Banerlər
Xəbərlər

 

QIRĞIZISTANDA MDB DÖVLƏT İNFORMASİYA AGENTLİKLƏRİ RƏHBƏRLƏRİ ŞURASININ 25-Cİ İCLASI KEÇİRİLİB

Qırğızıstanın Çolpon-Ata şəhərinin yaxınlığındakı “Nomad” Mədəniyyət Mərkəzində MDB iştirakçısı olan ölkələrin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XXV iclası keçirilib.

Tədbirdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) bölmə müdiri Nazim Xıdırov, Rusiyanın TASS Agentliyinin Baş direktorunun birinci müavini Mixail Kalmıkov, Qırğızıstanın “Kabar” Milli İnformasiya Agentliyinin baş direktoru Kubanıçbek Taabaldiev, Belarus Teleqraf Agentliyinin Baş direktoru İrina Akuloviç, Qazaxıstanın “Kazinform” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Askar Umarov, MDB İcraiyyə Komitəsinin şöbə müdiri İqor Qriqoryev iştirak ediblər.

İclasda Qırğızıstanın mədəniyyət, informasiya və turizm nazirinin müavini Aynura Temirbekova çıxış edərək İssık-Kul gölünün sahillərində keçirilən III Dünya Köçəri Oyunları haqqında məlumat verib. O, MDB ölkələrində turizmin daha da inkişafının vacibliyindən danışıb, oyunlarda 30-dan çox ölkənin mədəniyyət xadimlərinin iştirak etdiklərini bildirib.

TASS Agentliyinin Baş direktorunun birinci müavini Mixail Kalmıkov bildirib ki, III Dünya Köçəri Oyunları idmanın və ümumilikdə insanlığın inkişafına böyük töhfə verir: “MDB İnformasiya Şurasının iclası III Dünya Köçəri Oyunları çərçivəsində keçirildiyindən elə bilirəm, MDB ölkələrində daxili turizmin inkişaf etdirilməsi haqqında daha çox danışmalıyıq. III Dünya Köçəri Oyunlarının böyük əhəmiyyəti var. Belə ki, burada həm ümumi problemlərimizlə bağlı fikir mübadiləsi aparırıq, həm də qırğız xalqının tarixi, mədəniyyəti, milli mətbəxi ilə bir daha tanış oluruq”.

Qırğızıstanın “Kabar” Milli İnformasiya Agentliyinin baş direktoru Kubanıçbek Taabaldiev rəhbərlik etdiyi media qurumunun fəaliyyətindən danışıb. O bildirib ki, “Kabar” əvvəllər qırğız, rus, ingilis və türk dillərində informasiyalar yayırdısa, hazırda oxuculara ərəb və çin dillərində də xəbərlər çatdırır. “Biz bu şəbəkəni genişləndirmək əzmindəyik”, - deyən K.Taabaldiev qeyd edib ki, biz dünyanın informasiya agentlikləri ilə əlaqələrimizi genişləndiririk. “Kabar” III Dünya Köçəri Oyunlarının əsas informasiya yayımçısıdır, müxbirlərimiz İssık-Kulda keçirilən idman yarışlarını geniş işıqlandırırlar.

Hazırda Azərbaycanda turizmin inkişafına dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir. Bunun da nəticəsində Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır. Ölkəmizdə çoxsaylı beynəlxalq forumlar və idman yarışları keçirilir. Bu da Azərbaycana olan marağı artırır. Bu gün Azərbaycanda dünyada tolerantlıq diyarı kimi tanınır.

Belarus Teleqraf Agentliyinin Baş direktoru İrina Akuloviç, Qazaxıstanın “Kazinform” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Askar Umarov və digərləri çıxışlarında əməkdaşlığın daha da inkişafı istiqamətində görüləcək işlərdən danışıblar.

İclas başa çatdıqdan sonra iştirakçılar “Kırçın” etnoşəhərciyində olublar.

BAKI. 07.09.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9267
Rusiya rublu
0.0258
Hava proqnozu
+15°
 / +9°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010