Banerlər
Xəbərlər

 

SAMİRƏ DƏMİROVA: MƏQSƏDİM QƏDİM VƏ ZƏNGİN AZƏRBAYCAN MƏTBƏXİNİ YALNIZ AVSTRALİYADA DEYİL, BÜTÜN DÜNYADA TANITMAQDIR

Məqsədim qədim və zəngin Azərbaycan mətbəxini yalnız Avstraliyada deyil, bütün dünyada tanıtmaqdır.

Bu sözləri Avstraliya üzrə xüsusi müxbirinə müsahibəsində 2006-cı ildən Pert şəhərində yaşayan həmyerlimiz, dünyaca məşhur “Master Chef” kulinariya şousunun iştirakçısı Samirə Dəmirova deyib.

S.Dəmirova özü haqqında məlumat verərək bildirib ki, 1981-ci ildə Bakıda dünyaya gəlib. 138 nömrəli məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsində ali təhsil alıb. Həyat yoldaşı, əslən avstraliyalı Troy Ekliston ilə 2003-cü ildə Bakıda tanış olub. İxtisasca mühəndis-texnik olan T.Ekliston həmin vaxt Bakıya işlə bağlı gəlibmiş. Ailə qurduqdan sonra, 2006-cı ildə Avstraliyanın Pert şəhərinə köçüblər. İlk vaxtlar yeni ölkəni öyrənən Samirə yerli mədəniyyətə xüsusi maraq göstərib, qadın paltarlarının dizaynı və tikişi ilə məşğul olub, milli və beynəlxalq mətbəxi öyrənib, “Business Administration” məktəbində təhsilini davam etdirib. 2009-cu ildə həyat yoldaşının işi ilə bağlı Sinqapurda olarkən orada da yerli mətbəxi öyrənməyə xüsusi diqqət yetirib. 2010-cu ildə yenidən Pert şəhərinə qayıdıblar və həmin il qızı Skarlett dünyaya gəlib. İşlə əlaqədar Cənubi Koreyaya və Malayziyaya səfərlər zamanı isə bu ölkələrdə yerli mətbəxi öyrənməyə çalışıb. 2013-cü ildə oğlu Casper anadan olub. 2015-ci ilədək həm Malayziyada, həm də Avstraliyada yaşayıblar. Məhz həmin vaxtdan foto sənəti ilə ciddi maraqlanmağa başlayıb, öz bloqunu yaradaraq burada həm ailəsi, həm də dostları üçün hazırladığı yeməklərin reseptlərini paylaşıb.

2017-ci ildə yerli kastinq kompaniyası ona “Master Chef” kulinariya şousuna qatılmaq üçün ərizə ilə müraciət etməsi barədə dəvət göndərib. Bu sevindirici təklifdən həyəcanlanan Samirə uşaqları ilə uzun müddətli ayrılığa dözə bilməyəcəyinə görə şouya qatılmaq istəməyib. Xeyli düşündükdən sonra, müraciət üçün yalnız bir neçə saat qaldığı zaman ərizə formasını şirkətə göndərib. Heç özünün də gözləmədiyi bir halda onu şouya dəvət ediblər. Bundan sonra ağır zəhmət bahasına ilk dörd mərhələni keçərək, top 24-ə düşüb.

Samirə xüsusi vurğulayıb ki, şouya qatılmaqda əsas məqsədi məhz Azərbaycanı avstraliyalılara daha yaxından tanıtmaq olub. Məhz bu məqsədlə 2015-ci ildə öz bloqunu yaradaraq hazırladığı yeməklərin fotolarını çəkib və onları burada yerləşdirib. Ən böyük arzusu isə qədim və zəngin, tamı ilə dünyanı heyran qoyan Azərbaycan mətbəxini, mədəniyyətini tanıdacaq, illüstrasiyalarla zəngin kitabın Avstraliyada nəşr edilib yayılması olub. “Master Chef” teleşousu kimi bir proqramda iştirak isə bu arzunu reallaşdırmaq üçün ən əlverişli imkan yaradırdı.

Avstraliyada hələ də çoxlarının Azərbaycanı tanımadığını təəssüflə qeyd edən Samirə bildirib ki, belə bir şouda ölkəmizin nümayəndəsinin iştirakı Odlar Yurdunu tanıtmaq baxımından xüsusi əhəmiyyət kəsb edib. Əsrarəngiz təbiəti, qədim tarixi və zəngin mədəniyyəti olan Azərbaycanı bütün dünyada tanıtmaq onun əsas məqsədidir. Məhz bu məqsədə çatmaq üçün teleşouya bir vasitə kimi baxan Samirə əlindən gələni etməyi qərara alır. İnanır ki, bu, Avstraliyadan Azərbaycana gedən turistlərin sayının artmasına, ölkə iqtisadiyyatının inkişafına və yeni iş yerlərinin açılmasına böyük təsir göstərə bilər. Bir iqtisadçı kimi o, bu addımın əhəmiyyətini yaxşı başa düşür.

