XARİCİ SİYASƏT

Xarici siyasət hər bir dövlətin, o cümlədən müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasının siyasi iradəsinin göstəricisi olmaqla yanaşı, onun beynəlxalq münasibətlər sistemində mövqelərinin müəyyən edilməsini və möhkəmlənməsini, iqtisadi, siyasi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasını və inkişafını, milli təhlükəsizlik sahəsində mənafelərinin ödənilməsini, regional və beynəlxalq problemlərin birgə səylərlə aradan qaldırılmasını nəzərdə tutur.

Azərbaycan qədim və şərəfli dövlətçilik tarixinə, zəngin dövlətçilik irsinə, varislik ənənələrinə malikdir. Bu ənənələr Azərbaycanın ağır və faciəli məqamlarında dəfələrlə qırılsa da, fasilələr olsa da, xalqımız çətin sınaqlardan çıxaraq tarixi ədaləti bərpa etmiş, qədim dövlətçilik ənənələrinə sədaqətini göstərmiş, təkcə müdafiə qabiliyyəti ilə deyil, diplomatiya vasitəsilə də müstəqilliyini qoruyub saxlaya bilmişdir.

Xarici siyasətin düzgün müəyyənləşdirilməsi və icrası dünyanın mürəkkəb, həssas bölgəsində – coğrafi baxımdan Qərb və Şərqin kəsişməsində, sivilizasiyaların qovuşma məkanında, strateji yanaşmalarda isə geosiyasi və geoiqtisadi maraqların kəsişmə nöqtəsində yerləşən Azərbaycan üçün həm ötən dövrlərdə, həm də indi müstəsna əhəmiyyətə malikdir. Belə ki, ölkəmiz öz milli maraqlarını, regionda aparıcı dövlət statusunu qorumaqla yanaşı, Qərb, islam ölkələri, türk dünyası və Müstəqil Dövlətlər Birliyinin siyasi iqtisadi-mədəni məkanları ilə qarşılıqlı faydalı münasibətlər qurur, beynəlxalq əməkdaşlığı və bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini genişləndirir. Bu gün Azərbaycan Respublikasının siyasi və iqtisadi potensialı artmış, regionda söz sahibi olan dövlətə çevrilmiş, beynəlxalq "siyasət səhnəsi"ndə nüfuzu və mövqeyi daha da möhkəmlənmişdir. Həmin uğurlar vaxtilə ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və hazırda dövlət başçısı İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursun məntiqi nəticələridir. Bu siyasətin təməli sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı faydalı əməkdaşlıq kimi əsas prinsiplərdən, vəzifələri isə Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsinə siyasi təminat verilməsindən və beynəlxalq təhlükəsizlik sistemi ilə əlaqələndirilməsindən, dünya birliyində mövqeyinin möhkəmləndirilməsindən, bərabərhüquqlu və ölkəmizin milli mənafelərinə cavab verən iqtisadi, siyasi, mədəni əlaqələrin qurulmasından, bir sözlə, Azərbaycan xalqının milli maraqlarına uyğun olan ardıcıl və açıq xarici siyasət yürüdülməsindən ibarətdir. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın xarici siyasət kursunun əsas məqsədlərindən, milli maraqların formalaşması və təminatında əhəmiyyətindən və tarixi varislik ənənələrindən danışarkən bildirmişdir: “Biz bu siyasətin təməl prinsiplərini elə şəkildə yaratmışıq ki, yeritdiyimiz kurs dövlət müstəqilliyimizin əbədiləşdirilməsinə və ölkəmizin ərazi bütövlüyünün bərpasına xidmət etsin”. Bütövlükdə həmin prinsiplər müstəqil, dünyəvi və demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləməyə, Azərbaycanın regionda həlledici söz sahibi olmasına, bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli zəmin yaratmışdır. Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasında Heydər Əliyev kursunun davamlı inkişafı və təkmilləşdirilməsi məsələləri ilə yanaşı, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli mühüm yer tutur. Bir tərəfdən, ölkəmizin siyasi, iqtisadi və müdafiə potensialının möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin bərqərar olunması, digər tərəfdən, xarici siyasət sahəsində əldə edilən mühüm nailiyyətlər, bir sıra dövlətlərlə möhkəm əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin qurulması sayəsində Azərbaycanın ədalətli mövqeyi dəstəklənmiş, bütün regional və beynəlxalq layihələrdən getdikcə daha çox tədric olunan Ermənistan isə təcavüzkar dövlət kimi tanınmış və bu gün də tanınmaqdadır.

Hazırda dövlətimiz dünyanın bir sıra mötəbər beynəlxalq təşkilatlarının tamhüquqlu üzvüdür. Azərbaycan Respublikası dünyanın 177 dövləti ilə diplomatik əlaqələr qurmuşdur. Azərbaycanda xarici dövlətlərin 80-dən çox səfirlik və konsulluğu fəaliyyət göstərir.

