Banerlər
Xəbərlər

 

ENERGETİKA NAZİRİ: CƏNUB QAZ DƏHLİZİ BÖYÜK BİR QİTƏDƏ ÇOXTƏRƏFLİ ƏMƏKDAŞLIQ MODELİNİ FORMALAŞDIRIR

Cənub Qaz Dəhlizi təkcə ölkəmizin ixracatçı, tranzit rolunda uzunmüddətli inkişafını təmin etmir, həm də böyük bir qitədə çoxtərəfli əməkdaşlıq modelini formalaşdırır.

Bu barədə energetika naziri Pərviz Şahbazovun “Azərbaycan” qəzetində dərc edilən məqaləsində deyilir.

Nazir bildirib ki, əgər XX “Əsrin müqaviləsi”nin yaratdığı tarixi nailiyyətlər Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəməri kimi qlobal layihənin reallaşması oldusa, XXI “Əsrin müqaviləsi” sayılan Cənub Qaz Dəhlizi çərçivəsində bu il də “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Trans-Anadolu (TANAP) qaz boru kəməri kimi ideyalar gerçəkliyə çevriləcək. Əsaslı işlərin qlobal iqtisadi böhran və maliyyə çətinlikləri dövrünə düşməsinə baxmayaraq, böyük maliyyə vəsaiti tələb edən və genişmiqyaslı infrastruktur layihəsi olan Cənub Qaz Dəhlizinin uğurla icrası Azərbaycanın irimiqyaslı layihələri həyata keçirmək əzmini bir daha nümayiş etdirir: “Nəinki təbii qaz ehtiyatları ilə bu strateji layihənin mənbəyi, həm də öz iradəsi ilə bu ehtiyatların Avropa bazarlarına nəqlinin müəllifi kimi Azərbaycan bu gün enerji təhlükəsizliyinin etibarlı təminatçısı kimi qəbul edilir. Çünki Cənub Qaz Dəhlizi təkcə ölkəmizin ixracatçı, tranzit rolunda uzunmüddətli inkişafını təmin etmir, həm də böyük bir qitədə çoxtərəfli əməkdaşlıq modelini formalaşdırır. İmkanları və perspektivləri ilə mövcud istehsalçı və istehlakçılarla bərabər, həm də gələcəkdə öz resurslarını bu dəhliz vasitəsilə dünya bazarlarına çıxarmaq istəyən istənilən enerji ölkəsinin maraqlarına cavab verir. Bir sözlə, bu gün böyük bir coğrafiyada Avropanın enerji təhlükəsizliyi üçün yeni mənbə və marşrut təklif edən, bir təchizatçıdan asılılığı aradan qaldıran enerji diversifikasiyası, dekarbonizasiya məqsədinə xidmət göstərən Cənub Qaz Dəhlizi də Heydər Əliyevin 22 il əvvəl verdiyi tarixi qərarın bəhrəsi, bu ideyaları reallaşdıran Azərbaycan Respublikasının siyasi iradə və yüksək qətiyyətinin təntənəsidir”.

Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru kəmərləri zənciri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli nəzərdə tutulur. Azərbaycan təbii qazının bu il Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması planlaşdırılır.

BAKİ. 08.05.2018. AZERTAC


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9906
Rusiya rublu
0.0276
Hava proqnozu
+28°
 / +18°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010