Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN MƏTBƏXİ BEYNƏLXALQ FESTİVAL-BAZARDA

Dekabrın 2-də Vyanada “Austria Center Vienna” konqres mərkəzində BMT-nin Vyana bölməsi nəzdində fəaliyyət göstərən Qadınlar Gildiyasının (UNWG) təşkilatçılığı ilə 49-cu “Beynəlxalq Festival-Bazar” xeyriyyə tədbiri keçirilib. Konqres mərkəzinin iki mərtəbəsində keçirilən bazar milli suvenirlər və milli mətbəx olmaqla iki böyük hissəyə ayrılıb.

Hər il olduğu kimi, bu il də Azərbaycanın Avstriyadakı səfirliyi ənənəyə sadiq qalaraq ölkəmizi bu tədbirdə təmsil edib. Tədbirdə Azərbaycanın Avstriyadakı səfirliyinin əməkdaşlarının və bu ölkədə yaşayan soydaşlarımızın xanımları tərəfindən hazırlanmış milli mətbəximizin ləziz xörəkləri və şirniyyatları minlərlə iştirakçıya təqdim edilib, milli suvenirlər guşəsində isə xalq sənəti nümunələri, eləcə də müxtəlif Azərbaycan şirkətinin məhsulları nümayiş olunub.

Xeyriyyə tədbirində müxtəlif ölkələr öz mədəni proqramları və milli mətbəxləri ilə çıxış edirlər. Minlərlə Vyana sakini hər il Milad bayramı ərəfəsində təşkil olunan bu bazara məmnuniyyətlə baş çəkir. “Beynəlxalq Festival-Bazar”da dünyanın 80-dən artıq ölkəsinin milli mətbəxi, suvenir və əl işləri təqdim edilir, burada, həmçinin beynəlxalq təşkilatlar, bir sıra donor şirkətlər və banklar öz stendləri ilə təmsil olunurlar. Milli folklor qruplarının qatıldığı bazarda müxtəlif ölkələrin təqdim etdiyi hədiyyələr xeyriyyə məqsədilə lotereya oyununda uduşa çıxarılır.

Azərbaycanın Avstriyadakı səfirliyinin qadın diplomatlarının və səfirlik əməkdaşlarının xanımlarının fəal təmsil olunduqları BMT Qadınlar Gildiyası hər il təşkil olunan beynəlxalq bazarda əldə edilən vəsaitləri Avropa, Asiya, Afrika və Latın Amerikasında yardıma ehtiyacı olan uşaqlar üçün müxtəlif layihələrin maliyyələşməsinə sərf edir.

BAKI. 04.12.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7001
Avro
1.9994
Rusiya rublu
0.0289
Hava proqnozu
+12°
 / +7°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010