Banerlər
Xəbərlər

 

SEYMUR NƏSİROV: AZƏRBAYCAN DİLİNİN TƏDRİSİNƏ NAİL OLMAQ DİASPORUN ƏN BÖYÜK NAİLİYYƏTİDİR

Dünyanın ən qədim dövlətlərindən biri olan Misir bu gün özünün yeni inkişaf mərhələsini yaşayır. Afrika qitəsi ilə Yaxın Şərqi birləşdirən bu ölkə Süveyş kanalı kimi dünyada olduqca əhəmiyyətli dəniz keçidinə sahibdir. Misirin ərazisi 1 milyon kvadratmetrdən çoxdur. Əhalisi isə 100 milyona yaxındır. Afrika və Yaxın Şərqdə böyük siyasi nüfuza malik olan Misir Ərəb Respublikası hazırda regionda və müsəlman dünyasında əsas güclərdən hesab olunur. Kifayət qədər güclü ordusu olan Misir BMT, Qoşulmama hərəkatı, Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatların üzvüdür.

Bu fikirləri Misirdəki Azərbaycan diasporunun rəhbəri, Qahirə Universitetinin müəllimi Seymur Nəsirov bildirib

Azərbaycan ilə Misir arasında iqtisadi, siyasi əlaqələrin böyük perspektivlərinin olduğunu deyən diaspor rəhbəri bildirib: “Məsələyə siyasi aspektdən yanaşaraq qeyd etmək lazımdır ki, Azərbaycan Cənubi Qafqazda yerləşən yeganə güclü və müasir İslam dövlətidir. Bu gün Azərbaycanın əldə etdiyi uğurlar, onun iqtisadi inkişafı Misiri cəlb edir. Həmçinin Orta Asiya ilə iqtisadi ticarət əlaqələrinin Azərbaycan üzərindən həyata keçirilməsi Misir üçün əlverişlidir.

Misirin Azərbaycan üçün əhəmiyyətindən danışarkən qeyd etmək lazımdır ki, Azərbaycan son illər ixrac potensialını artırmaq istiqamətində bir sıra uğurlu addımlar atıb. Misir vasitəsilə Azərbaycan Afrika və Yaxın Şərq bazarlarına çıxış əldə edə bilər. Beləliklə aydın olur ki, hər iki dövlətin qarşılıqlı maraqlarının mövcudluğu əlaqələrin də inkişafına stimul yaradır”.

Azərbaycan diasporunun fəaliyyətindən danışan Seymur Nəsirov qeyd edib ki, Qahirə və Əl-Əzər universitetlərində Azərbaycan dilinin tədrisinə nail olmaq diasporun ən böyük nailiyyətidir.

O bildirib ki, son illər Azərbaycana səfər edən misirli turistlərin sayında da artım müşahidə edilir. Azərbaycanın turizm potensialının təbliği üçün mütəmadi olaraq bu ölkənin mətbuatında və televiziya kanallarında reklam rolikləri təqdim edilir, məqalələr dərc olunur və təqdimatlar edilir. Səfirliyin iştirakı ilə tələbələrin Qəlubiyyə bölgəsindəki Azərbaycan parkına və bu parkda ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsinə ziyarəti təşkil olunur. Onlara ölkəmiz, onun tarixi, təbiəti, müasirliyi, qazandığı uğurlar barədə məlumat verilir. Həmçinin parkdakı kitabxanaya Azərbaycan həqiqətlərini əks etdirən ərəb dilinə tərcümə edilmiş yeni kitablar verilir.

Bu gün həm Misir, həm də Azərbaycan iqtisadi inkişaf mərhələsini yaşayırlar. Bu məqamda əlaqələrin genişləndirilməsi əməkdaşlığın böyük perspektivlərindən xəbər verir.

BAKİ. 26.02.2018. AZERTAC


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
2.0024
Rusiya rublu
0.0256
Hava proqnozu
+26°
 / +19°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010