Azərbaycanın xarici siyasət strategiyası ilk növbədə xalqımızın üzləşdiyi problemlərin, xüsusilə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla tənzimlənməsinə, ölkəmizin dövlətlərarası, regional və beynəlxalq əlaqələrinin möhkəmlənməsinə, dünya birliyinə sıx inteqrasiyasına yönəldilmişdir. Azərbaycanın uğurlu xarici siyasət kursu xarici ölkələrlə siyasi, iqtisadi və mədəni əməkdaşlıq sahəsində onu etibarlı tərəfdaş kimi tanıtmışdır. Cənubi Qafqaz regionu üzərindən transsərhəd nəqliyyat və kommunikasiya dəhlizlərinin çəkilişi təşəbbüsləri, bir tərəfdən, Azərbaycanın tranzit imkanlarını, iqtisadi potensialını genişləndirmiş, digər tərəfdən, həmin layihələrə bir sıra strateji əhəmiyyətli dövlətləri cəlb etməklə ətrafına tərəfdaşlar toplamışdır. 

Əlverişli coğrafi məkanda yerləşən Azərbaycan Qərb və Şərq, Şimal və Cənub ölkələrini birləşdirən ən qısa nəqliyyat və enerji dəhlizidir. Strateji əhəmiyyətli energetika və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin arxitekturasında mühüm yer tutur. Dinamik inkişafda olan Azərbaycan bu gün transsərhəd layihələrin əsas icraçısıdır. Xarici ölkələrin iqtisadiyyatına sərmayə qoyuluşu region ölkələrində daha qabarıq şəkildə özünü büruzə verir. Lakin qlobal geosiyasi və geoiqtisadi proseslərdə Azərbaycana diqqəti artıran amillərdən biri onun dünyanın aparıcı dövlətlərinin siyasi və iqtisadi mənafeləri üçün strateji ərazidə yerləşməsi, NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), əslində, Qərb və Rusiya arasında qarşıdurmanın mərkəzlərindən biri olmasıdır. Rəsmi Bakı fövqəlgüclərin hərbi-siyasi, iqtisadi ziddiyyətlərində Azərbaycanın tərəfsiz olduğunu və ərazisindən qonşu dövlətlərə qarşı istifadəyə yol verilməyəcəyini qətiyyətlə bildirsə də, bu mübarizənin müxtəlif təzahürləri, təzyiq və təhdid cəhdləri ilə hələ də üzləşməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, ölkəmiz xarici siyasət meydanında müstəqil siyasət yürüdür və heç bir dövlət öz iradəsini ona diktə edə bilməz. Azərbaycan daim öz milli maraqlarını, müstəqil və balanslaşdırılmış xarici siyasət prinsiplərini əsas tutaraq ölkəmizi region dövlətlərinin inkişafı, ortaq mənafelərin ödənilməsi üçün sülh və əməkdaşlıq məkanına çevirməyə nail olmuş, beynəlxalq münasibətlərdə hüquq bərabərliyinə söykənən əməkdaşlıq modellərinə üstünlük vermişdir. Azərbaycanın yürütdüyü çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilk növbədə region və Qərb ölkələri ilə sağlam münasibətlərin inkişafını, bütün dövlətlər və koalisiyalarla qarşılıqlı faydalı əməkdaşlıq qurulmasını nəzərdə tutur. Çoxvektorlu xarici siyasət kursunu reallaşdıran Azərbaycan Respublikası bununla özünü çoxsaylı təhdidlərdən xeyli dərəcədə qorumağa, ölkədə sabitliyi saxlamağa və dünyanın bir sıra dövlətləri ilə bərabərhüquqlu tərəfdaşlıq münasibətləri qurmağa nail olmuşdur.

Azərbaycan Respublikası müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara (Birləşmiş Millətlər Təşkilatı – BMT (United Nations Organization – UNO), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı – ATƏT (Organization for Security and Cooperation in Europe – OSCE), Qoşulmama Hərəkatı – QH (Non-Alignment Movement – NAM), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası – TDƏŞ (Cooperation Council of Turkic Speaking States – CCTSS ), Avropa Şurası – AŞ (Council of Europe – CE), İslam Əməkdaşlıq Təşkilatı – İƏT (Organisation of Islamic Cooperation – OIC), YUNESKO, İSESKO, Müstəqil Dövlətlər Birliyi – MDB (Commonwealth of Independent States – CIS)) və s. üzv olmaqla çoxtərəfli diplomatik əlaqələrini genişləndirməkdə, eyni zamanda NATO (North Atlantic Treaty Organization – Şimali Atlantika Müqaviləsi Təşkilatı (ŞAMT)), Avropa İttifaqı – Aİ (European Union – EU), Beynəlxalq Antiterror Koalisiyası kimi qurumlarla da əməkdaşlığı inkişaf etdirməkdədir.