AZƏRBAYCAN – İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATI

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) əsası Türkiyə, İran və Pakistanın təşəbbüsü ilə 1985-ci ildə qoyulmuşdur. İƏT 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamı kimi yaradılmışdır. Təşkilatın əsas məqsədi region dövlətlərinin sahib olduğu resurslardan tam istifadəni təmin etməklə İƏT-in dünya iqtisadiyyatında payını artırmaqdır. Bu da, öz növbəsində, üzv dövlətlərin iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya olunmasına gətirib çıxaracaqdır. İƏT eyni zamanda iqtisadiyyatın liberallaşdırılması, üzv dövlətlər və digər dövlətlər arasında ticarət baryerlərinin aradan qaldırılmasına çalışır. 1992- ci ildə Türkiyə, İran və Pakistandan başqa, daha 7 dövlət, o cümlədən Azərbaycan,  Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan və Əfqanıstan bu təşkilata qoşulmuşdur. Yeni üzvlərin təşkilata qoşulması İƏT Nazirlər Şurasının 1992-ci il noyabrın 28-də İslamabadda keçirilmiş növbədənkənar iclası zamanı İzmir müqaviləsinə qoşulmaqla baş vermişdir. Bundan sonra yeni üzv dövlətlərin xarici işlər nazirləri tərəfindən İƏT-ə qəbul olunmaları barədə akt imzalanmışdır. İƏT-ə yeni üzvlərin daxil olması tarixi hazırda “İƏT Günü” kimi qeyd olunur. İƏT-ə üzv dövlətlərin sayının artması və bununla da daha böyük regionu əhatə etməsi onun vəzifələrini artırmış və daha böyük resursları idarə etmək imkanı yaratmışdır. İƏT regionunda iqtisadi əlaqələrin inkişaf etdirilməsi qarşısında dayanan əsas maneələr lazımi infrastrukturun və institutların olmamasıdır. Məhz buna görə də İƏT bu maneələrin aradan qaldırılması istiqamətində müxtəlif layihələr həyata keçirir.

İƏT-in əsas ali orqanı iştirakçı ölkələrin xarici işlər nazirlərindən ibarət Nazirlər Şurasıdır. Nazirlər Şurasının iclasları ildə bir  dəfə növbə ilə iştirakçı ölkələrin birinin ərazisində keçirilir. İƏT-in Katibliyi Tehranda yerləşir. Onun rəhbəri, yəni Baş katib 4 ildən bir üzv ölkələr arasından növbə ilə seçilir. İƏT 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında BMT-də, 1994-cü ildə isə İslam Konfransı Təşkilatında müşahidəçi statusu almışdır.

