Banerlər
Xəbərlər

 

PEKİNDƏ AZƏRBAYCAN-ÇİN BİZNES-FORUMU KEÇİRİLİB

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri çərçivəsində fevralın 6-da Pekində Azərbaycan-Çin biznes-forumu keçirilib. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Çinin Kommersiya Nazirliyi və Beynəlxalq Ticarətin Təşviqi üzrə Çin Şurasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə sənaye, tikinti, nəqliyyat, logistika, investisiya, kimya, tekstil və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib.

Biznes-forumda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın Çin ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini, əməkdaşlığın bütün sahələrdə genişlənməsində maraqlı olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan və Çin dövlət başçıları arasında mövcud olan fəal siyasi dialoq ikitərəfli əlaqələrin iqtisadi, humanitar və digər sahələrdə inkişafı üçün möhkəm təməldir. Nazir Şahin Mustafayev bildirib ki, "Kəmər və Yol" təşəbbüsü çərçivəsində "Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi"nin potensialından istifadə iqtisadi sahədə, xüsusilə investisiya, ticarət, tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır. 2017-cı ildə Azərbaycanın Çinlə ticarət dövriyyəsinin 43 faiz artaraq 1,2 milyard ABŞ dolları təşkil etdiyini, bu ölkəyə ixracın 2,1 dəfə artdığını diqqətə çatdıran iqtisadiyyat naziri ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın olduğunu deyib. Vurğulanıb ki, dünən Pekində Azərbaycanın Ticarət Nümayəndəliyinin ofisinin açılması ölkələrimiz arasında ticarət həcminin artırılması, investisiya əməkdaşlığının genişləndirilməsində əhəmiyyətli olacaq.

2016-cı və 2017-ci illərdə Çinə 3 ixrac missiyası təşkil edilib, Azərbaycan məhsulları Çində keçirilmiş 2 sərgidə "Made in Azerbaijan" vahid ölkə stendi ilə nümayiş olunub. Azərbaycan bu il Çində keçiriləcək daha 3 sərgidə iştirak edəcək. Hazırda Şanxay Beynəlxalq Ticarət Əməliyyat Mərkəzində "Azərbaycan Şərab Evi"nin açılmasına dair danışıqlar aparılır. Bundan başqa, Çin iş adamlarının Azərbaycanda qeyri-neft sektoruna sərmayə yatırması üçün geniş imkanlar var. Azərbaycanda Çin investisiyalı 113 şirkətin qeydiyyatdan keçdiyini və bu şirkətlərin tikinti, sənaye, kənd təsərrüfatı, rabitə, xidmət, ticarət və s. sahələr üzrə fəaliyyət göstərdiyini diqqətə çatdıran nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, ölkəmizdə həyata keçirilən islahatlar, Azərbaycanın investisiya cəlbediciliyi barədə məlumat verib.

Çin Xalq Respublikasının Kommersiya Nazirliyinin Avrasiya işləri idarəsinin baş direktoru Luo Veidonq ölkəsinin Azərbaycanla əlaqələrə önəm verdiyini və ölkəmizlə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib. Qeyd olunub ki, ölkələrimiz iqtisadiyyatın müxtəlif sahələrində uğurla əməkdaşlıq edir və bu əlaqələrin inkişafı üçün imkanlar genişdir.

Tədbirdə "Ekspo 2025" Sərgisinə Bakının namizədliyi ilə bağlı videotəqdimat nümayiş olunub.

"Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru Rövşən Nəcəf, AZPROMO-nun rəhbəri Rüfət Məmmədov və Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi Nurlan Verdiyev təqdimatlarla çıxış ediblər.

Biznes-forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib.

Tədbir çərçivəsində Azərbaycanın "AS Group Investment" şirkəti və Çinin "Camce Co Ltd" şirkəti arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

BAKI. 07.02.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7001
Avro
2.1179
Rusiya rublu
0.0300
Hava proqnozu
+10°
 / +4°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010