Banerlər
Xəbərlər

 

EŞİTMƏ QABİLİYYƏTİ MƏHDUD RƏQQASLARDAN İBARƏT RƏQS TAMAŞASI - “TEN”

Martın 12-də “YARAT” Müasir İncəsənət Mərkəzində eşitmə qabiliyyəti məhdud olan peşəkar rəqqaslardan ibarət “Deaf Men Dancing” rəqs ansamblı “Ten” rəqs tamaşasını təqdim edib.

Təqdimat “British Council Azərbaycan”ın təşkilatçılığı, Böyük Britaniyanın ölkəmizdəki səfirliyi, “YARAT” Müasir İncəsənət Məkanı və Nizami Kino Mərkəzinin birgə tərəfdaşlığı ilə gerçəkləşib.

“British Council”ın “Unlimited” proqramının tərkib hissəsi kimi həyata keçirilən bu layihə fiziki imkanları məhdud olan və olmayan insanların birlikdə çalışıb çətinliklərə sinə gərməsi və inanılmaz cazibəyə malik incəsənət əsərləri yaratmasının bariz nümunəsidir.

Xoreoqraf və rejissor kimi fəaliyyət göstərən Mark Smitin bədii rəhbəri olduğu “Deaf Men Dancing” rəqs ansamblı eşitmə qabiliyyəti məhdud olan rəqqasları bir araya toplayır. Birlikdə onlar unikal, maraqlı və orijinal estetika nümunəsi ərsəyə gətirməklə yanaşı, xoreoqrafiya elementləri və işarə dili ilə zənginləşdirilmiş müxtəlif rəqs üslublarının birləşməsini yaradır.

Ansamblın bədii rəhbəri və xoreoqrafı Mark Smit, dizayner Rayn Douson Leyt və bəstəkarı Şon Çandler ilə əməkdaşlıq şəraitində “Ten” adlı yeni rəqs tamaşasını qürurla təqdim edib. Bu rəqs nömrəsi Lorel və Hardi, Flanaqan və Allen, Morkamb və Uays, Ebbott və Kostello, Qilbert və Corc kimi duetlərdən ilhamlanaraq hazırlanıb.

Tamaşada “Human Foundation” təşkilatının “Human Deaf Community” (eşitmə qabiliyyəti olmayan insanlar) icmasının nümayəndələri və eşitmə məhdudiyyətli insanlar da iştirak ediblər.

BAKI. 13.03.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9230
Rusiya rublu
0.0255
Hava proqnozu
+11°
 / +7°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010