Şou-müsabiqədə iştirakın çox ağır olduğunu vurğulayan S.Dəmirova deyib ki, böyük zəhmət bahasına minlərlə iştirakçı arasından dörd mərhələni keçərək top 24-ə düşə bilib. Münsiflər heyətinin tərkibində isə tanınmış kulinar-tənqidçi Mett Preston, baş aşpaz, milliyətcə yunan olan Corc Kalombaris və Qeri Mehiqan kimi tanınmış simalar yer alıb. Samirənin vətənpərvərliyini yüksək qiymətləndirən M.Preston və C.Kalombaris ona dəstək olublar. Onların hər üçü Azərbaycan mətbəxini çox sevir.

Çəkilişlər ümumilikdə altı ay davam edib. Həm böyük uğura, həm də hərdən müşahidə edilən müvəffəqiyyətsizliyə baxmayaraq, Samirə əzmlə mübarizə aparıb. Hər dəfə müsabiqəyə qatılmasının əsas səbəbini xatırlayaraq bundan güc alıb. Müsabiqənin iştirakçıları arasında yeni dostlar tapsa da, uşaqları və normal həyat üçün darıxıb. Ağır məqamlarda məhz yeni dostları ona dayaq olublar.

Şou zamanı heyranedici məqamların da kifayət qədər olduğunu vurğulayan Samirə bunların arasında dünyaca tanınmış kulinariya ilahəsi Naycella Lausonla görüşünü, şef kulinar Qordon Remzi ilə birlikdə yemək hazırlamasını, Avstraliyanın məşhur kulinar ulduzu Meqqi Biir ilə tanışlığını və ən əsası Əlahəzrət Şahzadə Çarlzla söhbətini xüsusi qeyd edib.

Şou zamanı hazırladığı yeməklər arasında isə gürzə, plov, zəfəranlı və vanilli dondurma, narlı qoyun əti qızartması, xəngəl və digərlərinin adını çəkən Samirə qeyd edib ki, bu yeməklərin hər biri münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Çəkdiyi böyük zəhmət nəticəsində teleşounun top yeddiliyinədək irəliləyib. Finala qədər yüksələ bilməməsindən təəssüfləndiyini deyən həmyerlimiz onun gücü daxilində olan hər şeyi etdiyini bildirib. Xüsusi vurğulayıb ki, Azərbaycanı tanıtmaq üçün belə bir imkandan istifadə etməsindən, dünyaca məşhur şouya qatılmasından fəxr hissi duyur. Avstraliyalıların ürəyini və məhəbbətini qazanması isə onun üçün teleşounun əsas mükafatından da yüksəkdir. Bunu sosial şəbəkələrdə avstraliyalıların yazdıqları statuslar da təsdiq edir. Müsabiqə zamanı Azərbaycanın Avstraliyadakı səfirliyinin və diasporumuzun dəstəyini daim hiss etdiyini deyən Samirə, bu ölkədəki həmyerlilərimizə də minnətdarlığını bildirib.

Hazırda uzun ayrılıqdan sonra ailəsi ilə birlikdə xoşbəxt həyatını davam etdirdiyini deyən S.Dəmirova gələcək planları barədə də danışıb. Qeyd edib ki, teleşoudan sonra çoxlu təkliflər alıb, amma buna baxmayaraq, əsas məqsədi - Azərbaycan mətbəxi haqqında kitab üzərində işə başlayıb. Hazırda yeməklərin reseptlərinin sınağı və çəkilişləri davam edir.

Tezliklə Bakıya səfərə hazırlaşdığını deyən Samirə bildirib ki, çəkilişləri orada davam etdirməyi planlaşdırır. Noyabrda isə Marqaret Riverdə təşkil edilən böyük “Gourmet Escape” kulinariya festivalına qatılaraq burada milli yeməklərimizi hazırlayacaq. Eyni zamanda, özünün samskitchenblog.com bloqunda işi davam etdirəcək.

Samirə vurğulayıb ki, ən böyük arzusu Azərbaycan mətbəxi, təbiəti və mədəniyyəti barədə teleserial hazırlamaq və onu Avstraliyada, eyni zamanda, onun hüdudlarından uzaqlarda nümayiş etdirməkdir.

BAKI. 24.07.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9335
Rusiya rublu
0.0255
Hava proqnozu
+10°
 / +8°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010