TEKTONİK QURULUŞ

Azərbaycan Respublikasının ərazisi geoloji cəhətdən Alp qırışıqlıq qurşağına daxildir. Böyük və Kiçik Qafqazın cənub-şərq hissələrini və onları ayıran Kür dağarası çökəkliyini, həmçinin Orta Xəzər və Cənubi Xəzər çökəkliklərini əhatə edən müxtəlif quruluşlu qırışıq sistemlərdən ibarətdir. Azərbaycan Respublikasında Yer qabığının qalınlığı 38-55 km arasında dəyişir. Maksimum qalınlığı Böyük Qafqaz ərazisində, minimum qalınlığı Talşın ətəklərindədir. Ərazinin geoloji quruluşunda çökmə, vulkanogen-çökmə, vulkanogen və kontinental süxurlardan təşkil olunmuş Kembridən əvvəlki dövrdən başlayaraq müasir dövr çöküntüləri daxil olmaqla bütün geoloji dövrlərin çöküntü kompleksləri iştirak edir. Respublikada ən çox Mezozoy və həmçinin Kaynozoy yaşlı evgeosinklinal, miogeosinklinal və molass çöküntülər yayılmışdır. Az sahədə Paleozoyun subplatforma çöküntüləri və Alp Paleozoy-Kembridən öncəki metamorfik süxurlar var.

Azərbaycan Respublikasının əsas struktur vahidləri Böyük Qafqaz meqantiklinoriumu, Kür dağlarası çökəkliyi və Kiçik Qafqaz meqantiklinoriumdur.

Böyük Qafqaz meqantiklinoriumu mürəkkəb quruluşlu struktur olub, daxilində qədim strukturlarla yanaşı, cavan törəmə strukturlar da yerləşir:

Böyük Qafqaz antiklinoriumunun təsvir edilən bütün strukturları Girdiman çayında kəskin bataraq, şərqdə Xəzər sahillərində periklinal şəklində qapanır. Şamaxı-Qobustan sinklinoriumu sahəsində Vəndam antiklinoriumunun gömülmüş davamı Yavanıdağ-Sanqaçal ağırlıq qüvvəsi maksimumu hesab edilir. Burada, Girdiman və Ağsu çayları arasında Maykop çöküntüləri üzərində qalın (1500 m) Dübrar fasiyalı Tabaşir çöküntüləri örtüyü (horizontal yerdəyişmə amplitudu 10 km) yerləşir ki, bu da Basqal örtüyü adlanır. Qərbdə Mazım və Girdiman çayları arasında Vəndam antiklinoriumunun xeyli cənub hissəsi çaqıl daşları ilə örtülmüşdür.

Kür dağarası çökəkliyi uzun geoloji vaxt ərzində formalaşmışdır. Lakin müasir konfiqurasiyasını yalnız Oliqosen — dördüncü dövrdə almışdır. Çökəkliyin bünövrəsində uzununa istiqamətdə qərbdən şərqə və həmçinin şimaldan cənuba və əksinə pilləli enmə müşahidə edilir. Çökəklik törəmə struktur olub, üstdə yatan çöküntü layı qeyri-uyğun olaraq altdan yatan struktur kompleksi örtür. Quruluşunda köndələn qalxmalarla ayrılan iki çökəklik var: Orta Kür (Yuxarı Kür çökəkliyi Gürcüstan Respublikasındadır) və Aşağı Kür.

Kiçik Qafqazqabağı ön çökəkliyi Kiçik Qafqazın Somxeti — Ağdam zonasına paralel, cənub-şərq istiqamətdə uzanır. O, Paleogenin fliş tipli və Neogen-Antropogenin molass formasiyalı çöküntülərindən təşkil olunmuşdur; şimal-şərqdə Kür dərəsi boyu Yevlaxadək yaxşı izlənən Küryarığı ilə, ondan şərqdə isə Bərdə-Beyləqan xətti üzrə keçən fleksur əyimi ilə hüdudlanır. Çökəkliyin qərbində Kiçik Qafqazqabağı yarıq ilə hüdudlanmasına baxmayaraq cənub-qərb sərhədi girintili-çıxıntılıdır.

Talış qırılıqlıq sahəsi Kiçik Qafqazın mərkəzi hissəsinin bilavasitə şərq davamını təşkil edir. O, köndələn istiqamətdə qalxmış Alpdan əvvəlki bünövrədə yerləşir; Üst Tabaşirin azqalınlıqlı karbonat və Paleogen-Alt Eosenin fliş çöküntülərindən, Orta Eosen traxibazaltlarından və Oliqosen fliş çöküntülərindən təşkil olunmuşdur. Sahənin kiçik inruziv kütlələri Paleogendə yerləşir və qələvi bazalt, qabbro, diabaz-diorit və qabbro-monsonit-siyenit formasiyalara aid olub, yerləşdiyi vulkanogen süxurlarla birlikdə vahid maqmatik kompleks əmələ gətirir.

Burada Astara və Burovar antiklionriumları, Yardımlı və Cəlilabad sinklinoriumları, faylar, üstəgəlmələr və onları mürəkkəbləşdirən köndələn qalzım və çökəkliklər ayrılır.