Sovet hökuməti dağıldıqdan sonra bir çox postsovet dövləti kimi, Azərbaycanın da İƏT-ə marağı yarandı. Çünki keçmiş SSRİ-nin tərkibində olan dövlətlər beynəlxalq ticarət əlaqələrindən və dəyər zəncirindən kənarda qalmışdılar.  İƏT bu dövlətlər üçün iqtisadi əlaqələri genişləndirmək imkanı yaradırdı. Bazar iqtisadiyyatına keçidin ilk mərhələsində olan Azərbaycan üçün dünya ticarətinə qoşulmaq çətin idi, məhz buna görə də İƏT Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası üçün imkan yaradırdı. Digər tərəfdən, coğrafi mövqe və mədəni yaxınlıq baxımından da İƏT-ə üzv dövlətlərlə iqtisadi əlaqələrin qurulması əhəmiyyətli idi. Eyni zamanda təbii resurslarla zəngin olan bir ölkə kimi Azərbaycanın iqtisadi maraqları İƏT-in iqtisadi maraqları ilə üst-üstə düşürdü. Azərbaycan Respublikası ilə İƏT arasında ilk münasibətlərin yaranması 1991-ci ilin fevralına təsadüf edir. Azərbaycan İƏT-ə bu qurumun təsis edilməsi haqqında 1987-ci il tarixli İzmir müqaviləsinin və bu müqavilənin 1990-cı il 18 iyun və 1992-ci il 28 noyabr tarixli protokollarının Azərbaycan Respublikası Milli Məclisinin 3 sentyabr 1993-cü il tarixli 699 nömrəli qərarı ilə ratifikasiya etməsi nəticəsində qoşulmuşdur. 1997-ci ildən bəri Azərbaycan Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri eyni zamanda İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Nümayəndələr Şurasında Azərbaycan Respublikasının daimi nümayəndəsidir. İƏT çərçivəsində Azərbaycan  digər üzv ölkələrlə bir sıra prioritet sahələr, o cümlədən nəqliyyat, enerji, ticarət və investisiya sahələri üzrə əməkdaşlıq etməkdədir. Bu çərçivədə Azərbaycan “İƏT-ə üzv dövlətlər arasında ticarət əməkdaşlığına dair Çərçivə Sazişi”, “İƏT regionunda tranzit nəqliyyatı haqqında Saziş”, “İƏT regionunda investisiyaların təşviqi və qorunması haqqında Saziş” də daxil olmaqla, müxtəlif sahələrdə 11 sənəd imzalamışdır4. Üzv dövlətlərin strateji coğrafi mövqedə yerləşməsi, Qərblə Şərqi birləşdirən nəqliyyat yollarına və zəngin təbii sərvətlərə malik olması İƏT-in əhəmiyyətini daha da artırır. Bu baxımdan Azərbaycan İƏT-də xüsusi əhəmiyyətə malik olan dövlətlərdəndir. İƏT ilə əlaqələr daima Ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olmuşdur.  Bu, eyni zamanda Ümummilli liderin o dövrdə müsəlman dünyası ilə əlaqələrin genişləndirilməsi istiqamətində apardığı siyasətlə bağlı idi. 1993-cü il 5-7 iyul tarixlərində İstanbulda İƏT ölkələri dövlət başçılarının II sammiti keçirilmişdi. Həmin dövrdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Ali Sovetin Sədri Heydər Əliyev İƏT-in II Sammitinin iştirakçılarına müraciət ünvanlamışdı. Bu sammitdə İƏT-in uzunmüddətli inkişafına dair İstanbul Bəyannaməsi qəbul edilmişdir. Bəyannamədə İƏT-in iqtisadiyyat, elm və mədəniyyət sahələrində başlıca vəzifələri və fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir. İstanbul sammitində iştirakçılar erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərinə hücumlarını pisləmiş, Ermənistandan öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağı və BMT Təhlükəsizlik Şurasının 822-ci qətnaməsini yerinə yetirməyi tələb etmişdilər. 1995-ci il martın 13-də İslamabadda İƏT-in III Sammiti öz işinə başlamış və  Azərbaycan bu sammitdə xarici işlər naziri səviyyəsində təmsil olunmuşdu. Sammitdə tranzit ticarəti, İƏT ölkələri iş adamlarına viza verilməsi prosedurunun sadələşdirilməsi, İƏT gəmiçilik şirkətinin, İƏT hava şirkətinin və onların nizamnamələrinin təsis olunması barədə sazişlər imzalanmışdır. 1996-cı il 13-14 may tarixlərində isə Heydər Əliyev İƏT-in Aşqabadda keçirilən IV Sammitində iştirak etmişdi. Sammitdə  çıxış edən ölkə başçısı demişdir: “Dünya təcrübəsi göstərir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Məhz buna görə də təşkilatda fəal iştirak etmək təkcə iqtisadi maraqların olmasından deyil, həm də tarixi köklərin, ənənələrin, mədəniyyətin eyniliyi ilə bağlı olduğumuz qardaş ölkələrlə sıx əməkdaşlıq Azərbaycan Respublikasının xarici siyasətinin üstün istiqaməti olmasından irəli gəlir”. Bu sammitdə eyni zamanda nəqliyyat və kommunikasiyanın inkişafına dair (1998-2007-ci illər üçün) proqram qəbul edilmişdir. İƏT-in 2000-ci il iyunun 9-da Tehranda keçirilən zirvə görüşündə Pakistanın keçmiş dövlət başçısı Pərviz Müşərrəf Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoymaq üçün ölkəsinin hər cür yardım göstərməyə hazır olduğunu bəyan etmişdi. Prezident Heydər Əliyev regionda iqtisadiyyatın inkişaf etdirilməsi üçün Böyük İpək Yolunun bərpa olunmasının vacibliyini diqqətə çatdırmışdı.

2002-ci il oktyabrın 18-də İƏT-in İstanbulda keçirilən VII Zirvə görüşündə Prezident Heydər Əliyev iştirak etmişdi. Bu toplantıdakı çıxışında Prezident Əfqanıstanda baş verən müsbət dəyişiklikləri alqışlayaraq 350 milyona yaxın insanın yaşadığı regionu əhatə edən İƏT-in yoxsulluğun azaldılması üçün xüsusilə dövlətlərarası əməkdaşlığı inkişaf etdirməli olduğunu və birgə layihələrin həyata keçirilməsinin təşviq edilməsinin əhəmiyyətini vurğulamışdır. Prezident İlham Əliyev də İƏT ilə əməkdaşlığa xüsusi diqqət yetirmiş və bu əməkdaşlığı xarici siyasətin prioritet sahələrindən biri kimi qiymətləndirmişdir.

İƏT-in IX Zirvə görüşü 2006-cı ildə Bakıda keçirilmişdir. Bu toplantı İƏT tarixində vacib görüşlərdən biri hesab olunur. IX Zirvə görüşündən sonra İƏT-də sədrlik Azərbaycana keçmişdir. Azərbaycan Prezidenti zirvə görüşündə çıxış edərək demişdir: “Biz bir neçə beynəlxalq, regional layihələrin iştirakçısı, təşkilatçısıyıq və çox istəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də konkret layihələr daha çox olsun. Biz konkret məsələlər ətrafında diskussiya apararaq və praktik addımların atılması üçün lazım olan bütün tədbirləri görməliyik”. 2007-ci il fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İƏT-in Baş katibi Xurşid Ənvəri qəbul etmişdir. Görüş zamanı Baş katib Pakistan xalqının Ermənistanın Azərbaycana təcavüzünü qəti şəkildə pislədiyini bir daha bəyan etmişdir. X Zirvə görüşü isə Tehranda 2009-cu il martın 11-də keçirilmişdir.

