Banerlər
Xəbərlər

 

BAKI SAMMİTİNİN İKİNCİ PANEL İCLASI İQTİSADİ AZADLIQLAR MÖVZUSUNA HƏSR EDİLİB

Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammitinin ikinci panel iclası iqtisadi azadlıqlar mövzusuna həsr edilib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iclasda çıxış edərək ölkəmizin əldə etdiyi iqtisadi nailiyyətlərdən danışıb. O deyib ki, bu ilin birinci rübündə Azərbaycanda ümumi daxili məhsul 1,2 faiz artıb. Ölkədə əsas diqqət qeyri-neft sektoru üzrə ixraca yönəlib. Ümumi ixrac 16 faiz, qeyri-neft ixracı isə 19,3 faiz artıb.

Nazir müavini qeyd edib ki, Azərbaycan dünya iqtisadiyyatına uğurla inteqrasiya olunur:

“Biz çoxtərəfli ticarət sazişləri imzalayır, eyni zamanda, hüquqi bazanı təkmilləşdiririk. Beynəlxalq Maliyyə Korporasiyası və Dünya Bankı ilə əməkdaşlıq edirik. İqtisadiyyatın şaxələndirilməsi neft və qaz ölkəsi üçün, eləcə də Azərbaycan üçün çox önəmlidir. Bunun üçün dəqiq strategiyaların olması önəmlidir. Azərbaycanda dövlət vəsaitinin hara xərclənməli olduğu dəqiq bilinir və bu da uğurlu nəticələrini verməkdədir”.

Kanadada fəaliyyət göstərən Fraser tədqiqat institutunun nümayəndəsi Fred Makmahon iqtisadi azadlıq üçün açıq rəqabətin, əmlak hüquqlarının müdafiəsinin təmin olunmasının əhəmiyyətini vurğulayıb. O deyib ki, ölkələr hüquqi bazanın necə yaradılması haqqında düşünməlidirlər. İnnovasiyaların təşviqinə önəm verilməlidir. Fred Makmahon Azərbaycanda insanların rifah halının yaxşılaşdırılması istiqamətində görülən işləri qeyd edib.

Böyük Britaniyanın İqtisadi Məsələlər İnstitutunun beynəlxalq ticarət və rəqabət bölməsinin rəhbəri Şanker Sinqham iqtisadi sahədə sağlam rəqabət mühitinin təmin edilməsinin əhəmiyyətindən danışıb, bunun sahibkarlığın inkişafına da təkan verdiyini söyləyib. O, Azərbaycanda belə bir mühitin yaradıldığını bildirib.

Omanın İnvestisiyaların və İxracın Təşviqi qurumunun nümayəndəsi Azzan Al Busaidi bildirib ki, hər hansı bir ölkədə biznes mühitinin yaxşılaşdırılması üçün sərmayə qoyuluşu vacib şərtdir. Əsas məsələ dövlət və özəl sektor arasında tərəfdaşlığın təmin edilməsidir. Özəl sektorun dövlət tərəfindən dəstəklənməsi olduqca önəmlidir.

Panel iclasında mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

BAKI. 11.06.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9423
Rusiya rublu
0.0253
Hava proqnozu
+31°
 / +23°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010