STRATEJİ YOL XƏRİTƏLƏRİ
Milli inkişafın bütün istiqamətlərində önəmli uğurlara imza atmış ölkəmiz zamanın iqtisadi gerçəkliklərinə hər zaman çevik münasibəti ilə fərqlənib. Müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz də dərin siyasi-iqtisadi transformasiya şəraitində böhranlı mərhələlər yaşayıb. Düşmən təcavüzü, ölkədəki qeyri-müəyyən siyasi durum Azərbaycanın milli maraqlarına birbaşa təhdid formalaşdırmaqla yanaşı, ölkə iqtisadiyyatını da iflic vəziyyətə salmışdı. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra qısa zaman ərzində bərqərar edilmiş siyasi sabitlik iqtisadi institutların da normal fəaliyyətinə şərait yaradaraq bazar iqtisadiyyatına keçidi sürətləndirdi. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan dünyanın enerji xəritəsində əhəmiyyətli mövqe qazandı. Beləliklə, iqtisadiyyatda müşahidə olunan tənəzzül meylləri qısa zamanda dinamik iqtisadi inkişaf tendensiyası ilə əvəzləndi.
2004-2015-ci illər ərzində ölkədə orta hesabla 10,6 faiz illik iqtisadi artım müşahidə edilmiş, ÜDM-in həcmi isə 7,6 dəfə artmışdır. Eyni zamanda həmin dövr ərzində adambaşına ÜDM-in həcmində 6,5 dəfə artım olmuşdur ki, bu da Azərbaycanı dünya ölkələri arasında 134-cü yerdən 79-cu yerə yüksəlməsinə səbəb olmuşdur. Beynəlxalq reytinq agentlikləri və təşkilatları tərəfindən Azərbaycanda həyata keçirilmiş iqtisadi islahatlara və mövcud iqtisadi mühitə yüksək qiymət verilmişdir. Dünya Bankının “Doing Business” hesabatına əsasən Azərbaycan 2009-cu ildə dünyanın “lider islahatçı dövləti” kimi qiymətləndirilmişdir. Neft strategiyasının uğurlu tətbiqi nəticəsində əhalinin rifah səviyyəsi yüksəlmiş, iqtisadiyyata kapital qoyuluşu dəfələrlə artmış, makroiqtisadi sabitliyə nail olunmuşdur. Bu baxımdan, Azərbaycanın bu günədək keçdiyi sosial-iqtisadi inkişaf yolunu kifayət qədər uğurlu hesab etmək olar.
Lakin 2014-cü ilin ortalarından başlayaraq dünya bazarlarında enerji daşıyıcılarının qiymətlərində kəskin eniş, xarici ticarət tərəfdaşı olan ölkələrdə iqtisadi böhran və maliyyə böhranları Azərbaycana da mənfi təsirlərini göstərdi. Ölkəyə valyuta axını nəzərə çarpacaq dərəcədə azaldı, nəticədə ölkənin idxal-ixrac balansında ciddi fərq yarandı. Son illərdə müşahidə olunan davamlı iqtisadi artımın sürəti yavaşıdı və beləliklə, ölkəmizdə yeni iqtisadi modelə keçid zərurəti gündəmə gəldi. Belə bir şəraitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yeni iqtisadi strategiyanın hazırlanmasına və müvafiq institusional islahatların keçirilməsinə dair təşəbbüs irəli sürülüb.
Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nə əsasən milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsinin hazırlanması mühüm əhəmiyyət kəsb edir.
Milli iqtisadiyyatın inkişafını şərtləndirən 12 strateji yol xəritələri aşağıdakılardır:
“Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”;
“Azərbaycan Respublikasının neft və qaz sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”;
“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”;
“Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”;
“Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”;
“Azərbaycan Respublikasında İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”;
“Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”;
“Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”;
“Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”;
“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”;
“Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”;
“Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi”.
Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışından ibarətdir. Sənəd inkişaf məqsədlərindən başqa hər bir istiqamət üzrə qlobal meyilləri, iqtisadiyyatın 360 dərəcəli diaqnostikasını və mövcud vəziyyətin GZİT təhlilini, görüləcək tədbirləri, tələb olunan investisiya və nəticə indikatorlarını əhatə edir.
Bu xəritə iqtisadi inkişafa töhfə verən bütün faktorları nəzərə alır, o cümlədən yerli və beynəlxalq özəl sektor nümayəndələrinin geniş əməkdaşlığı üçün böyük imkanlar yaradır. Dövlət investisiyaları katalizator rolunu oynayır, iqtisadi inkişafın lokomotivi kimi isə özəl sektor irəli çıxır.
Strateji Yol Xəritəsində dayanıqlı iqtisadi inkişafa nail olunması üçün 4 əsas strateji hədəf müəyyən edilmişdir:
1) Fiskal dayanıqlığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi;
2) Özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi;
3) İnsan kapitalının inkişaf etdirilməsi;
4) Əlverişli biznes mühitinin inkişafı.
Qeyd olunan 4 strateji hədəfin icrası milli iqtisadiyyatın dayaqlarını möhkəmləndirərək onun şaxələnməsinə, şəffaf idarəetmə və nəzarət sisteminin qurulmasına imkan yaradacaqdır.
Strateji Yol Xəritəsində 2020-ci ilədək icrası nəzərdə tutulan əhatəli tədbirlər planı – ölkə iqtisadiyyatının enerji daşıyıcılarından asılılığının minimuma endirilməsini, iqtisadi şaxələnməni və dünya iqtisadiyyatına inteqrasiyanı prioritet məqsədlər kimi müəyyənləşdirmişdir. Bir-biri ilə zəncirvari şəkildə bağlı olan həmin tədbirlər ölkə iqtisadiyyatının kompleks şəkildə yenidən strukturlaşmasını təmin etmişdir.
Strateji Yol Xəritəsində 2025-ci ilədək müəyyənləşdirilmiş uzunmüddətli baxış dayanıqlı inkişaf yoluna qədəm qoymuş ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin daha da gücləndirilməsini hədəfləyir. Bu hədəfə nail olunması ölkədə azad rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyatda özəl sektorun payının artırılması və investisiya cəlbediciliyinin yüksəldilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan son dövrlərə qədər makroiqtisadi mühitə görə dünyanın aparıcı maliyyə institutları tərəfindən ən sabit ölkələrdən biri kimi qiymətləndirilmişdir. Lakin neft qiymətlərində kəskin enişin yaşanması ölkəmizin makroiqtisadi sabitliyinə təhlükə yaradır. Bu baxımdan, ortamüddətli hədəfdə yenidən makroiqtisadi sabitliyə nail olmaq qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsinin başlıca şərtlərindən biridir.
Ölkə vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılmasını və insan inkişafı indeksinin daha yüksək həddə çatdırılmasını təmin edən güclü, çoxşaxəli inklüziv iqtisadiyyatın bərqərar edilməsi Strateji Yol Xəritəsində 2025-ci ildən sonrakı hədəf baxış kimi müəyyən edilmişdir. Ölkə əhalisinin yaşayış səviyyəsinin yüksəldilməsi və insan kapitalının inkişaf etdirilməsi uzunmüddətli hədəflərin əsas komponentləri kimi öz əksini tapır.