Banerlər
Xəbərlər

 

BAKI METROSU QIŞ QRAFİKİNƏ KEÇİR

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən bildirilib ki, yay mövsümünün başa çatması və xüsusən yeni tədris ilinin başlanması ilə Bakı Metropolitenində sərnişin axını intensivləşir, metro istifadəçilərinin sayı artır. Bununla əlaqədar metropolitendə hərəkət qrafiki mövsümün tələblərinə uyğun yenidən tərtib olunur və digər müvafiq tədbirlər görülür. QSC-nin sədri Zaur Hüseynovun əmri ilə sentyabrın 15-dən metropolitendə qatarların hərəkəti yenilənmiş qrafiklə tənzimlənəcək.

Yeni qrafikə uyğun olaraq, qatarların hərəkəti sıxlaşdırılaraq, xətlərdəki qatarların sayı artırılacaq və interval azaldılacaq. Payız-qış mövsümünün qrafikinə uyğun olaraq, iş günləri ərzində sərnişin hərəkətinin daha çox intensivləşdiyi səhər və axşamın gur saatlarında “Həzi Aslanov-28 May” və əksinə olmaqla qatarlar arasında interval 2 dəqiqə təşkil edəcək. Günün qalan vaxtlarında isə qeyd edilən sahədə hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azaldığı axşamın gur saatlarından sonra qatarlar arasındakı fasilə 3 dəqiqə və daha çox olacaq. Bakı Metropoliteni xətlərinin xüsusiyyətləri nəzərə alınaraq, xətlərin ayrıldığı “28 May” stansiyasından “Dərnəgül” və “İçərişəhər” istiqamətlərində və əksinə interval iki dəfə artıq olacaq.

Qatarların “Bakmil” stansiyasından xəttə daxil olma və ya “Nəriman Nərimanov” stansiyasından xətdən çıxarılıb, depoya yola salınma ərəfəsində “Ulduz-Həzi Aslanov” sahəsində interval fərqi bir qədər arta bilər. Qeyd edilən qrafik iş günlərini əhatə edir. İstirahət, o cümlədən qeyri-iş günlərində Bakı metropolitenində fərqli hərəkət qrafiki tətbiq olunur. Yeni qrafik 2019-cu ilin yay aylarına qədər qüvvədə olacaq.

Bakı Metropolitenində hərəkət qrafiki il ərzində iki dəfə dəyişdirilir. Tədris ilinin başa çatması və yay mövsümündə əhalinin istirahət məqsədilə daha çox şəhərdən kənara üz tutması ilə əlaqədar metropolitendə qismən yüngülləşdirilmiş qrafik tətbiq olunur.

Sərnişinlər qatarların “Bakmil” stansiyasına və əksinə hərəkət cədvəlləri ilə sentyabr ayının 15-dən “metro.gov.az” saytında tanış ola bilərlər. Bunun üçün saytın “Sərnişinlər üçün” bölməsində “Bakmil” stansiyasına (depoya) gedən qatarların hərəkət cədvəli”nə daxil olmaq lazımdır.

BAKI. 12.09.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9267
Rusiya rublu
0.0258
Hava proqnozu
+15°
 / +9°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010