Banerlər
Xəbərlər

 

AZƏRBAYCANIN VƏ İSRAİLİN MÜDAFİƏ NAZİRLƏRİNİN GÖRÜŞÜ OLUB

Sentyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat bildiriblər ki, görüşdən əvvəl İsrailin nümayəndə heyəti Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Qonaqlar, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.

Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib.

İsrailin müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

İki ölkə arasında tərəfdaşlığın yüksək səviyyəsindən danışan general-polkovnik Z.Həsənov bunun təkcə dövlətlərimizin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını qeyd edib.

Azərbaycanın müdafiə naziri Ermənistanın regional sabitliyə əsas təhlükə yaratdığını, işğalçı ölkənin dövlət səviyyəsində daim separatizmi dəstəklədiyini və qoşunların təmas xəttində gərginliyin artırılmasında maraqlı olduğunu diqqətə çatdırıb.

Xalqlarımız arasında mövcud olan tarixi kökləri və əlaqələri yüksək dəyərləndirən A.Liberman ölkələrimizin münasibətlərinin məmnunluq doğurduğunu bildirərək bu cür görüşlərin keçirilməsinin zəruriliyini qeyd edib.

Görüşdə regional təhlükəsizlik, iki ölkə arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, müxtəlif ixtisaslı mütəxəssislər səviyyəsində işçi görüşlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

BAKI. 14.09.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9876
Rusiya rublu
0.0249
Hava proqnozu
+24°
 / +19°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010