Banerlər
Xəbərlər

 

ICOM-UN BAŞ ASSAMBLEYASININ NÖVBƏTİ İCLASI MİSİRDƏ KEÇİRİLƏCƏK

UNESCO-nun mənzil-qərargahında Beynəlxalq Muzeylər Şurası ICOM-un Baş Assambleyasının 33-cü iclası keçirilib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, ölkəmizi iclasda ICOM-un milli və beynəlxalq komitələrinin üzvü, “QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyi idarə heyətinin üzvü Pərvin Gözəlov və ICOM-un Milli Komitəsinin katibi Əminə Məlikova təmsil ediblər.

İclasda təşkilatın milli və beynəlxalq komitələri arasında əməkdaşlıq çərçivəsində, habelə ötən il görülən işlərin hesabatları dinlənilib. Təşkilatın maliyyə məsələlərinin hesabatları müzakirə olunub. İclasda 2022-ci ildə ICOM-un Baş Konfransının hansı şəhərdə təşkil olunacağının seçkisi də keçirilib. Çexiyanın Praqa, Norveçin Oslo və Misirin İsgəndəriyyə şəhərləri namizədlər sırasında olub. Səsvermənin nəticəsinə əsasən, ICOM-un Baş Konfransının Misirin İsgəndəriyyə şəhərində keçiriləcəyi elan edilib.

Qeyd edək ki, Misirin İsgəndəriyyə Kitabxanası dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi irsinin tədqiqinə xüsusi diqqət yetirir. 2014-cü ildən bu kitabxanada Nizami Gəncəvi irsinin kataloqunun hazırlanmasına başlanılıb. Kataloqa şairin irsini araşdıran dünya tədqiqatçılarının bütün əlaqələri, “Xəmsə”nin əlyazmalarının dünya arxivlərində saxlanılan nüsxələrinin qeydiyyatı, habelə Nizami Gəncəvi irsinə həsr olunmuş kitablar, araşdırmalar, məqalələr daxildir.

BAKI. 12.06.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9423
Rusiya rublu
0.0253
Hava proqnozu
+31°
 / +23°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010