AZƏRBAYCANIN TURİZM SİYASƏTİ
Azərbaycan Şərqlə Qərbin qovşağında yerləşən, Böyük İpək Yolunun əsas tarixi məntəqəsi və əsrlərdən bəri dünyanın hər yerindən gələn səyyah və tacirlər üçün açıq olan bir ölkədir. İpəklə, şirniyyatla, qızılla və mirvari ilə yüklənmiş karvanlar buradan keçərək Avropa və Şərq ölkələrinə gedib-gəlirdi.
Məşhur ingilis səyyahı və taciri Entoni Cekson (XVI əsr), "3 dəniz arxasına səyahət” edən rus səyyahı Afanasi Nikitin (XV əsr), XIX əsrin məşhur yazıçı-səyyahı Aleksandr Düma və b. görkəmli şəxsiyyətlər Azərbaycanda olublar.
Təəccüblü deyil ki, Azərbaycanın zəngin tarixi, mədəni və təbii irsi dünyanın bir çox yerlərindən olan turistləri cəlb edərək bu ölkəyə gətirir. İlıq Xəzər dənizi, yumşaq iqlim və toxunulmaz təbiət çimərlik, aktiv və ovçuluq turizmlərinin əsasını təşkil edir.
Azərbaycan kimi gözəl təbiəti, təbii sərvətləri olan hər hansı bir ölkədə turizmin inkişafı labüddür. Ölkə baxımlı yerləri ilə, dünya kurortlarından geri qalmayan yüksək səviyyəli kurortları ilə zəngindir. Son zamanlarda ölkənin dörd bir yanında möhtəşəm otellər inşa edilir: Qusarda altı oteli fəaliyyət göstərən “Şahdağ” xizək mərkəzi; Qəbələdə ikinci xizək kurortu; Qubada gözəl “Quba Palace” oteli və s.
Azərbaycan heyrətamiz ölkədir. Buranın hər şeyi — təbiəti və mədəniyyəti, tarixi və memarlığı, adət və ənənələri qeyri-adidir. Naxçıvanda, Kəlbəcərdə, Lənkəranda və Babadağda yerin altından qaynar su çıxır, Suraxanıda od məbədi Atəşgah mövcuddur, bundan başqa bir sıra görməli yerləri var.
Sağlamlığını bərpa etmək və möhkəmləndirmək istəyən hər kəs Azərbaycanın çoxsaylı sağlamlıq ocaqlarına müraciət edir. Cənub bölgəsinin qeyri-adi iqlimi sayəsində Lənkəranda və ətraf ərazilərdə çoxsaylı şəfa ocaqları mövcuddur. Dünyaca məşhur olan Naftalan kurortu özünəməxsus bioloji keyfiyyətli müalicə üsullarına malikdir. Naftalan şəfaverici gücə malik olan, dünyada tayı-bərabəri olmayan xüsusi növ neft yatağının çıxdığı yerdir. Bütün bu amillər Azərbaycanda müalicə turizminin yaranması və inkişafına təkan verən göstəricilərdir.
Təkrarsız memarlıq, ibtidai mədəniyyət, çoxçeşidli milli mətbəx nümunələri dünyanın hər yerindən olan turistləri bu məkana cəlb edir.
Azərbaycan xalqının ənənəvi musiqi janrı hesab edilən muğam isə YUNESKO-nun qeyri-mədəni irs siyahısına salınaraq yeni turizm cərəyanı olan muğam turizm turlarını yaradıb.
Yay vaxtı isə Azərbaycanda ekoloji turlar — təbii qoruqlarını gəzmək və ovçuluq marşrutları çox yayılıb. Bunları asanlıqla etnoqrafik turlarla birləşdirmək olar. Qubanın qədim kəndi Xınalıq, İsmayıllıda yerləşən orta əsrin misgərlik ənənələrini özündə yaşadan Lahıca səyahət də çox maraqlıdır.
Ölkənin paytaxtı Bakıda olan turistlər mütləq tarixi-memarlıq qoruğu — içərisində Şirvanşahlar sarayı və YUNESKO-nun dünya irsi siyahısına salınan “Qız qalası” olan İçərişəhərə düşmək istəyirlər.
Azərbaycan artıq regionda turizm mərkəzinə çevrilib. Ölkədə hər il böyük ümumxalq sərgisi — “Turizm və Səyahət” AİTF keçirilir ki, bu da dünyanın hər yerindən yüzlərlə insanın bir araya gəlməsinə şərait yaradır.
2018-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Dövlət Turizm Agentliyi yaradılıb. Dövlət Turizm Agentliyi turizm sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərir.
Azərbaycanın paytaxtında yerləşən ən məşhur otellər şəbəkəsi bunlardır: Four Seasons Hotel Baku, Hyatt Regency, JW Marriott Absheron Baku Hotel, Grand Hotel Europe, Fairmont Baku, İntercontinental, Pullman Baku, Hilton Baku.
Azərbaycanın əyalətlərində də otellər, istirahət yerləri, əyləncə və idman mərkəzləri fəaliyyət göstərir ki, bunlardan Shahdag Mountain Resort, "Qafqaz Riverside", "Şamaxı Palace Sharadil", “Chınar Hotel Naftalan”, "Rixos Quba Azerbaijan", Marxal Resort, “Qalaalti", Naxçıvanda Duzdağ otelini qeyd etmək olar. Bundan əlavə Şahdağ və Tufandağ qış-yay turizm kompleksləri, Naxçıvanda Ağbulaq Xizək Mərkəzi, 50-yə yaxın olimpiya-idman kompleksləri və vacib infrastruktura malik olan obyektlər il boyu turistlərin ixtiyarındadır.
Hazırda İşğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı strategiyası hazırlanır. Yaxın zamanda Qarabağ və Şərqi Zəngəzur bölgəsi yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq və Azərbaycanın əsas turizm mərkəzinə çevriləcək.