Banerlər
Xəbərlər

 

PREZİDENT İLHAM ƏLİYEV ƏFQANISTANIN MALİYYƏ NAZİRİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Əfqanıstan İslam Respublikasının maliyyə naziri Əklil Əhməd Hakiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı ölkələrimiz arasında güclü tərəfdaşlıq əlaqələrinin olduğunu qeyd edərək əməkdaşlığımızın artıq siyasi dialoq kimi mühüm sahəni və digər istiqamətləri əhatə etdiyini dedi. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin inkişafında dövlət başçıları arasında keçirilən görüşlərin əhəmiyyətini vurğulayaraq Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin ölkəmizə səfərini və onunla müxtəlif beynəlxalq tədbirlərdə görüşlərini məmnunluqla xatırladı. Dövlətimizin başçısı yüksək səviyyədə keçirilən görüşlər və danışıqlarda əldə edilmiş razılaşmaların tam şəkildə həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi.

Ölkəmizin Əfqanıstanı dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycan hərbi qulluqçularının Əfqanıstanda sülhməramlı missiyada iştirakı və logistik təchizatda fəal rolunun əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı, eyni zamanda, investisiya və iqtisadiyyat sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirdi.

Əfqanıstan İslam Respublikasının maliyyə naziri Əklil Əhməd Hakimi, ilk növbədə, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin salamlarını dövlətimizin başçısına çatdırdı. Nazir Azərbaycanın ölkəsinə verdiyi dəstəyin Əfqanıstan rəhbərliyi və xalqı tərəfindən yüksək qiymətləndirildiyini bildirdi. O qeyd etdi ki, səfərinin əsas məqsədi əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı məsələlərin müzakirəsindən ibarətdir.

Dövlətimizin başçısı Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Əfqanıstan Prezidentinə çatdırmağı xahiş etdi.

Görüşdə əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

BAKI. 08.11.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7002
Avro
1.9963
Rusiya rublu
0.0287
Hava proqnozu
+10°
 / +8°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010