ətraf mühit proqramının, Dəniz və Ekosistemlər bölməsinin rəhbəri Liza Svensson, Dünya Bankının Almaniya Dəniz Proqramının direktoru Piter Bakker və digər tanınmış simalar iştirak ediblər.

Tədbirdə çıxış edən Paris Meriyasının rəhbəri sülh təşəbbüslərini və dayanıqlı inkişafı dəstəkləmək üçün hər il meriya tərəfindən 1000 təşəbbüsün reallaşdırıldığını bildirib.

İspaniya Kraliçası dünyada yoxsulluğun aradan qaldırılması və müharibələrin dayandırılması üçün qəti addımların atılmalı olduğunu deyib.

Lüksemburq Şahzadəsi Mariya Tereza dünya maliyyəsinin əksər hallarda sosial inkişafa və sülhə xidmət etmədiyini deyib. O, dünyanı Parisdə imzalanmış iqlim dəyişikliyinə qarşı mübarizə paktı ətrafında bir araya gəlməyə çağırıb.

Tədbir ərəfəsində Lüksemburq Şahzadəsi ilə görüşən Umud Mirzəyev ona Azərbaycan haqda məlumat verib. Şahzadə ölkəmizdəki inkişaf proseslərindən məmnun olduğunu ifadə edib.

Umud Mirzəyevin BMT baş katibinin köməkçisi Tomas Qas ilə söhbətində Azərbaycanın üzləşdiyi haqsız müharibənin BMT-nin gündəliyinə gətirilməsi, eləcə də dayanıqlı inkişaf və sülh mövzusunda fikir mübadiləsi aparılıb. Tomas Qas BAMF tərəfindən sülh təşəbbüslərinin dəstəklənməsi üçün keçirilən paralel tədbirlərə ciddi maraq göstərdiyini və ölkəmizin dayanıqlı inkişaf naminə sülh fəaliyyətini izlədiyini qeyd edib.

BAMF prezidenti Nobel Sülh mükafatı laureatı Məhəmməd Yunusa və digər tədbir iştirakçılarına Ermənistan–Azərbaycan Vətəndaş Sülh Platforması haqda məlumat verib. Məhəmməd Yunus BAMF prezidentinin təşəbbüslərin dəstəklənməsi və sülh çağırışlarının genişləndirilməsi təklifini yüksək qiymətləndirib, bu istiqamətdə əməkdaşlığa hazır olduğunu qeyd edib.

Tədbir müxtəlif sessiyalar üzrə davam etdirilib. Paris Meriyasının rəhbəri sülh və dayanıqlı inkişafın dəstəklənməsinə, 2014-cü il Olimpiya Oyunlarına göstərdiyi dəstəyə görə Məhəmməd Yunusun Paris şəhərinin fəxri vətəndaşı adına layiq görüldüyünü elan edib.

Qeyd edək ki, tədbir zamanı Umud Mirzəyevin təşəbbüsü ilə moderator Hans Reits Azərbaycanın auditoriyaya tanıtımını edərək, sülh və dayanıqlı inkişaf üçün texnoloji inkişafın, birlik və həmrəyliyin vacibliyinə toxunub.

Sonda Nobel Sülh mükafatı laureatı Məhəmməd Yunus tədbir iştirakçılarını sülh, dayanıqlı inkişaf naminə həmrəyliyə dəvət edib.

BAKI. 08.11.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7002
Avro
1.9963
Rusiya rublu
0.0287
Hava proqnozu
+10°
 / +8°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010