Banerlər
Xəbərlər

 

BAKIDA “YAPON İNCƏSƏNƏTİ AZƏRBAYCAN MİLLİ İNCƏSƏNƏT MUZEYİNİN KOLLEKSİYASINDAN” ADLI SƏRGİ AÇILIB

Azərbaycan Milli İncəsənət Muzeyi “Dünya incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” “coğrafi” sərgi silsiləsini davam etdirir.

Layihə çərçivəsində martın 5-də muzeydə “Yapon incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərgi açılıb.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Qeyd edilib ki, Milli İncəsənət Muzeyinin yapon incəsənəti kolleksiyası, xronoloji çərçivəsi XVIII-XX əsrləri əhatə edən 200-ə yaxın muzey əşyasını özündə birləşdirir. Yapon incəsənəti kolleksiyasının əsasını Azərbaycan burjuaziyasının mülkiyyətindən müsadirə olunan və milliləşdirildikdən sonra muzey fonduna verilmiş əşyalar təşkil edir.

Hazırda muzey, yapon fəlsəfəsinin gözəllik və təbiiliyini özündə ehtiva edən Gündoğan ölkənin əsaslı dekorativ tətbiqi sənət kolleksiyasına sahibdir.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov çıxış edərək nümayiş edilən əsərlərinin orijinallığı və sənətkarlıq baxımından mükəmməlliyindən söz açıb.

Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori iki ölkə arasındakı mədəniyyət sahəsindəki əlaqələrdən danışıb. Son illər Azərbaycan ilə Yaponiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edən diplomat sözügedən sərginin bu qəbildən olduğunu söyləyib. Vurğulanıb ki, hər iki dövlət bir-biri ilə mövcud əlaqələrinin daha da genişlənməsində maraqlıdır və belə tədbirlər mədəni münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verir.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgidə təqdim olunan yapon dekorativ tətbiqi sənət abidələri arasında bədii keramika toplusu xüsusi diqqət cəlb edir. Sərginin ekspozisiyasında dünyada nüfuz qazanmış, XVIII-XX əsrlər Yaponiyanın məşhur keramika mərkəzlərinin nümunələri təqdim edilir. Parlaq rəsmləri olan çeşidli qab və boşqablar, qızılı və fiqurlu işləməli iri həcmli təntənəli dekorativ güldanlar, zərif dekorlu kiçik güldanlar, qıf şəklində yan tutacağı olan ənənəvi çaydanlar, nazik divarlı fincan və nəlbəkilər, naxışlı piyalələr, ustaca zərif miniatürlərlə bəzədilmiş çay dəstləri, gözoxşayan ətir qabları, çox nadir və orijinal formalı təraş qabları bu qəbildəndir.

Miniatür plastika sənəti, muzeyin yapon incəsənəti kolleksiyasında qiymətli fil sümüyü üzərində virtuoz oyma texnikası ilə işlənilib. Sərgidə, həmçinin süjetli səhnələr və nəbati naxışlarla bəzədilmiş fil sümüyündən hazırlanmış bir neçə qutu, XVIII-XIX əsrlərə aid sədəf haşiyəli valehedici yelpiklər, döyüşçülərin qüruru sayılan sümükdən hazırlanmış katana (qılınc) qınları yer alıb.

Bundan başqa, sərgi tamaşaçıları məftunedici rəng çalarları ilə sevilən mənzərə tematikasında ustalıqla işlənmiş ecazkar yapon tikmə nümunələri ilə tanış edir. Gündoğan ölkənin zərif, sirli və füsunkar incəsənətinə olan tükənməz maraq əsasında onilliklərlə formalaşan Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasındakı yapon incəsənəti bədii nümunələrinin təqdim olduğu hazırkı sərgi, bütün təlaşı onun hüdudlarından kənara qoyaraq, tələsmədən zahirən sadə görünən, lakin yapon sənətkarlarının gözündə zəriflik simvolu olan bu gözəlliyin fərqinə vararaq əsrarəngiz ab-havaya qərq olunan sanki kiçik bir dünyadır.

Sərgi mayın sonunadək davam edəcək.

BAKI. 06.03.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
2.0024
Rusiya rublu
0.0256
Hava proqnozu
+26°
 / +19°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010