ÜMUMİ MƏLUMAT

Azərbaycan ədəbiyyatının qaynağında zəngin və dərin məzmunlu Azərbaycan folkloru durmaqdadır. Azərbaycan dünyanın ən zəngin folklor sərvətlərindən birinə sahibdir. Mifoloji-bədii dünyagörüşün izləri folklorda və klassik ədəbiyyatda indi də özünü büruzə verməkdədir.

Azərbaycan folklorunun özəlliklərindən birini — onun başqa türk xalqlarının folkloru ilə ortaq cəhətlərə malik olması təşkil edir. Ortaq türk folkloruna aid olan dastanlar arasında "Oğuznamə"lər xüsusi bir silsilə təşkil edir. "Köç", "Ergenekon", "Şu", "Qayıdış" kimi dastanlarda isə bütöv şəkildə prototürklərin mühüm problemləri öz bədii-mifoloji əksini tapmışdır. Həmin dastanların çoxu xülasə şəklində XI yüzillikdə yaşayıb-yaratmış türk alimi Kaşğarlı Mahmudun "Divanu lüğət-it-türk" ("Türk dilinin divanı") əsərində öz əksini tapmışdır. Bu dastanlar xalqların böyük hicrəti dövrünün bədii-mifik dünyagörüşünü özündə saxlamaqdadır.

Azərbaycan folkloru janr zənginliyinə malikdir. Epik folklor janrlarından nağıl və dastanlar, xalq müdrikliyinin ifadəsi olan atalar sözləri və zərbi-məsəllər tarix boyu qonşu xalqların folklor və klassik ədəbiyyatına güclü təsir göstərmişdir.

XVI-XVIII yüzilliklərdə dastan janrı xüsusilə geniş inkişaf etmiş, Qurbani, Tufarqanlı Abbas, Sarı Aşıq, Xəstə Qasım kimi qüdrətli sənətkarlar ərsəyə gəlmişdi. Əsasən irfanla bağlı olan orta əsr məhəbbət dastanları — "Qurbani", "Aşıq Qərib-Şahsənəm", "Əsli-Kərəm", "Abbas-Gülgəz", "Şah İsmayıl-Gülzar", "Tahir-Zöhrə", "Alıxan-Pəri", "Arzu-Qəmbər", qəhrəmanlıq dastanı "Koroğlu" bu dövrün məhsuludur. Məhəbbət dastanlarından fərqli olaraq, "Koroğlu" müxtəlif qolların toplusu olmaqla "Dədə Qorqud" dastanlarının ənənəsini davam etdirir və buna görə də epos adlanır. Azərbaycan folklorunun yazılı halda bizə gəlib çatmış ən böyük abidəsi "Kitabi-Dədə Qorqud" eposudur.

Yazılı ədəbiyyatın ən qədim nümunəsi e.ə. VI əsrdə Midiya dövləti ərazisində meydana çıxmış və müəllifliyi Zərdüştə aid edilən "Avesta"dır. Burada Azərbaycan xalqının dualist dünyagörüşü, ibtidai insanın xeyirlə şərin mübarizəsi haqqındakı təsəvvürləri öz bədii əksini tapmışdır.

VII-VIII əsrlərdə Azərbaycan şairlərindən Əbu Məhəmməd ibn Bəşşar, Musa Şəhəvat və İsmayıl ibn Yəsarın şeirləri mübariz tənqidi ruhu, orijinal sənətkarlıq xüsusiyyətləri ilə o dövr ərəb poeziyasından müəyyən dərəcədə seçilir. Ərəb dilində bədii əsərlər yazmaq ənənəsi Azərbaycan şairləri arasında XI-XII əsrlərə qədər davam edir, Xətib Təbrizi, Məsud ibn Namdar kimi sənətkarlar bu dildə Azərbaycan ədəbiyyatını zənginləşdirən bədii örnəklər ərsəyə gətirirlər.

XI yüzillikdən Qətran Təbrizinin yaradıcılığı ilə Azərbaycan poeziya məktəbi başqa bir dildən — dəri dilindən istifadə etməklə yeni inkişaf mərhələsinə qədəm qoyur. Qətranın bizə gəlib çatmış "Divan"ı Azərbaycan poeziya məktəbinin sonrakı inkişafında mühüm rol oynamışdır.

1054-cü ildə Azərbaycanın oğuz türklərinin yaratdığı Səlcuqilər dövlətinin tərkibinə daxil olması elmin, incəsənətin və ədəbiyyatın inkişafına təkan verməklə yanaşı, türkdilli Azərbaycan xalqının formalaşmasını da başa çatdırmış oldu.

