Banerlər
Xəbərlər

 

ODESSADA “AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ” ÇƏRÇİVƏSİNDƏ TƏDBİR KEÇİRİLİB

Azərbaycan Prezident İlham Əliyevin Sərəncamına əsasən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi çərçivəsində Ukraynanın Odessa şəhərində tədbir keçirilib.

Tədbir Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Odessa vilayəti təşkilatı tərəfindən təşkil olunub.

Odessa Dövlət Ekologiya Universitetində keçirilən tədbirdə çıxış edən diaspor fəalı Anar Ağayev bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında fövqəladə hadisə baş verib, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulub. Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb.

BUAK Odessa vilayət təşkilatının sədr müavini Namiq Talıbov isə çıxışında qeyd edib ki, 1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikası, 1918-1920-ci illərdə 23 ay ərzində mövcud olan və müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarının yaradılmasına nail olub. Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər Azərbaycan xalqının tarixinin parlaq səhifəsidir.

Azərbaycan Demokratik Cümhuriyyətinin müsəlman şərqində Avropa tipli idarəetmə prinsiplərinə keçən ilk dövlət olduğunu xatırladan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Ukrayna üzrə nümayəndə heyətinin rəhbəri Natiq Nağıyevin sözlərinə görə, ADC yaratmaqla dünyaya sübut edildi ki, Azərbaycan xalqı istedadlı, azad xalqdır.

“Hər bir nəsil öz keçmişi haqqında aydın təsəvvürə malik olmalıdır. Azərbaycanda yeni nəsil müstəqil dövlətçilik, millətçilik ruhunu öyrənməlidir. Ölkə Prezidenti İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi məhz buna xidmət edir. Azərbaycan dövlətinin başçısının tarixi keçmişimizə, varisi olduğumuz cümhuriyyətə bu qədər önəm verməsi Ukraynada yaşayan azərbaycanlılar tərəfindən də yüksək qiymətləndirilir”, deyə N.Nağıyev əlavə edib.

Tədbirdə çıxış edən digər natiqlər Azərbaycan Xalq Cümhuriyyətinin əhəmiyyətindən danışıblar.

BAKI. 05.02.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9423
Rusiya rublu
0.0253
Hava proqnozu
+31°
 / +23°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010