ÜMUMİ MƏLUMAT

Müstəqillik əldə etdikdən sonra Azərbaycan iqtisadiyyatının digər sahələri kimi, kənd təsərrüfatının da inkişafına gedən yol asan olmadı. Bu baxımdan aqrar sektordakı indiki uğurlar gərgin əmək və həyata keçirilən düzgün siyasət sayəsində əldə edilib. Ölkəmiz artıq nəinki bir çox strateji məhsullara olan tələbatını yerli istehsal hesabına ödəyir, hətta xaricə də kənd təsərrüfatı məhsulları ixrac edir.

Bu gün Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda aqrar sektoru müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək üçün çox işlər görülür. Təsadüfi deyil ki, 2003-cü ildə Prezident seçildikdən sonra onun imzaladığı ilk fərman və sərəncamlarda aqrar sahənin inkişafı mühüm yer tutmuşdur. Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olanlar torpaq vergisindən başqa bütün növ vergilərdən azad edildilər, onlara istifadə etdikləri yanacaq və sürtkü yağlarına, gübrə, toxum və damazlıq heyvanlara görə subsidiyalar verilməyə başlandı, buğda, pambıq, barama, tütün, çəltik, fındıq və s. ənənəvi məhsulların istehsalçılarına əlavə güzəştlər olundu. Onu da qeyd edək ki, həmin imtiyazlar günü bu günəcən davam edir.

Aqrar sahənin inkişafında maliyyə dəstəyi mühüm rol oynayır. Odur ki, bu gün Azərbaycanda digər sahələrdə çalışan sahibkarlarla yanaşı, fermerlərə də güzəştli kreditlər verilir.

Bu vəsaitdən səmərəli istifadə edən fermerlərin bir çoxu öz təsərrüfatlarını iri fermer təsərrüfatlarına çevirirlər. Artıq ölkədə onlarla iri fermer təsərrüfatı fəaliyyət göstərir. Həmin təsərrüfatların fəaliyyəti istehlak bazarının sabitləşməsində, ixrac potensialının artmasında, idxaldan asılılığın azalmasında, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır.

Son illərdə iqtisadiyyatın mühüm sahələrindən olan qeyri-neft sektorunun inkişafı ilə yanaşı, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafı təmin edilmiş, əkinəyararlı torpaqlardan və mövcud su resurslarından səmərəli istifadə istiqamətində mühüm addımlar atılmış, minlərlə hektar torpaq sahəsi əkin dövriyyəsinə cəlb olunmuş və nəticədə kənd təsərrüfatı məhsullarının istehsalında davamlı artım meyilləri formalaşmışdır.

Respublikada pambıqçılıq, taxılçılıq və digər kənd təsərrüfatı bitkilərinin və heyvandarlıq məhsullarının istehsalında böyük artıma nail olmaq məqsədilə əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və yeni suvarılacaq torpaqların istifadəyə verilməsi üçün mühüm tədbirlər həyata keçirilmiş, su anbarları, nasos stansiyaları, magistral kanallar və digər su təsərrüfatı obyektləri tikilib istifadəyə verilmişdir

““Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı ilə iqtisadiyyatın mövcud vəziyyətinin dərin təhlili əsasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sənayesi sahələrində mövcud vəziyyət müvafiq dövlət orqanlarının, tədqiqat mərkəzlərinin və müstəqil ekspertlərin iştirakı ilə sistemli və əhatəli şəkildə təhlil olunmaqla, silsilə müzakirələr keçirilmiş və müvafiq qiymətləndirmələr aparılmış, bunun əsasında “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” hazırlanmışdır. Bu Strateji Yol Xəritəsində ölkənin kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı uzunmüddətli dövr üzrə inkişaf hədəfləri öz əksini tapıb.

Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılmışdır.

Hazırda kənd təsərrüfatı sahəsinin inkişafına dövlət tərəfindən geniş dəstək göstərilir.

Ümumi sahə üzrə dövlət dəstəyi tədbirləri: 

  • Kənd təsərrüfatı vergilərdən azaddır;
  • İstehsalçılara büdcədən güzəştli kreditlər verilir;
  • Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sənayesi üzrə idxal olunan əksər istehsal vasitələrinə gömrük güzəştləri tətbiq edilir;
  • Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən satılan kənd təsərrüfatı maşın, texnika və avadanlıqlarının dəyərinin 40 faizi büdcədən ödənilir və onlar lizinq yolu ilə satılır;
  • Kənd təsərrüfatı əmlakının və müəyyən edilmiş sığorta hadisələrinin sığortalanması üzrə hesablanmış sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir. 