XII əsrdə Azərbaycan ədəbiyyatında bütövlükdə Yaxın və Orta Şərq, eləcə də dünya ədəbiyyatlarının sonrakı inkişafına güclü təsir göstərmiş poeziya məktəbi öz formalaşmasını başa çatdırır və onun Xaqani Şirvani, Nizami Gəncəvi kimi dünya şöhrətli korifeyləri meydana gəlir. Məhz Nizaminin və digər sənətkarların yaradıcılığına görə XII-XVI əsrlər Azərbaycan ədəbiyyatının Renessans zirvəsi sayılır.

Saray ədəbi mühitində — XII əsr Azərbaycan dövlətlərindən Şirvanşahlar və Atabəylərin mesenatlığı altında Əbül-üla Gəncəvi (1096-1159), Məhsəti Gəncəvi (1089-1183), Xaqani Şirvani (1126-1199), Fələki Şirvani (1126-1160), Mücirəddin Beyləqani (-1190), İzzəddin Şirvani kimi əsərləri indi də öz yüksək bədii-estetik əhəmiyyətini itirməmiş sənətkarlar yetişmişdilər.

XIII yüzilliyin epik poeziya örnəkləri arasında anonim "Dastani-Əhməd Hərami" və Qul Əlinin "Qisseyi-Yusif" poemalarının adlarını çəkmək lazımdır. Bütün XIII əsri, XIV əsrin isə ilk onilliklərini yaşayıb uzun bir yaradıcılıq yolu keçmiş Güney Azərbaycan şairi Hümam Təbrizi (1201-1314) də bu dövrün görkəmli ictimai-siyasi xadimi və istedadlı şairlərindən biri olmuşdur. Azərbaycan ədəbiyyatında daha çox sufizm cərəyanının görkəmli nümayəndəsi kimi tanınmış Şeyx Mahmud Şəbüstərinin (1287-1320) nəsr və nəzmlə yazdığı bir çox əsərləri arasında "Gülşəni-raz" poeması diqqəti daha çox cəlb edir. XIV yüzildə Suli Fəqih və Mustafa Zərir kimi Azərbaycan şairləri də Quran motivləri əsasında qurulmuş "Yusif və Züleyxa" mövzusunda ana dilində əsərlər yaratmışlar. Elə həmin yüzilin sənətkarı Yusif Məddahın "Vərqa və Gülşa" poeması da anadilli epik şeirin gözəl örnəklərindən sayılmalıdır. Bütün bu əsərlər epik poeziyamızın sonrakı inkişafında müəyyən rol oynamışlar. Fars dilində yazıb-yaratmış görkəmli Azərbaycan şair və mütəfəkkirləri — Nəsirəddin Tusi (1201-1274), Marağalı Övhədi (1274-1338), Arif Ərdəbili (1311-) daha çox Nizami ənənələrinə söykənərək onun kimi əsərlər yaratmağa çalışırdılar. Əssar Təbrizinin (1325-1390) fars dilində qələmə aldığı "Mehr və Müştəri" poemasında Nizaminin "Xosrov və Şirin" və "Leyli və Məcnun" poemalarında dahiyanə təsvir və tərənnümünü tapmış saf ülvi məhəbbət hisslərinə iki gəncin böyük və təmənnasız dostluğu prizmasından nəzər salınır.

Bu dövrdə ədəbiyyatda və ictimai-siyasi fikirdə formalaşmış humanizm prinsipləri xüsusən Seyid İmadəddin Nəsimi (1369-1417) yaradıcılığında öz zirvəsinə çatır. İmadəddin Nəsimi — böyük sələfi Nizami Gəncəvidən sonra ədəbiyyatımızda humanizm, insansevərlik ideyalarının alovlu təbliğatçılarından, carçılarından biri kimi tanınmışdır.

XII-XVI əsrlər Azərbaycan ədəbiyyatında Renessans ideyalarının Nizamidən sonrakı zirvəsi — Qərb şərqşünaslığında "qəlb şairi" kimi məşhur olan Məhəmməd Füzulidir. Bunların arasında Füzulinin böyük müasiri və müəyyən dərəcədə mesenatı — böyük Azərbaycan dövlət xadimi və şairi Şah İsmayıl Xətainin (1487-1524) xüsusi yeri vardır.

Molla Vəli Vidadi (1707-1808), xüsusən Molla Pənah Vaqif (1717-1797) kimi sənətkarlar sadə, canlı dildə yazdıqları əsərlərlə poeziyanı xalqa daha da yaxınlaşdırmışlar.

