Banerlər
Xəbərlər

 

BAKIDA AVİASİYA TƏHLÜKƏSİZLİYİ SAHƏSİNDƏ KOORDİNASİYA ŞURASININ MÜŞAVİRƏSİ KEÇİRİLİB

Bakıda Dövlətlərarası Aviasiya Komitəsi ilə Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən Aviasiya Təhlükəsizliyi Sahəsində Koordinasiya Şurasının müşavirəsi keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, müşavirədə 6 ölkənin nümayəndələri və 2 regional təşkilatın mütəxəssisləri iştirak edib. Azərbaycan Respublikası tədbirdə Dövlət Mülki Aviasiya Agentliyi, “Azərbaycan Hava Yolları” QSC-nin Aviasiya Təhlükəsizlik Baş İdarəsi və Hava Nəqliyyatında Baş Polis İdarəsinin nümayəndələri ilə təmsil olunub.

Tədbirdə “Aviasiya təhlükəsizliyinin təmini üzrə ICAO-nun Qlobal Planı” və bu istiqamətdə üzv dövlətlər tərəfindən tərtib ediləcək yol xəritəsi müzakirə edilib. Mülki aviasiyada terrorçuluğa qarşı mübarizə formaları haqqında ətraflı danışılıb.

Özbəkistan və Azərbaycan tərəflərinin müraciətlərinə əsasən, 2016-2019-cu illərdə ICAO tərəfindən audit keçirilmiş ölkələrin – Belarus, Qazaxıstan və Rusiya Federasiyasının nümayəndələri auditə hazırlıq, aşkar edilmiş nöqsanlar və onların aradan qaldırılması üzrə tövsiyə xarakterli geniş məlumat verib.

Azərbaycan Respublikasında aviasiya təhlükəsizliyinin təmini üzrə Dövlət Proqramının və yeni qaydaların layihələri, həmçinin ölkəmizin hava limanlarında Daxili İşlər Nazirliyinin struktur bölmələri ilə Aviasiya Təhlükəsizlik Baş İdarəsi arasında qarşılıqlı fəaliyyət və keçirilmiş birgə tədbirlər barədə ətraflı məlumat verilib.

Müşavirə iştirakçıları Heydər Əliyev Beynəlxalq Aeroportunun təhlükəsizlik sistemi ilə tanış olub, habelə Aviasiya Təhlükəsizliyi Baş İdarəsində sahələr üzrə müxtəlif görüşlər keçirib.

BAKI. 06.09.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.8811
Rusiya rublu
0.0264
Hava proqnozu
+25°
 / +18°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010