Banerlər
Xəbərlər

 

NAXÇIVAN MÜƏLLİMLƏR İNSTİTUTUNUN YENİ BİNASI İSTİFADƏYƏ VERİLİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycanda ali təhsilin inkişafı da diqqətdə saxlanılır. Prezident İlham Əliyev ali təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirir. Ölkədə mövcud olan ali məktəblərin sırası genişləndirilir. Bu sırada Naxçıvan Müəllimlər İnstitutu da mühüm yer tutur. Belə ki, 2003-cü il avqustun 26-da Naxçıvan Müəllimlər İnstitutu kimi fəaliyyətə başlayan bu təhsil ocağı ötən dövrdə öz fəaliyyətini genişləndirib, ali təhsilli kadrların hazırlanması sahəsində bir sıra nailiyyətlər əldə edib. Ötən dövrdə institut ixtisaslı müəllim kadrları ilə də təmin olunub, lazımi tədris şəraiti yaradılıb, maddi-texniki baza gücləndirilib, yeni ixtisaslar açılıb. Bütün bunlar Azərbaycan ali təhsilinin yeni inkişaf mərhələsinin göstəriciləridir. Dövlətimizin başçısının Azərbaycanın ali təhsil müəssisələrinin dünyanın inkişaf etmiş ali təhsil məkanına inteqrasiyasının təmin olunması ilə bağlı tədbirləri bu sahədə yeni keyfiyyət dəyişikliyinin əldə olunmasına şərait yaradıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına məlumat verdi ki, altı mərtəbədən ibarət olan bu ali təhsil ocağında ümumilikdə 23 auditoriya var. Binada 4 kompüter otağı, 16 elektron lövhəli auditoriya, kitabxana və oxu, eləcə də elektron oxu zalları, rəngkarlıq və heykəltəraşlıq emalatxanaları var. Təsviri incəsənət, coğrafiya, musiqi, hərbi, tibb, Azərbaycan dili, ali riyaziyyat və informatika otaqları tələbələrin biliklərinin artırılması üçün bütün zəruri inventarla təchiz edilib. Binada psixologiya laboratoriyası, müəllim və tələbələr üçün bufet də yaradılıb. Tələbələrin ixtiyarına verilən idman zalında müasir qurğular quraşdırılıb. Binada 132 və 20 yerlik iclas zalları da var. Bu zallarda təhsil müəssisəsinin həyatında baş verən əlamətdar hadisələrlə bağlı müxtəlif tədbirlər keçirmək mümkündür.

Naxçıvan Müəllimlər İnstitutunun yeni binasında yaradılan şərait bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsinin inkişafı istiqamətində atılan addımların nəticəsində muxtar respublikada da böyük işlər görülüb. Bütün bunlar Azərbaycanda insan kapitalının inkişafı istiqamətində dövlətimizin həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir.

Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Naxçıvan ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin açılışında iştirak edib.

Son illərdə ölkəmizin ərazisində yeni kollektor və xətlərin, tullantı sutəmizləyici qurğuların tikintisi, mövcud xətlərin yenidən qurulması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Prezident İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası sayəsində bu sahədə də əhəmiyyətli nəticələr əldə olunub. Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən sosial siyasətin mərkəzində insan amili dayanır. Hər hansı sahə üzrə infrastruktur yaradılarkən, ilk növbədə, əhalinin rahat yaşayışının təminatı ön planda saxlanılır. Son illərdə Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin yaradılması istiqamətində görülən işlər bunu deməyə əsas verir. Bu layihə bir tərəfdən ekoloji sahədə görülən tədbirləri əks etdirir, digər tərəfdən də yeni infrastruktur layihələrinin səmərəli istifadəsi üçün geniş imkanlar açır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına kompleks barədə məlumat verdi.

Bildirildi ki, kompleks giriş nasos stansiyasından, hovuzlardan, inzibati, transformator, kompressor binalarından, suvarma üçün nəzərdə tutulan su hovuzundan ibarətdir. Burada, həmçinin iri tullantı tutucu, qum və yağ tutma, membran tipli təmizləyici, palçıqqurutma, havatəmizləyici qurğular quraşdırılıb. Ümumilikdə, bu qurğunun fəaliyyəti 121 min istifadəçini əhatə edir. İcrasına 2014-cü ildə başlanılan layihə ötən ilin oktyabrında tamamlanıb. Qurğunun xidmət sahəsi Naxçıvan şəhəri, Qaraxanbəyli, Qaraçuq, Bulqan, Hacıniyyət, Tumbul, Babək rayonunun Şıxmahmud və Xəlilli kəndlərini əhatə edir. Bu qurğunun gücü gündə 32 min kubmetr və ya saniyədə 370 litrə bərabərdir. Kompleksdə bioloji fosfor təmizləmə hovuzu, oksigensiz hovuz, havalandırma hovuzu, suvarma su hovuzu inşa edilib. Buradakı hovuzların tutumu 25 min 650 kubmetrdir. Təmizləyici Qurğular Kompleksinin yerləşdiyi sahə 2,62 hektardır ki, bunun da 2 hektarı tullantıların saxlanması və qurudulması sahəsinə aiddir. Burada bioreaktor və membran tipli təmizləyici qurğu quraşdırılıb. Çirkab sutəmizləyici qurğu 3 mərhələli təmizləmə sistemindən ibarətdir. Kompleksdə təmizləmə prosesi fiziki, bioloji və membran təmizləmə üsulları ilə aparılır. Təmizlənmiş su isə ozonla dezinfeksiya olunaraq suvarma hovuzuna verilir. Layihənin icrası nəticəsində 500 hektar torpağın suvarılması mümkün olacaq.

Prezident İlham Əliyev kompleksi işə saldı.

Sonda xatirə şəkli çəkdirildi.

BAKİ. 17.05.2018. AZERTAC.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9906
Rusiya rublu
0.0276
Hava proqnozu
+28°
 / +18°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010