Banerlər
Xəbərlər

 

AVROPA İTTİFAQININ DƏSTƏYİ İLƏ NƏQLİYYAT SAHƏSİNDƏ EKSPERT MİSSİYASI ÖZ İŞİNƏ BAŞLAYIB

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və Avropa İttifaqının (Aİ) dəstəyi ilə Avropanı Birləşdirmə Mexanizmləri (Connecting Europe Facility – CEF) imkanlarından istifadə edə bilmək, bu mexanizm çərçivəsində layihələrin maliyyələşdirilməsi üzrə ittifaqın təcrübəsinin öyrənilməsinə dair ekspert missiyası öz işinə başlayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirilib ki, TAIEX yardım aləti çərçivəsində keçirilən ekspert missiyasının məqsədi nəqliyyat sahəsində Avropa İttifaqının əsas maliyyə aləti olan CEF-ə dair məlumatları təqdim etməkdir. Bu tədbir CEF vasitəsilə nəqliyyat infrastrukturunun maliyyələşdirilməsi metodologiyasının həyata keçirilməsinə, Aİ-nin uğurlu təcrübəsinin öyrənilməsinə şərait yaradacaq.

Xorvatiya Respublikasının Avropa İttifaqı yanında Daimi Nümayəndəliyinin birinci katibi, nəqliyyat üzrə mütəxəssis Kristian Lezakın iştirakı ilə gerçəkləşdirilən ekspert missiyası iki gün davam edəcək.

Tədbirdə nəqliyyat sahəsində müvafiq qurumların nümayəndələri iştirak edirlər.

SANKT-PETERBURQLA İQTİSADİ VƏ HUMANİTAR SAHƏLƏRDƏ ƏMƏKDAŞLIĞIN GENİŞLƏNDİRİLMƏSİ MÜZAKİRƏ EDİLİB

Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclası keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, videokonfrans formatında təşkil edilən iclasda Hökumətlərarası Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və Rusiya Federasiyası Sankt-Peterburq Sahibkarlığın və İstehlak Bazarının İnkişafı Komitəsinin sədri Elgiz Kaçayev, eləcə də hər iki tərəfdən komissiyada təmsil olunan müvafiq qurumların nümayəndələri iştirak ediblər.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan və Rusiya dövlət başçılarının birgə səyləri, siyasi iradəsi və qarşılıqlı səfərləri sayəsində ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, bu ilin sentyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri, aparılmış danışıqlar, səfər zamanı imzalanmış sənədlər bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Rusiya Federasiyası Sankt-Peterburq Sahibkarlığın və İstehlak Bazarının İnkişafı Komitəsinin sədri Elgiz Kaçayev iqtisadi əməkdaşlığın inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

İclasda Azərbaycanla Rusiya Federasiyasının federal subyektləri, o cümlədən Sankt-Peterburq vilayəti arasında iqtisadi əməkdaşlığın inkişaf etdiyi, iqtisadi-ticarət əlaqələrinin genişləndiyi qeyd edilib.

İclasda Azərbaycanla Sankt-Peterburq arasında Hökumətlərarası Komissiyanın 2017-ci ilin aprelin 5-də Sankt-Peterburq şəhərində keçirilmiş ilk iclasından ötən dövr ərzində görülən işlər barədə fikir mübadiləsi aparılıb, ticarət-iqtisadi, kənd təsərrüfatı, İKT, şəhərsalma, humanitar, əmək və əhalinin sosial müdafiəsi, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Qeyd edilən məsələlər Azərbaycanla Sankt-Peterburq arasında Hökumətlərarası Komissiyanın Protokoluna daxil edilib.

BAKI. 21.12.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9323
Rusiya rublu
0.0256
Hava proqnozu
+9°
 / +5°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010