Azərbaycan ədəbiyyatı XIX əsrin başlanğıcında Azərbaycan xalqının tarixi taleyində baş verən mühüm hadisə — Azərbaycanın Rusiya imperiyasının tərkibinə daxil edilməsi ilə bütövlükdə mədəniyyətdə olduğu kimi, ədəbiyyatda da qərbyönümlü meyllər olduqca güclənir. Bunun təsiri altında ədəbiyyatda milli və realist-dünyəvi motivlər aparıcı mövqeyə çıxır. Qasım bəy Zakir (1784-1857) poetik inkişafın istiqamətini müəyyənləşdirir. Mirzə Fətəli Axundzadə ilə demək olar ki, eyni dövrdə yaşayıb-yaratmış cənublu şair Seyid Əbülqasım Nəbatinin (1812-1873) yaradıcılığı minillik Şərq poeziyasının ənənələrinə söykənərək, bütün estetik gözəlliyi ilə yanaşı, sufizm ideyalarını təbliğ etməkdən o yana getmirdi. Bu dövrdə rus və Qərb şərqşünasları və şairləri ilə yaxından tanış olan, onlardan qabaqcıl humanist fikirləri əxz edən Abbasqulu ağa Bakıxanov (1794-1847), Mirzə Şəfi Vazeh (1792-1852), İsmayıl bəy Qutqaşınlı (1801-1861) kimi sənət və fikir adamlarının çiyinləri üzərində Mirzə Fətəli Axundzadə dühası yüksəlir, Azərbaycan ədəbiyyatını birdəfəlik Rusiya və Qərb ilə bağlayır, onu çağdaş dünya ədəbiyyatları sırasına çıxarır.

Bu dövrdə Avropa və Rusiya örnəyi əsasında realist və romantik ədəbiyyatın C.Məmmədquluzadə (1866-1932), M.Ə.Sabir (1862-1911), H.Cavid (1884-1944), M.Hadi (1880-1920), A.Səhhət (1874-1918), A.Şaiq (1881-1959) kimi görkəmli nümayəndələri öz yaradıcılıqları ilə Azərbaycan ədəbiyyatını dünya ədəbi-mədəni fikrinin ən yaxşı nümunələri səviyyəsinə qaldırırdılar. Bunların arasında realist ədəbiyyatın C.Məmmədquluzadə və M.Ə.Sabir, romantik şeirin M.Hadi, A.Şaiq, dramaturgiyanın H.Cavid kimi nümayəndələri Azərbaycan ədəbi-ictimai fikrinin inkişafında daha böyük rol oynamışlar.

Azərbaycan ədəbiyyatı tarixinin müəllifi, böyük maarifpərvər Firidun bəy Köçərli (1863-1920) olmuşdur.

Repressiya Azərbaycan ədəbiyyatının sovet dövrü tarixinin qan qarışıq qara səhifələrini təşkil edir. O dəhşətli illərdə repressiyaya məruz qalmış sənətkarlar arasında Azərbaycan ədəbiyyatı və incəsənətinin, ədəbiyyatşünaslıq və dilçilik elmlərinin çox görkəmli nümayəndələri olmuşlar: böyük dramaturq H.Cavid, istedadlı şair M.Müşfiq, görkəmli nasir və ədəbiyyat tənqidçisi S.Hüseyn, Azərbaycan Respublikasının himninin müəllifi məşhur şair Ə.Cavad, məhsuldar ədib və alim Y.V.Çəmənzəminli, filologiya professoru, poliqlot alim B.Çobanzadə, Bakı Dövlət Universitetinin rektoru, yazıçı T.Ş.Simürğ, Bakıda ilk Şərq Konservatoriyasını açmış Xədicə xanım Qayıbova, görkəmli teoloq-alim, Bakı qazisi Mir Məhəmməd Kazım ağa, folklorçu-alim H.Zeynallı, faciəvi rolların səhnəmizdə ən görkəmli ifaçıları A.M.Şərifzadə, Ü.Rəcəb və onlarca başqaları.

Mühacir ziyalılarımız arasında Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məhəmmədzadə, Əlimərdan bəy Topçubaşov, Ceyhun Hacıbəyli, Səməd Ağaoğlu, Əhməd Cəfəroğlu, Əbdülvahab Yurdsevər, Almas İldırım, Bənin (Ümmülbanu), Nağı Şeyxzamanlı, Məmməd Sadıq Aran, Hüseyn Camal Yanar, Teymur Atəşli, Musa Zəyəm, İbrahim Arslan, Əli Azərtəkin və onlarla başqaları vardır.

Bu dövrdə Azərbaycan ədəbiyyatının roman, xüsusən, tarixi roman janrını inkişaf etdirən tanınmış sənətkarlardan biri M.S.Ordubadi (1872-1950) olmuşdur. Səməd Vurğun (1906-1956) sovet dövründə yetişmiş ən görkəmli şair-dramaturqlardan biridir. Sovet dövründə Azərbaycan poetik fikrinin inkişafında Rəsul Rzanın (1910-1981) əsasən sərbəst vəzndə qələmə aldığı şeir və poemaların böyük rolu olmuşdur.

Azərbaycan nəsrinin canlı, təravətli, bədii surətlər və əlvan təsvir vasitələri ilə zənginləşməsində, dramaturgiyamızda lirik-psixoloji üslubun inkişafında İlyas Əfəndiyevin (1914-1996) böyük yaradıcılıq xidmətləri olmuşdur. Azərbaycan nəsrinin yeni mövzu və qəhrəmanlarla zənginləşməsində Əli Vəliyev, Hüseyn İbrahimov, Hüseyn Abbaszadə, Bayram Bayramov, Cəmil Əlibəyov, Vidadi Babanlı, Ələviyyə Babayeva, Süleyman Vəliyev, Əzizə Əhmədova, Əfqan Əsgərov, Gülhüseyn Hüseynoğlu, Əlibala Hacızadə və başqalarının da xidmətləri vardır.

60-cı illərdə İsa Hüseynov, Məmməd Araz, Sabir Əhmədov, Anar, Elçin, Sabir Rüstəmxanlı, Ələkbər Salahzadə, Fərman Kərimzadə kimi nasir və şairlər vardır. Bədii yaradıcılığa bir qədər öncə qədəm qoymuş İsmayıl Şıxlını (1919-1994) və onun "Dəli Kür" romanını xüsusi qeyd etmək lazımdır. Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Nəriman Həsənzadə kimi sənətkarların poeziya və dramaturgiyasında da daha çox xalq tarixinin ibrətamiz səhifələri, bu fonda lirik-psixoloji yaşantılar üstünlük təşkil edir. Bu şairlərin, eləcə də Qabilin həmişə aktuallığı ilə seçilən şeirləri, "Nəsimi" poeması, Adil Babayev, İslam Səfərli, Hüseyn Arif, Qasım Qasımzadə, Əliağa Kürçaylının bir çox əsərləri ədəbiyyatımızın qiymətli nümunələrindəndir.

Azərbaycan ədəbiyyatının yeni mərhələsi üçün bədii zəmin hazırlayanlar və özləri də bu prosesdə fəal iştirak edənlər arasında Əli Kərim, Xəlil Rza, Cabir Novruz, Məmməd Araz, Fikrət Qoca, Fikrət Sadıq, Ələkbər Salahzadə, İsa İsmayılzadə, Sabir Rüstəmxanlı, Famil Mehdi, Tofiq Bayram, Arif Abdullazadə, Hüseyn Kürdoğlu, İlyas Tapdıq, Musa Yaqub, Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli, Zəlimxan Yaqub, Baba Vəziroğlu və b. şairlər seçilirlər.

Çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixini dövrləşdirərkən sivilizasiya amili, ədəbi-tarixi proseslərin reallıqları, Azərbaycanda ədəbi cərəyanlar və azərbaycançılıq məfkurəsi kimi prinsiplərin başlıca meyar kimi nəzərə alınması elmi baxımdan əsaslandırılıb.

Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin yeni konsepsiyası aşağıdakı mərhələləri əhatə edir: Qədim dövr Azərbaycan ədəbiyyatı, Erkən intibah dövrü Azərbaycan ədəbiyyatı, İntibah dövrü Azərbaycan ədəbiyyatı, Orta əsrlər Azərbaycan ədəbiyyatı, Erkən yeni dövr Azərbaycan ədəbiyyatı, Azərbaycan ədəbiyyatının maarifçi realizm dövrü, Milli-demokratik hərəkat dövrü Azərbaycan ədəbiyyatı, Azərbaycan ədəbiyyatında sosialist realizmi mərhələsi, Erkən ən yeni dövr və keçid dövrü.

Qeyd edək ki, Azərbaycan ədəbiyyatı tarixi hazırda Qədim dövr, Orta dövr, Yeni dövr (AXC dövrü), Ən yeni dövr (Sovet dövrü 60-cı illərə qədər, 60-cı illərdən başlayaraq), Müstəqillik dövrü mərhələlərinə bölünür.