Azərbaycan qədim tarixi, zəngin mədəniyyəti, özünəməxsus dövlətçilik ənənələri olan nadir bir ölkədir. Mühüm coğrafi-strateji mövqeyinə görə Azərbaycan həmişə sivilizasiyaların qovuşuğunda olmuşdur. Qədim dövrdə və orta əsrlərdə Azərbaycan Yaxın və Orta Şərqin siyasi, ticarət və mədəni mərkəzlərindən biri idi. Bu səbəbdən də tarixin müxtəlif dövrlərində Azərbaycanda Şərqin siyasi və ideya-mədəni proseslərinə böyük təsir göstərən güclü dövlətlər yaranmışdır.
Dünya mədəniyyətində öz dəst-xətti ilə seçilən Azərbaycan xalqı əsrlər boyu bəşər sivilizasiyasına qüdrətli dühalar, şəxsiyyətlər bəxş etmişdir. Onların böyük bir hissəsi XIX əsrdə və XX əsrin əvvəllərində yaşayıb-yaratmış, bir çoxu bizim müasirlərimiz olmuşdur.
Xalqımıza, Vətənimizə əbədi şöhrət gətirmiş bu insanların bir qismi Bakının dağlıq hissəsində yerləşən Fəxri xiyabanda doğma torpağa tapşırılmışdır. Bunlar, əsasən, elm, ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri, İkinci dünya müharibəsi (1939-1945) illərində alman faşistlərinə qarşı döyüşlərdə göstərdikləri şəxsi igidlik və şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş insanlar, Sovet hakimiyyəti dövründə yüksək dövlət vəzifələri tutmuş şəxslər, iqtisadiyyatın, kənd təsərrüfatının müxtəlif sahələrində çalışaraq fərqlənmiş, fəxri adlar almış əmək adamlarıdır.
Təbii ki, Sovet hakimiyyətinin qurulmasına və möhkəmlənməsinə kömək etmiş köhnə bolşeviklərin, partiya, sovet işçilərinin də bir qismi Fəxri xiyabanda dəfn olunmuşdur. Lakin bu da bizim tariximizdir və onu olduğu kimi qəbul etməliyik.
Bundan əlavə, Fəxri xiyabanda dəfn olunanlar arasında Azərbaycandan kənarda doğulmuş, lakin həyatının çox və ya müəyyən hissəsini ölkəmizdə yaşamış, onu özlərinə ikinci Vətən seçmiş insanlar da vardır.
Fəxri xiyaban Azərbaycan SSR Nazirlər Sovetinin 27 avqust 1948-ci il 680 nömrəli sərəncamı ilə yaradılmışdır. Elə həmin ildən Fəxri xiyabanın tikintisinə başlanılmışdır. Sərəncama əlavə olunmuş siyahıya görə, görkəmli ədəbiyyat və mədəniyyət xadimləri Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Hüseyn Ərəblinski, Süleyman Sani Axundov, Əli Nəzmi, Cabbar Qaryağdı oğlu, Rüstəm Mustafayev, Əzim Əzimzadə və Hüseynqulu Sarabskinin məzarları Fəxri xiyabana köçürülməli və onların qəbirüstü abidələri qoyulmalı idi.
Həmin sərəncama əsasən, Qazaxda Molla Vəli Vidadinin, Şamaxıda Seyid Əzim Şirvani və Mirzə Ələkbər Sabirin də qəbirüstü abidələri qoyulmalı idi.
Fəxri xiyaban yaradıldıqdan sonra vəfat etmiş görkəmli şəxsiyyətlər, bir qayda olaraq, burada dəfn edilmişdir. Beləliklə, Fəxri xiyaban vaxtaşırı ziyarət yerinə çevrilmişdir.
2003-cü il dekabrın 15-də dünya azərbaycanlılarının ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycanın əbədiyaşar övladı Heydər Əliyev Fəxri xiyabanda canı qədər sevdiyi Vətən torpağına tapşırılmışdır. O vaxtdan bəri milyonlarla insan, o cümlədən Azərbaycana rəsmi səfər edən dövlət və hökumət başçıları, nüfuzlu nümayəndə heyətləri, həmçinin Vətənə gələn xaricdəki soydaşlarımız Ulu Öndərin xatirəsini anmaq üçün Fəxri xiyabanı ziyarət etmişlər.
Xalqımız özünün böyük övladlarının əziz xatirəsini həmişə uca tutacaqdır.