PRİORİTET İSTİQAMƏTLƏR

İqtisadiyyatın səmərəliliyinin artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində qeyri-neft sektorunun inkişafının təmin edilməsi dövlətimizin əsas iqtisadi prioritetlərindəndir. Bu məqsədlə ölkədə aparılan uğurlu iqtisadi siyasət nəticəsində iqtisadiyyatın diversifikasiyasına nail olunması ilə yanaşı, qeyri-neft sektorunun da ümumi daxili məhsulda xüsusi çəkisi nəzərə çarpacaq dərəcədə artmışdır.

Ölkənin sosial-iqtisadi həyatında xüsusi əhəmiyyət kəsb etdiyi üçün qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektoru ötən dövr ərzində iqtisadiyyatın əsas sektorlarından biri kimi müəyyənləşdirilmiş və görülmüş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sektorun inkişafı üçün əlverişli şərait yaradılmışdır.

Kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın, üzümçülüyün, tütünçülüyün, baramaçılığın sürətli inkişafı, kənd təsərrüfatı məhsullarına tələbatın ödənilməsi, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması və emal sənayesinin genişlənməsi istiqamətində dövlət dəstəyinin gücləndirilməsi ilə əlaqədar bir sıra hüquqi aktlar, o cümlədən dövlət proqramları qəbul edilmişdir.

Əhalinin ərzaq məhsullarına tələbatının davamlı şəkildə ödənilməsi məqsədi ilə son illərdə qəbul edilmiş dövlət proqramlarının icrası, aqrar sahənin ixracyönümlü məhsullarının istehsalının təşviqi istiqamətində həyata keçirilən tədbirlər ölkədə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələrin əldə olunmasına səbəb olmuş, bölgələrdə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına etibarlı zəmin yaratmışdır.

Hazırda Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş dövlət proqramlarının, o cümlədən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”, Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın  icrası  nəticəsində kənd təsərrüfatı sahələrinin inkişafında bir sıra uğurlu nəticələr əldə olunmaqdadır.

Son dövrlər Ölkənin  ixrac potensialının yüksəldilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların innovativ qabiliyyətlərinin artırılması, yüksək məhsuldarlığın əldə olunması, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı prosesində intensiv metodların geniş tətbiqində istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiyanın formalaşmasında önəmli rolu olan aqroparkların yaradılması istiqamətində mühüm addımlar atılmışdır.

Artıq Azərbaycanda aqrar sektorun yeni siması olan — Aqroparkların yaradılması  istiqamətində kompleks tədbirlər uğurla həyata keçirilməkdədir.

Məlumdur ki, dünyada kənd təsərrüfatının mütərəqqi üsullarla inkişafının yeni formaları yaranır. Ölkəmiz də bu təcrübələrdən faydalanmaq üçün müvafiq tədbirlər görür. Belə mütərəqqi üsullardan biri də aqroparklardır.

Aqropark biznes modeli - kənd təsərrüfatı məhsullarının istehsalını, emalını, logistikasını və digər xidmətləri əhatə etməklə bu zənciri özündə birləşdirən təsərrüfat subyektidir. Aqroparklarda kənd təsərrüfatı məhsullarının istehsalı və emal prosesləri, aqrotexniki və logistika, sanitar və fitosanitar, marketinq, satış (daxili bazar və ixrac) və digər xidmətlər, xammal istehsalı, emal prosesləri yüksək gəlirlilik şəraitində həyata keçirilir. Bununla yanaşı, ətraf mühitin qorunması, torpaq və su resurslarından səmərəli istifadə, onların mühafizəsi təmin olunur, eləcə də bitkiçiliyin, heyvandarlığın, emal sənayesinin və digər sektorların inkişafı üçün möhkəm əsaslar yaranır. Ərzaq məhsullarının istehsalı ilə bağlı əsas fəaliyyətləri — enerji, su və tullantıların idarə edilməsi, logistika, nəqliyyat, ərazinin planlaşdırması və digər proseslərin həyata keçirilməsini təmin edən aqroparklar həmçinin davamlı inkişaf prinsiplərinə əsaslanaraq istehsal, emal, tədarük, tədqiqat və inkişaf, ticarət və sosial funksiyaları özündə birləşdirən bir mərkəz kimi xarakterizə olunur. 

Bu gün Azərbaycanın qarşısında duran əsas hədəflərdən birinin – qeyri-neft sektorunun aparıcı bölməsi olan aqrar sənaye sahəsinin inkişafını təmin etmək üçün həmin sahənin innovativ meyarlara uyğun qurulması, o cümlədən aqroparkların yaradılması əsas istiqamətlərdəndir.

Azərbaycanda aqroparkların yaradılması prosesi öz axarı ilə davam edir və onların sayı 40 -a yaxındır.

Uzun illər Ermənistanın hərbi təcavüzü nəticəsində işğal altında qalan torpaqlarımız əsasən kənd təsərrüfatı sahəsində böyük iqtisadi potensiala malik ərazilər olmuşdur. Hazırda işğaldan azad edilmiş ərazilər üzrə Strateji Fəaliyyət Planı hazırlanıb və bütün ərazilərin və şəhərlərin bərpası vahid konsepsiya əsasında həyata keçirilir. Azad edilmiş ərazilərdə torpaq islahatının aparılması üçün yeni mexanizm və meyarların işlənib hazırlanması, heyvandarlıq, bağçılıq, tərəvəzçilik, üzümçülük və taxılçılıq kimi mühüm kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi istiqamətində işlər aparılır.