Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qarşı iddiaları onların "Böyük Ermənistan" yaratmağa yönəlmiş strateji planlarının tərkib hissəsidir. Ona görə də ermənilər "ənənələrinə" sadiq qalaraq, həmişə əlverişli şərait yaranan kimi bu planın reallaşdırılması uğrunda mübarizəyə başlamışlar. SSRİ-də 1985-ci ildə ermənipərəst M.S.Qorbaçovun hakimiyyətə gəlməsilə erməni separatçıları növbəti dəfə yenidən fəallaşdılar.
Bu dəfə sovet rəhbərliyinin silahlı erməni separatçılarını — terrorçularını himayə və müdafiə etdikləri daha tez aşkara çıxdı. Dağlıq Qarabağ Muxtar Vilayəti ilə bağlı məxfi planı həyata keçirmək üçün M.S.Qorbaçov, ilk addım olaraq, onun qarşısında ən qüdrətli maneə olan Heydər Əliyevi Siyasi Bürodan uzaqlaşdırdı. Bundan az sonra, 1987-ci ilin noyabrında Qorbaçovun komandasına daxil olan erməni akademik A.Aqanbekyan Parisdə Dağlıq Qarabağ barədə sovet rəhbərliyinə təklif verdiyini, yenidənqurma və demokratiya şəraitində bu problemin həllini tapacağına ümid etdiyini bildirdi. Əvvəllər gizli fəaliyyət göstərən erməni "Qarabağ Komitəsi", onun Dağlıq Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu təşkilatı "Krunk" (Durna) açıq işə keçdi, "Miatsum" (Birləşmə) hərəkatı formalaşdırıldı. Bu hərəkat Ermənistan, Dağlıq Qarabağ Muxtar Vilayəti, Moskva rəhbərliyi, SSRİ və dünya ermənilərinin potensialına arxalanırdı. Hadisələr 1988-ci ilin fevralından daha aqressiv məcraya yönəldi. Fevral günlərində İrəvanda və Stepanakertdə separatçılar və erməni millətçilərinin mitinqlər dalğası başladı. Fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Sovetinin sessiyası vilayətin statusuna baxılması haqqında Azərbaycan SSR Ali Sovetinə müraciət etdi.
Bu fakt ermənilərin 1945-ci ilin noyabrı ilə müqayisədə taktikanı dəyişdirdiklərini göstərirdi. Onlar II Dünya müharibəsindən ötən dövr ərzində apardıqları intensiv təbliğat sayəsində və xarici ölkələrdəki güclü erməni diasporunun köməyi ilə dünya ictimaiyyətində Dağlıq Qarabağ barədə yanlış rəy yarada bilmişdilər. Ona görə bu dəfə iddialarını bağlı qapılar arxasından meydanlara çıxarmaq yolunu tutdular. Azərbaycanın o zamankı rəhbərliyi və geniş ictimaiyyəti isə erməni separatçılarının və onların müdafiəçilərinin yeni taktikası qarşısında hazırlıqsız idi. Fevralın 24-də Əsgəran rayonunda erməni separatçıları — terrorçuları tərəfindən iki azərbaycanlı gəncin qətlə yetirilməsi, 19 nəfərin yaralanması da ermənilərin planlarına qarşı düşünülmüş siyasi xətt hazırlanması ilə nəticələnmədi. Fevralın sonlarında artıq Azərbaycanın böyük sənaye şəhəri olan Sumqayıtda erməni xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik orqanlarının iştirakı ilə əvvəlcədən hazırlanmış qəsdlər törədildi. Çox keçmədən Sumqayıt hadisələrinin nə üçün törədildiyi aydın oldu. Əvvəlcədən planlaşdırıldığı kimi, bu hadisədən dərhal Ermənistanda yaşayan azərbaycanlılara qarşı və Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibindən qoparılıb çıxarılması üçün istifadə edildi. "Martın 10-da İrəvandan cənubda azərbaycanlılara məxsus Mehmandar kəndinin 4 sakini qətlə yetirildi. Martın 25-də Ararat rayonunun azərbaycanlı kəndlərində 100-dən çox ev talan edilib yandırıldı, əhalisi qovuldu. Mayın ortalarında İrəvan yaxınlığındakı Azərbaycan kəndlərinə yenidən basqın edildi…." Tarixdə azərbaycanlılara qarşı dəfələrlə təkrar olunmuş erməni vəhşilikləri və soyqırımları yenidən tüğyan etməyə başladı.
