Banerlər
Xəbərlər

 

AZƏRBAYCANIN MACARISTANDAKI SƏFİRİNƏ BU ÖLKƏNİN “XİDMƏTLƏRİNƏ GÖRƏ” ORDENİ TƏQDİM EDİLİB

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin bu ölkə Prezidentinin 2017-ci il 27 iyul tarixli Fərmanı ilə təltif edildiyi “Xidmətlərinə görə” ordeninin Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyində təqdim olunması mərasimi keçirilib.

Tədbirdə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibinin müavini Jolt Çutora səfir Vilayət Quliyevin ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi sahəsində xidmətlərinə görə bu ordenlə təltif olunduğunu bildirib. J.Çutora Vilayət Quliyev ilə tanışlığının 20 ilə yaxın olduğunu söyləyərək onunla bağlı xatirələrini bölüşüb. O, Azərbaycanın ictimai-siyasi həyatında, dövlət idarəçiliyi sistemində xüsusi xidmətləri olan, elm və ədəbiyyat sahəsində öz sözünü deyən və yüksək insani keyfiyyətlərə malik diplomatla, alimlə münasibətlərinin dostluğa çevrilməsindən məmnunluğunu ifadə edib.

Xarici İşlər və Ticarət Nazirliyinin Mərkəzi Avropa və Şərq departamentinin direktoru Antal Heizer çıxışında Vilayət Quliyevin Azərbaycan-Macarıstan əlaqələrinin inkişafındakı rolundan danışıb. O, səfirin Macarıstan Prezidenti tərəfindən belə yüksək ordenlə təltif edilməsinin bu xidmətlərin nəticəsi olduğunu diqqətə çatdırıb.

Sonra Macarıstanın “Xidmətlərinə görə” ordeni səfir Vilayət Quliyevə təqdim olunub.

Vilayət Quliyev çıxış edərək göstərilən yüksək etimada görə Macarıstan Prezidentinə, bu ölkə hökumətinə, o cümlədən Xarici İşlər və Ticarət Nazirliyinə minnətdarlığını bildirib. İki ölkə arasında əlaqələrin hazırkı səviyyəsindən danışan səfir son dövrlər münasibətlərin inkişaf etdiyini bildirib. Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ilin noyabrında Macarıstana və bu ölkənin Baş naziri Viktor Orbanın 2016-cı ilin martında Azərbaycana səfərlərinin ikitərəfli əlaqələrin daha da dərinləşməsinə xüsusi təkan verdiyini qeyd edib.

Hazırda iki ölkə arasında yüksək etimada və siyasi dialoqa əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayan Vilayət Quliyev əlaqələrin inkişaf etdirilməsində səfirliyin rolundan danışıb və bu istiqamətdə səylərin gələcəkdə daha da artırılacağını vurğulayıb.

Tədbirdə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin rəsmiləri, KİV-lərin təmsilçiləri və səfirliyin əməkdaşları iştirak ediblər.

BAKI. 18.01.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9267
Rusiya rublu
0.0258
Hava proqnozu
+15°
 / +9°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010