Banerlər
Xəbərlər

 

QOLF ÜZRƏ AZƏRBAYCAN KOMANDASI “MERCEDESTROPHY CEE & AFRİCA FİNAL 2019” TURNİRİNİN REGİONAL FİNALINDA PARLAQ QƏLƏBƏ QAZANIB

Bolqarıstanda qolf üzrə “MercedesTrophy CEE & Africa Final 2019” regional turniri keçirilib.

Azərbaycan təmsilçiləri ümumi komanda hesabında turnirin qalibi adını qazanıblar.

Şərqi Avropanın, Asiyanın və Afrikanın altı ölkəsindən yerli “Mercedes Trophy” turnirinin qalibi olan qolfçular öz ölkələrini bu ilin oktyabrında Ştutqartda keçiriləcək dünya finalında təmsil etmək hüququ uğrunda iki gün ərzində gərgin idman mübarizəsi aparıblar. Qolfçular üçün oyunun səviyyəsinə görə turnir müxtəlif kateqoriyalarda keçirilib. Turnirin yekunlarına görə güclü oyunçuların yarışdıqları A kateqoriyasında 0-dan 12-dək handikapla Azərbaycan komandasının qolfçusu Devid Seo, B qrupunda (13-24 handikap) Elman Rzayev qızıl medalı qazanıblar. Qross qrupunda isə Azərbaycan komandasının üzvü Endrü Halston ikinci yeri tutub.

Turnirin qaydalarına görə, hər bir qrupun qalibi bu ilin sentyabrında Almaniyanın Ştutqart şəhərində keçiriləcək dünya finalında – “Mercedes Benz Trophy World Final”da öz ölkəsinin idman şərəfini qoruyacaq.

Azərbaycanı çempionatda B kateqoriyasında qalib olmuş Elman Rzayev və A kateqoriyasında birinci yeri tutan Devid Seo təmsil edəcəklər.

Qeyd edək ki, Azərbaycan yığmasının qolfçusu Stiv Beyker “Drive to the Major” turnirində qalib gəlib. O, bu qələbə sayəsində İngiltərədə keçiriləcək ən qədim və dünya üzrə dörd nüfuzlu qolf turnirindən birinə - “The Open Royal Birkdale Golf Club”a vəsiqə qazanıb.

“Mercedes Trophy CEE & Africa Final 2019” turnirinin qalibi olmuş Azərbaycan komandası 2015-ci ildə Azərbaycanda qolfun inkişafı və kütləviliyinin artırılması üçün Bakıda açılmış yeganə qolf-klubun – “Dreamland Golf Club”un ərazisində bu ilin mayında keçirilmiş seçim turnirinin nəticələri əsasında formalaşıb. Dünya üzrə müxtəlif səviyyəli “Mercedes Trophy” turnirlərinin iştirakçılarının ümumi sayı 60 min nəfərdir.

Azərbaycan bu turnirin tarixində ilk dəfə finalda təmsil olunacaq.

BAKI. 01.08.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.8788
Rusiya rublu
0.0267
Hava proqnozu
+34°
 / +26°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010