Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN-PAKİSTAN PARLAMENTLƏRARASI ƏLAQƏLƏRİ MÜZAKİRƏ OLUNUB

Sentyabrın 6-da Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Xeybər Paxtunxva Əyalət Assambleyasının Sədri Müştaq Əhməd Qaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ziyafət Əsgərov Azərbaycan ilə Pakistanın dost və qardaş ölkələr olduğunu deyib. Bildirib ki, müxtəlif səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, keçirilən görüşlər və aparılan danışıqlar ölkələrimiz arasında mövcud olan əlaqələrin daha da möhkəmlənməsinə təkan verir. Sədrin birinci müavini onu da qeyd edib ki, Pakistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı dəstəkləyir.

Söhbət zamanı Ziyafət Əsgərov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışıb. Diqqətə çatdırıb ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Problemin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasında müvafiq qətnamələr qəbul olunub. Lakin bu qətnamələrə bugünə qədər əməl olunmur. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı da dəfələrlə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətini pisləyib, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə edib.

Xeybər Paxtunxva Əyalət Assambleyasının sədri Müştaq Əhməd Qani deyib ki, Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub.

Pakistanda mövcud olan Kəşmir, Azərbaycanda isə Dağlıq Qarabağ münaqişələrindən danışan qonaq bu problemlərin həllində Pakistan və Azərbaycanın həmişə bir-birinə dəstək verməsindən məmnunluğunu ifadə edib. Bildirib ki, Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və Ermənistanı bir dövlət kimi tanımır. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında öz ədalətli həllini tapmayana qədər rəsmi İslamabad Ermənistanla heç bir münasibət qurmayacaq.

Görüşdə parlamentlərarası əlaqələrin inkişafı və tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

BAKI. 06.09.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.8811
Rusiya rublu
0.0264
Hava proqnozu
+25°
 / +18°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010