Separatçı-terrorçu erməni vəhşiliklərinin baş alıb getdiyi bu dövrdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və Sovet hökumətinin vəziyyətin real qiymətləndirilməsində maraqlı olmaması da aydın şəkildə üzə çıxdı. "1988-1995-ci illərdə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında" 1988-ci il 24 mart tarixli qərar bilərəkdən məsələnin separatçılıq aktı olmasını ört-basdır etməyə yönəlmişdi. Belə bir dəstək erməni separatçılarını daha da ruhlandırdı və onların təcavüzkarlığını daha da artırdı. Moskva qarşısında mütilik nümayiş etdirən Ə.Vəzirov başda olmaqla, Azərbaycan rəhbərliyi öz xalqına xəyanət, təcavüzkara isə güzəşt mövqeyi tuturdu. Nəhayət, Moskva Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycan SSR-in tərkibindən çıxartmaq istiqamətində daha bir addım atdı: SSRİ Ali Soveti Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də "Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tətbiqi haqqında" qərar qəbul etdi. Məqsəd aydın idi: Dağlıq Qarabağ Muxtar Vilayətində yaradılmış Xüsusi İdarə Komitəsi Muxtar Vilayətin Azərbaycandan alınıb Ermənistana verilməsini təmin etməli idi. Lakin bunu başa düşən Azərbaycan xalqının demokratik mübarizəsi nəticəsində noyabrın 28-də Xüsusi İdarə Komitəsi ləğv edildi. Ancaq bunun əvəzində yeni bir qurum — Təşkilat Komitəsi yaradıldı. Ermənistan SSR bu vəziyyətdən istifadə edərək dekabrın 1-də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında antikonstitusion qərar qəbul etdi. Bu Ermənistan tərəfindən Azərbaycan SSR-in ərazi bütövlüyünə qarşı açıq hüquqi müdaxilə aktı idi. Moskva, gözlənildiyi kimi, bu kobud müdaxilə faktına da göz yumdu. Bununla vəziyyət daha da kəskinləşdi. Bu dəfə Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyi Azərbaycana qarşı daha dəhşətli bir cinayətə əl atdı. Əsas hədəf kimi Bakı seçildi. Sovet dövləti öz vətəndaşları qarşısındakı konstitusiya öhdəliyini pozaraq ən müasir texnika və silahlarla silahlanmış iri qoşun kontingenti yeritməklə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda qanlı qırğın törətdi. Bakı qırğınında canlı qüvvə kimi erməni əsgər və zabitlərindən də geniş istifadə olundu. Lakin 20 Yanvar qırğını Azərbaycan xalqının iradəsini qıra bilmədi, əksinə respublikanın istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizəni daha da gücləndirdi. 20 Yanvar qırğınının səhəri günü Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlib sovet rəhbərliyinin cinayət əməllərini qətiyyətlə ifşa edən Heydər Əliyev Azərbaycan xalqının bu ədalətli mübarizəsinin — Qurtuluş savaşının önünə keçdi. 1991-ci il avqustun 30-da Azərbaycan SSR Ali Soveti dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyanat qəbul etdi, oktyabrın 18-də isə dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu. Dağlıq Qarabağın erməni separatçıları da yaranmış vəziyyətdən istifadə edərək siyasi təşkilatlanmanı davam etdirirdilər. Onlar 1991-ci ilin sentyabrında "Dağlıq Qarabağ Respublikası" adlanan oyuncaq qurumun yaradıldığını elan etmişdilər. Azərbaycan Respublikası həmin qurumu tanımaqdan imtina etmiş, noyabr ayının 26-da isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu ləğv olunmuşdu.
1991-ci ilin sonlarında SSRİ-nin dağılması ilə keçmiş sovet məkanında yeni geosiyasi şərait yarandı. Ermənistan, faktiki olaraq, Azərbaycana qarşı açıq və ədalətsiz müharibəyə başladı. Ermənistanın hərbi birləşmələri Azərbaycanın sərhədlərini pozub, Qarabağa daxil oldular və Dağlıq Qarabağın erməni separatçıları-terrorçuları ilə birləşərək Azərbaycan torpaqlarının işğalına başladılar.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu