Banerlər
Xəbərlər

 

MİDA VƏ IDEA İCTİMAİ BİRLİYİ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVIN DOĞUM GÜNÜ İLƏ BAĞLI AĞACƏKMƏ AKSİYASI TƏŞKİL EDİB

Mayın 5-də Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi ilə birlikdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirilib. Aksiya agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin birinci məhəlləsinin ərazisində təşkil olunub.

Bu barədə MİDA-nın mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd edilib ki, ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılması ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Azərbaycanın inkişaf strategiyasının prioritet istiqamətlərindən biri təbiətin mühafizəsini, ekoloji vəziyyətin yaxşılaşdırılmasını və vətəndaşların sağlam təbii mühitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir. Əsası Ulu Öndər tərəfindən qoyulmuş bu ənənə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz onun diqqət və qayğısı sayəsində ölkəmizdə ekoloji durumun daim sağlamlaşdırılması, mövcud yaşıllıq sahələrinin artırılması və yeni ağacların əkilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2011-ci ildə fəaliyyətə başlayan IDEA İctimai Birliyinin reallaşdırdığı layihələr ətraf mühitin mühafizəsinə xidmət etməklə yanaşı, ekoloji məsələlərlə bağlı ictimaiyyətin maarifləndirilməsində mühüm rol oynayır və insanları təbiətin qayğısına qalmağa təşviq edir.

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikiləcək yaşayış komplekslərinin layihələndirilməsi zamanı ərazidə sağlam və ekoloji cəhətdən təmiz ətraf mühitin təmin olunmasına xüsusi diqqət ayrılır. Təşkil olunmuş aksiyanın məqsədi insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək, ölkəmizdə yaşıllaşdırma işinin genişləndirilməsi prosesinə töhfə vermək və ekoloji problemlərə qarşı mübarizədə gənc nəsli birgə fəaliyyətə səsləməkdir.

Aksiya zamanı ərazidə Eldar şamı, çinar, zeytun ağacları və bəzək kollarından ibarət yüzdən çox bitki əkilib, onlara qulluq göstərilib, yaşıllıq zonasının sahəsində təmizlik və abadlaşdırma işləri aparılıb.

Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi Xarici dairəvi avtomobil yolunun kənarında yerləşir. Ümumi sahəsi 11,6 hektar olan kompleksin yerləşdiyi ərazi ekoloji cəhətdən sağlam və təmizdir. Əraziyə bitişik 5 hektara yaxın yaşıllıq zonası mövcuddur. Bununla yanaşı, layihələndirmə zamanı ərazinin yaşıllaşdırılmasına xüsusilə diqqət yetirilib.

Azərbaycan Dövlət Tikinti Normalarına əsasən, yaşayış binalarının tikinti altı sahəsi ümumi ərazinin 40 faizinə qədər olan hissəsini əhatə edə bilər. Yasamal Yaşayış Kompleksində isə bu göstəricinin 25 faizə yaxın olması şəhərciyin ərazisində geniş həyətlərin, yaşıllıq zonalarının, həmçinin uşaq meydançalarının və stadionun salınmasına şərait yaradır. Bununla yanaşı, sakinlər üçün istirahət guşələrinin yaradılması, uşaqların əylənməsi üçün müxtəlif attraksionların quraşdırılması nəzərdə tutulub.

BAKİ. 07.05.2018. AZERTAC.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9906
Rusiya rublu
0.0276
Hava proqnozu
+28°
 / +18°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010