Banerlər
Xəbərlər

 

PARİS “ART CAPİTAL 2018” SƏRGİSİNDƏ AZƏRBAYCANLI RƏSSAMIN ƏSƏRİ NÜMAYİŞ OLUNUR

Parisin məşhur Qran Pale sarayında “Art capital 2018” beynəlxalq sərgi salonunda Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Nərimanbəyovanın “Fantaziya” əsəri nümayiş olunur.

Fransanın tanınmış “Fransa rəssamlar Cəmiyyəti”, “Sulu boya ilə təsvir və rəsm”, “Müstəqil rəssamlar Cəmiyyəti” kimi məşhur sənət qurumlarının birgə təşkil etdiyi sərgidə nümayiş olunan əsərlər xüsusi münsiflər heyəti tərəfindən seçilir. Azərbaycanlı rəssamın əsəri əsası 1667-ci ildə qoyulmuş “Fransa Rəssamlar Cəmiyyəti” tərəfindən təqdim olunaraq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

N.Nərimanbəyovanın əsərləri fransız sənətsevərlər tərəfindən həmişə maraqla qarşılanıb. O, Parisdə “Qrand Pale”də keçirilən “Art capital 2016” sərgisində “Adajio” diptixinə görə “TOİLE D´OR” mükafatına layiq görülüb. Bununla da N.Nərimanbəyova “2016-cı ilin Fransada və Avropada ən yaxşı rəssamı” statusunu qazanıb. Onun əsərləri sərgi ziyarətçilərində yüksək əhval-ruhiyyə yaradır. Rəssam tamaşaçıları dərindən düşünməyə sövq edən maraqlı mövzular seçir.

Azərbaycanlı rəssamın rəsmləri uzun müddətdir ki, Avropa sənətçilərinin diqqət mərkəzindədir. Məşhur fransız sənətşünası, akademik Jan-Şarl Aşe Nigar Nərimanbəyovanın yaradıcılığını böyük Şaqalla müqayisə edərkən onun rəsmlərini “müasir incəsənətin şah əsərləri” adlandırıb.

Azərbaycanlı rəssam “Art capital 2018” sərgisinə “Fransa Rəssamlar Cəmiyyəti” tərəfindən dəvət olunub.

Qeyd edək ki, bu il “Art capital 2018” beynəlxalq sərgi salonunda 650-dən çox rəssam, heykəltəraş, arxitektor və oymaçının əsərləri nümayiş olunur.

Sərgi fevralın 18-dək davam edəcək.

BAKI. 14.02.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9267
Rusiya rublu
0.0258
Hava proqnozu
+15°
 / +9°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010