Prezident İlham Əliyev bu toplantıda cıxış edərək bildirmişdir: “Son üç il ərzində bizim sədrliyimiz altında İqtisadi Əməkdaşlıq Təşkilatında müxtəlif təşəbbüslər irəli sürülmüşdür. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə bölgədə enerji, nəqliyyat və digər sahələrdə çox önəmli addımlar atılmışdır. Azərbaycan enerji təhlükəsizliyinin möhkəmləndirilməsi işinə öz töhfəsini verməkdə davam edir”. Sammitdə eyni zamanda Tehran Bəyannaməsi qəbul olunmuşdur. Bəyannamədə regional münaqişələrin sülh yolu ilə və dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyi vurğulanmışdır. 2012-ci il İƏT çərçivəsində bir çox tədbirlərin Azərbaycanda keçirilməsi ili kimi yadda qalmışdır. Belə ki, 2012-ci ilin 2-3 may tarixlərində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə İƏT-ə üzv dövlətlərin ticarətin təşviqi üzrə təşkilatlarının rəhbərlərinin 2-ci iclası  Bakıda keçirilmişdir.

16 oktyabr 2012-ci ildə Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə görüşü keçirilib. Zirvə toplantısının yekununda  Bakı bəyannaməsi qəbul edilib.

Azərbaycanın İƏT ilə iqtisadi əlaqələrində qurumun  Ticarət və İnkişaf Bankı da mühüm rol oynayır. Ticarət və İnkişaf Bankı (“ECOBank”) 2008-ci ildə İƏT ölkələrinin daxili regional ticarətini genişləndirmək, iqtisadi inkişafı sürətləndirmək və infrastruktur, telekommunikasiya, energetika və digər sahələrdə həyata keçirilən layihələri maliyyələşdirmək məqsədilə yaradılmışdır. 2012-ci il sentyabrın 28-də bankın nizamnaməsi Azərbaycan Respublikası tərəfindən imzalanmış, 2013-cü il fevralın 15-də Milli Məclis tərəfindən təsdiq olunmuşdur. Hazırda Azərbaycan “ECOBank”ın səhmdarlarından biridir.

İƏT regionun əsas nəqliyyat xətləri olan Şimal - Cənub və Şərq - Qərb dəhlizlərinin inkişaf etdirilməsi üçün layihələr həyata keçirir. Bu layihələr çərçivəsində Azərbaycan Qəzvin–Rəşt–Astara dəmir yolu layihəsinin iştirakçısıdır.

2017-ci il  oktyabrında İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşü keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edib.

Azərbaycan üçün İƏT daima etibarlı tərəfdaş olmuşdur. Buna görə də Azərbaycan bu əməkdaşlığa istər ticarət əlaqələrinin inkişaf etdirilməsi, istər daxili tələbatın ödənilməsi, istərsə də dünya iqtisadiyyatına inteqrasiyanın artırılması baxımından xüsusi əhəmiyyət vermiş və yüksək qiymətləndirmişdir. İƏT ilə əməkdaşlığı daha da əhəmiyyətli edən isə  müstəqilliyinin ilk illərində dünya ilə iqtisadi əlaqələrdən geri qalan Azərbaycan üçün İƏT-in geniş və perspektivli imkanlar yaratması və Azərbaycanın dünya bazarına qoşulmasına yardımçı olması olmuşdur. Ümummilli lider Heydər  Əliyev də o dövrdə Azərbaycan iqtisadiyyatını böhrandan çıxarmaq üçün beynəlxalq iqtisadi münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət vermiş və vəziyyəti ustalıqla qiymətləndirərək, Azərbaycanın İƏT ilə münasibətlərinin inkişaf etdirilməsinə çalışmışdır.

Təsadüfi deyil ki, İƏT-in IX və XII Zirvə görüşləri, İƏT-ə üzv dövlətlərin ticarətin təşviqi üzrə təşkilatlarının rəhbərlərinin 2-ci iclası, İqtisadi Tədqiqatlar üzrə Daimi Komitənin 2-ci iclası və “İqtisadiyyat” jurnalının redaksiya heyətinin 1-ci iclası, Görkəmli xadimlər qrupunun 7-ci iclası, İƏT-in XII Zirvə görüşü, İƏT-ə üzv ölkələrin 4-cü Biznes Forumu və digər bu kimi əhəmiyyətli tədbirlər Azərbaycanda keçirilmişdir.  İƏT-ə üzv dövlətlər Dağlıq Qarabağ münaqişəsinə konkret münasibət bildirmiş, beynəlxalq normalara qarşı çıxaraq Azərbaycanın ərazi bütövlüyünü pozan Ermənistana tənqidi yanaşmış və ölkəmizin maraqlarını haqlı olaraq müdafiə etmişlər. 

Hal-hazırda Azərbaycan bir sıra  regional layihələrin fəal iştirakçısı kimi İƏT ilə  əməkdaşlığın daha da inkişaf etdirilməsinə öz töhfəsini verməkdədir.