AZƏRBAYCAN RESPUBLİKASINDA DÖVLƏT HAKİMİYYƏTİ HAQQINDA ÜMUMİ MƏLUMAT

Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir. Ənənəvi hakimiyyətlər bölgüsü konsepsiyasına uyğun olaraq Konstitusiya müəyyən edir ki, icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur, qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının parlamenti - Azərbaycan Respublikasının Milli Məclisi, məhkəmə hakimiyyətini isə müstəqil məhkəmələr həyata keçirirlər.

Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir.

Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir.

Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər.

Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyət müddəti Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır.

Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər.

İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.

Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir.

Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur.

Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər

Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir. Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir.

Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanıdır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.

Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir.

Prezident Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin etmək məqsədilə Prezidentin Administrasiyasını təşkil edir və onun rəhbərini təyin edir.

Administrasiyaya ümumi rəhbərliyi Prezident həyata keçirir.

Prezidentin və Administrasiyanın fəaliyyətinin maddi-texniki və maliyyə təminatı ilə Prezidentin İşlər İdarəsi məşğul olur. İşlər İdarəsi Prezidentin Administrasiyasının tərkibinə daxil deyil.

Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Nazirlər Kabinetini yaradır. Nazirlər Kabineti Prezidentin yuxarı icra orqanıdır, Prezidentə tabedir və onun qarşısında cavabdehdir.

Azərbaycan Respublikasında  Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Mədəniyyət Nazirliyi,  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fəaliyyət göstərir.

Azərbaycan Respublikasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Diasporla İş Üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikasının Mərkəzi Bankı kimi dövlət təşkilatları və komitələri fəaliyyət göstərir.

Azərbaycan Respublikasında Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti,  Dövlət Təhlükəsizliyi Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Xarici Kəşfiyyat Xidməti fəaliyyət göstərir.

Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər.

Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyət göstərməsi və öz səlahiyyətləri çərçivəsində müstəqil olmaları təsbit edilmişdir.