Banerlər
Xəbərlər

 

MELBURNDA YAŞAYAN AZƏRBAYCAN VƏ TÜRK İCMALARININ BİRGƏ FƏALİYYƏTİ İSTİQAMƏTİNDƏ FİKİR MÜBADİLƏSİ APARILIB

Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbərliyi Viktoriya ştatı parlamentinin türk əsilli deputatı xanım Nazlı Süleyman ilə görüşüb.

Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Ofelya Hirtin, üzvləri Nicat Hacıyevin və Nigar Elqartın iştirak etdikləri görüşdə Melburnda yaşayan Azərbaycan və türk icmalarının birgə fəaliyyəti istiqamətində fikir mübadiləsi aparılıb.

Avstraliyada yaşayan Azərbaycan icmasını 28 May - Respublika Günü münasibətilə təbrik edən Nazlı Süleyman türk və Azərbaycan icmalarının əlbir fəaliyyətinin həm Azərbaycanın, həm də Türkiyənin Avstraliyada təbliği istiqamətində mühüm nəticələr verəcəyini bildirib.

Viktoriya ştatında yaşayan Azərbaycan icmasının ictimai-siyasi fəallığını qeyd edən Nazlı Süleyman bildirib ki, Azərbaycan diasporu tərəfindən təşkil olunan tədbirlər öz yüksək səviyyəsi ilə diqqəti cəlb edir və o, böyük məmnuniyyətlə həmin tədbirlərə qatılır. Bu tədbirlər Viktoriya ştatı ilə Azərbaycan arasında əlaqələrin inkişafına yaxşı təsir göstərir və mühüm körpü rolunu oynayır.

Görüşdə Viktoriya parlamentində ikitərəfli dostluq qrupunun yaradılması barədə fikir mübadiləsi də aparılıb. Qeyd edilib ki, bu günlərdə Viktoriya ştatının digər deputatı Devid Sautvik ilə görüş zamanı da həmin məsələnin vacibliyi vurğulanıb. Viktoriya ştatının kölgə naziri olan D.Sautvik bu məsələ ilə bağlı dəstək göstərməyə hazır olduğunu bildirib. Qeyd edilib ki, həmin qrup Azərbaycan ilə Avstraliya arasında əməkdaşlığın inkişafına mühüm təsir göstərə bilər.

Görüşdə, həmçinin birgə layihələrin, o cümlədən bədii sərgilərin təşkili barədə təklif irəli sürülüb. Azərbaycan və Türkiyənin zəngin mədəniyyətini əks etdirən bu cür tədbirlərin bütün tərəflər üçün faydalı olacağı vurğulanıb. Bununla yanaşı, Avstraliyanın ticarət nümayəndələrindən ibarət növbəti qrupun Azərbaycana səfərinin təşkili barədə fikir mübadiləsi aparılıb.

Xanım Nazlı Süleyman görüşdə qaldırılan təkliflərin həyata keçirilməsi üçün lazım olan köməyi göstərməyə hazır olduğunu bildirib.

BAKI. 29.05.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9069
Rusiya rublu
0.0270
Hava proqnozu
+34°
 / +24°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010