Bitkiçilik sahəsi üzrə dövlət dəstəyi tədbirləri:

• Kənd təsərrüfatı məhsullarının istehsalı üçün sərf edilən yanacaq və motor yağlarının dəyərinin 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi məqsədilə əkin sahələrinin hər hektarına (o cümlədən təkrar əkinlərə) görə 50 manat subsidiya verilir; 

• Emal müəssisələrinə satılan pambığın hər kiloqramı üçün 0,1 manat, quru tütünün hər kiloqramı üçün 0,1 manat, yaş tütünün isə hər 10 kiloqramı üçün 0,05 manat subsidiya verilir;

• Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 5 (beş) manat  subsidiya verilir.

• Şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına 4,0 (dörd) manat məbləğində subsidiya ödənilir;

• Kənd təsərrüfatı istehsalı ilə məşğul olanlara hər 1000 m3 suvarma suyunun qiyməti 0,5 manat müəyyən edilmişdir;

• “Aqroservis” ASC tərəfindən satılan müasir suvarma avadanlıqlarının dəyərinin 40 faizi büdcədən ödənilir;

• Gübrələrin, pestisidlərin və sənaye üsulu ilə istehsal edilmiş biohumusun dəyərinin 70 faizi dövlət büdcəsindən ödənilir;

• Toxum və ting istehsalına və satışına görə subsidiya verilir;

• Kənd təsərrüfatı bitkilərinin karantin tətbiq edilən və xüsusi təhlükəli zərərvericilərinə qarşı mübarizə tədbirləri dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

Heyvandarlıq sahəsi üzrə dövlət dəstəyi tədbirləri:

• “Aqrolizinq” ASC tərəfindən idxal edilən cins malların dəyərinin 50 faizi büdcədən ödənilir və lizinq yolu ilə satılır;

• Süni mayalanma yolu ilə alınan hər baş buzova görə 100 manat subsidiya verilir;

• Süni mayalandırma xidməti üzrə infrastruktur dövlət tərəfindən təmin edilir;

• Bütün növ kənd təsərrüfatı heyvanları və quşları arasında heyvanların xüsusi təhlükəli yoluxucu xəstəliklərinə (13 növ xəstəliyə) qarşı aparılan müalicə-profilaktika və diaqnostika tədbirləri dövlət tərəfindən təmin edilir.

• Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 2018-ci il də daxil olmaqla 5 (beş) il müddətində ildə 10,0 (on) manat məbləğində subsidiya müəyyən edilib. 

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli müvafiq Fərmanı ilə təsdiq edilmiş Milli iqtisadiyyat və iqtisadiyyatın  əsas sektorları üzrə strateji yol xəritələri  çərçivəsində  kiçik və orta sahibkarlıq fəaliyyəti üçün biznes mühitinin və tənzimləyici bazanın yaxşılaşdırılması, xarici bazarlara çıxış imkanlarının artırılması, innovasiyaların təşviqi, rəqabətədavamlı sektorun yaradılması, kənd təsərrüfatı məhsulları istehsalçılarının istehsal vasitələrinə, daxili və xarici bazarlara çıxışının asanlaşdırılması, daxili bazarda idxalı əvəzləyən zəruri ərzaq məhsullarının istehsalının artırılması, qida təhlükəsizliyinin gücləndirilməsi, kənd yerlərində məşğulluq imkanlarının artırılması və digər istiqamətlər üzrə  müəyyən edilmiş tədbirlərin icrası uğurla davam etdirilir.

Hazırda Ermənistan silahlı qüvvələri üzərində böyük zəfərlə bitən 44 günlük Vətən müharibəsinin nəticəsində işğaldan azad edilən torpaqlarımızda kənd təsərrüfatının gələcək inkişafının planlaşdırılmasına başlanılıb. Torpaqlarımızın azad edilməsi kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək. Ölkənin əkin dövriyyəsi artacaq, strateji əhəmiyyətli su anbarlarının yerləşdiyi ərazilərin işğaldan azad edilməsi nəticəsində yüz minlərlə hektar sahənin suvarılması təmin ediləcək. Azad edilmiş torpaqlarda üzümçülük, taxılçılıq, pambıqçılıq və heyvandarlığın inkişafı üçün çox böyük potensial var. Bu potensialdan düzgün istifadə etməklə, eyni zamanda, aqrar emal sənayesini genişləndirməklə kənd təsərrüfatının davamlı inkişafı təmin olunacaq.