Banerlər
Xəbərlər

 

YUNESKO-NUN ÜMUMDÜNYA İRS KOMİTƏSİNİN 43-CÜ SESSİYASININ 2019-CU İLDƏ BAKIDA KEÇİRİLMƏSİ İLƏ ƏLAQƏDAR TƏŞKİLAT KOMİTƏSİ YARADILIB

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev avqustun 9-da YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, mədəniyyət naziri Təşkilat Komitəsinin sədri təyin olunub. 23 üzvdən ibarət Təşkilat Komitəsinin üzvləri arasında AZƏRTAC-ın İdarə Heyətinin sədri də var.

Sərəncama əsasən, Təşkilat Komitəsi 2019-cu ildə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirəcək.

Sərəncamda deyilir ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək olmaqdır. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən YUNESKO ilə sıx əməkdaşlıq münasibətləri qurub və təşkilatın fəaliyyətinə öz töhfəsini verib. 2013-cü ildə YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Mühafizəsi üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi etmiş Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir YUNESKO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilməkdədir.

Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən Azərbaycan 2019-cu ildə bu mötəbər qurumun növbəti 43-cü sessiyasına ev sahibliyi etmək hüququ əldə edib. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin YUNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.

BAKI. 10.08.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9335
Rusiya rublu
0.0255
Hava proqnozu
+10°
 / +8°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010