AZƏRBAYCAN SƏNAYESİ
Azərbaycanın gələcək inkişafı ilə bağlı düşünülmüş mühüm proqramlardan biri də modern sənayeləşmədir. Son illərdə yeni dövrün tələblərinə uyğun həyata keçirilən uğurlu siyasət davamlı iqtisadiyyatın sənayeləşməsini daha da sürətləndirib. Azərbaycanda qeyri-neft sənayesinin davamlı inkişafında, yerli ehtiyatlardan istifadə etməklə sənaye sahələrinin yaradılması, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılmasında sənaye parkları və sənaye məhəllələri mühüm əhəmiyyət kəsb edir. Artıq ölkəmizdə yüzlərlə müasir sənaye müəssisəsi fəaliyyətə başlayıb, yeni sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi yüksəlib. Ötən illlərdə görülən işlərə nəzər yetirsək, aydın şəkildə görərik ki, ölkəmiz bu sahədə müəyyən nailiyyətlər qazanıb.
Azərbaycan Prezidentinin "Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır" strateji xəttinə uyğun olaraq, prioritet hədəf kimi reallaşdırılan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri də məhz sənayeləşmə və qeyri-neft sənayesinin inkişafıdır.
2016-cı il 6 dekabr tarixli Fərman ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin başlıca məqsədi mövcud resurslar nəzərə alınmaqla və ağır sənaye və maşınqayırma sektorunda müasir tənzimləmə və təşviq siyasəti tətbiq edilməklə qeyri-neft sənayesinin dinamik inkişafını təmin etməkdir.
Artıq uğurlu sənayeləşmə siyasətinə uyğun olaraq qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə sənaye parkları və sənaye məhəllələrinin yaradılması prosesi uğurla davam edir. Müasir istehsal infrastrukturuna malik sənaye parklarının yaradılması ölkədə sənaye sahələrinin inkişafının, ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsini, habelə istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına yönəldilmişdir. Sənaye parklarının yaradılması, həmçinin, ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, ətraf rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi öncül vəzifələrin yerinə yetirilməsi baxımından xüsusilə əhəmiyyətlidir.
ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır. Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların istehsalı və emalı müəssisələrinin yaradılması nəzərdə tutulmuşdur. Sumqayıt Kimya Sənaye Parkının ərazisi 508,14 hektar təşkil edir.
Sumqayıt Kimya Sənaye Parkının artıq 24 rezidenti var və 15 rezident artıq fəaliyyətə başlamışdır. Rezidentlərin mövcud layihələri üzrə sənaye parkına 5,0 milyard manat investisiya qoyulmuş, həmçinin 5400-dən çox iş yeri yaradılmışdır.
2021-ci ilin yanvar ayının 18-də Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməli qoyulub, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışı olub.
Parkın sənaye zonasında kimya sənayesi, tikinti sənayesi və digər sənaye sahələri üzrə müəssisələrin – parkın rezidentlərinin fəaliyyət göstərməsi üçün böyük imkanlar yaradılır. Burada həmçinin müxtəlif istiqamətlər üzrə peşə təhsili verən Peşə Təhsil Mərkəzi fəaliyyət göstərir.
Bununla yanaşı, ölkədə sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli Sərəncamı ilə Bakı şəhərində Balaxanı Sənaye Parkı yaradılmışdır. Balaxanı Sənaye Parkının ərazisi 10,15 hektar təşkil edir. Ümumilikdə, Parkda 19 rezident qeydiyyata alınmış və onlardan 16-sı fəaliyyətə başlamışdır. Bu parkın yaradılmasında başlıca hədəf təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şəraitin yaradılmasıdır.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 iyun tarixli Sərəncamı ilə Bakı şəhərinin Qaradağ rayonu ərazisində Qaradağ Sənaye Parkı yaradılmışdır. Qaradağ Sənaye Parkının idarəedici təşkilatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-dir. Qaradağ Sənaye Parkının bir rezidenti var - “Bakı Gəmiqayırma Zavodu” MMC. Sənaye parkına 847,1 milyon manat investisiya qoyulmuş, 2000-dək iş yeri yaradılmışdır.
Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 fevral tarixli Sərəncamı ilə Mingəçevir Sənaye Parkı yaradılmışdır. Mingəçevir Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Mingəçevir Sənaye Parkının idarəedici təşkilatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-dir.
Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 2016-cı il 21 sentyabr tarixində Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimi keçirilmişdir. Mingəçevir Sənaye Parkında rezident kimi qeydiyyata alınmış “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə illik istehsal gücü 20 min ton iplik olan 2 fabriki 2018-ci ilin 27 fevral tarixində Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə istifadəyə verilmişdir. Avadanlıqlar Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərindən alınmışdır. Fabriklərdə 700-dən çox daimi iş yeri yaradılmışdır.
Ölkəmizdə əsasən əczaçılıq sənayesinin inkişaf etdirilməsi məqsədi ilə dövlət başçısının “Pirallahı Sənaye Parkının yaradılması haqqında” 2016-cı il 14 sentyabr tarixli Sərəncamı ilə 30 hektar ərazidə yaradılmış sənaye parkında sahibkarlara zəruri infrastruktur xidmətləri və digər xidmətlər göstərilir. Hazırda Pirallahı Sənaye Parkında 5 müəssisə rezident kimi qeydiyyatdan keçmişdir ki, bunlardan artıq 2-si fəaliyyətə başlamışdır. Ümumilikdə rezidentlər tərəfindən sənaye parkına 29,1 milyon manat investisiya yatırılmış, 110 iş yeri yaradılmışdır. Bundan başqa, mövcud layihələr üzrə əlavə olaraq 47 milyon manat investisiyanın qoyulması və 500-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Son illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində müxtəlif təyinatlı yüzlərlə sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, minlərlə yeni iş yeri yaradılmışdır.
Ölkədə sənaye məhəllələrinin yaradılması Azərbaycan Respublikası Prezidentinin “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2014-cü il 8 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə müəyyən edilmişdir. Sənaye məhəlləsinin yaradılmasında məqsəd sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsi və əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasıdır.
Fərmanla müəyyən olunmuşdur ki, sənaye məhəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir. Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və s. məsələlərin həlli baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Hazırda Neftçala, Masallı, Hacıqabul, Sabirabad rayonlarında sənaye məhəllələri fəaliyyət göstərir.
Vətən müharibəsi nəticəsində 30 ilə yaxın dövr ərzində işğal altında qalan ərazilərin azad edilməsi Azərbaycan iqtisadi imkanlarını daha da genişləndirməyə əlverişli şərait yaratmışdır. İşğaldan azad edilmiş ərazilərin sənaye potensialı kifayət qədər yüksəkdir. ilkin baxışda zəngin su təchizatı, elektrik enerjisi, sənaye rekreasiya imkanları və zəngin faydalı qazıntılar azad olunan ərazilərin sənaye potensialının karkasını təşkil edir. Bu amillər onu deməyə əsas verir ki, azad edilmiş ərazilərin sənaye imkanları yaxın zamanlarda ölkə iqtisadiyyatında əlavə dəyər yaradacaqdır.
Ölkədə son illər həyata keçirilən kompleks tədbirlər nəticəsində sənaye sahəsində əldə edilən göstəricilər bir daha sübut edir ki, artıq Azərbaycan regionun güclü sənaye mərkəzinə çevrilməkdədir.