REGİONLARIN İNKİŞAFINA DAİR DÖVLƏT PROQRAMLARI 

2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni iqtisadi siyasət strategiyası həyata keçirilməyə başladı. Dövlət başçısının prezidentlik fəaliyyətində verdiyi ilk fərmanlar da məhz sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri və regionların sosial-iqtisadi inkişafı haqqında olmuşdur. Təsadüfi deyil ki, Prezidentlik fəaliyyətinin ilk dövründə İlham Əliyev “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli fərman vermişdir.

Regionların inkişafına dair uğurla icra edilən I Dövlət Proqramı Azərbaycanın müxtəlif bölgələrində inkişafın yeni əsaslarını yaratdı, tərəqqi prosesini növbəti uğurlu mərhələyə keçirdi. Bununla əlaqədar olaraq Prezident İlham Əliyev 14 aprel 2009-cu il tarixli Fərmanı ilə II Dövlət Proqramını - "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nı təsdiq etdi. Yeni proqramın hazırlanmasını şərtləndirən əsas məqsəd ökədə iqtisadiyyatın diversifikasiyasına və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə nail olmaq idi. II Dövlət Proqramının uğurlu icrası  nəticəsində ölkədə qeyri-neft sektorunun davamlı inkişafı, yeni müəssisələrin və iş yerlərinin yaradılması, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması  ilə bağlı əhəmiyyətli nailiyyətlər əldə olunmuşdu. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi və icra müddətinin başa çatması, yeni — üçüncü proqramın zəruriliyini ortaya qoydu. 27 fevral 2014-cü il  tarixli Fərmanla Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı  təsdiqlədi. Bu proqram icrası başa çatmış əvvəlki iki  proqram çərçivəsində başlanmış işlərin davam etdirilməsini özündə ehtiva edirdi.

Dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmışdır.

Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaratmışdır.

Hazırda Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla həyata keçirilir.

2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı  ilə bağlı Dövlət Proqramı çərçivəsində hәyata keçirilәn fəaliyyət uğurlu nәticәlәrlə yadda qalıb. Regionlarda quruculuq-abadlıq işləri geniş vüsət alıb, müasir texnologiyalara əsaslanan yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri açılıb, əhalinin məşğulluq səviyyəsi artıb. Regionlarda aqrar sahəyə dövlət tərəfindən göstərilən dəstək tədbirləri gücləndirilib, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasına xüsusi əhəmiyyət verilib. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılmasının bir istiqaməti kimi sahibkarlığın inkişafına mühüm önəm verilib, sahibkarlara göstərilən elektron xidmətlərin əhatə dairəsi genişləndirilib. Güzəştli kreditlər hesabına investisiya layihələri maliyyələşdirilib və kiçik sahibkarlığın daha da inkişafı üçün müvafiq tədbirlər görülüb. Ötən illərdə bölgələrdə pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq üzrə müşavirələr keçirilib, bir neçə dövlət proqramı qəbul edilib.

Son illərdə aparılan nəhəng sosial infrastruktur quruculuğu işləri regionların mənzərəsini tamamilə dəyişib. Bu illər ərzində regionlarda 58 min kilometr uzunluğunda yeni qaz xətləri, su təchizatının yaxşılaşdırılması üçün bölgələrdə 13 min kilometr uzunluğunda içməli su xətləri çəkilib, 470-ə yaxın modultipli sutəmizləyici qurğu quraşdırılıb, 706 min nəfər əhali içməli su ilə təmin edilib. Uzunluğu 16 min kilometrdən çox olan yollarda təmir-tikinti işləri aparılıb, 470 körpü və tunel istifadəyə verilib.

Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları çərçivəsində son 17 ildə 3300-dən çox məktəb, yüzlərlə uşaq bağçası və tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Ötən ildə qeyri-neft sektorunda ÜDM-in 3,5 faiz, qeyri-neft sənayesində isə 14,3 faiz artmasında regionların da böyük rolu olub. 2019-cu ildə Regionların sosial-iqtisadi inkişafının dördüncü Dövlət Proqramı çərçivəsində 7,2 milyard manat vəsait yönəldilib. (2020)

Ölkənin on bölgəsində sənaye zonalarının yaradılması sənayeləşmə prosesinə təkan verib. Ümumilikdə, indiyədək sənaye zonalarında rezidentlər tərəfindən 6 milyard manata yaxın investisiya yatırılıb və 9 mindən çox yeni iş yeri yaradılıb. Bu zonalarda istehsalın ümumi həcmində 2,6 dəfə artım qeydə alınıb. Qeyd etmək lazımdır ki, sənaye zonalarında istehsal olunan məhsulun 80 faizindən çoxu Sumqayıt Kimya Sənaye Parkının payına düşür. Balaxanı Sənaye Parkının fəaliyyəti isə genişlənərək ikinci mərhələyə daxil olub. Bu baxımdan digər sənaye zonalarında da fəaliyyətin səmərəsinin artırılmasına nail olunması vacibdir. İndiyədək verilmiş investisiya təşviqi sənədləri üzrə layihələrin reallaşması yerli istehsala 4 milyard manatdan artıq investisiyanın yatırılmasına, 28 minədək yeni iş yerinin açılmasına səbəb olacaq. Bu layihələrin 87 faizi regionların payına düşür. Sahibkarlığın inkişafına dövlət dəstəyi göstərilməsi sayəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərin verilməsi işləri davam etdirilir. 2005-ci illə müqayisədə regionların qeyri-neft sektoru üzrə ümumi vergi daxilolmalarının xüsusi çəkisi 2 dəfə artaraq 15 faizə çatıb. 

Hazırda Azərbaycan məhsullarının ixrac coğrafiyasını genişləndirmək imkanları araşdırılır. Burada əsas məqsəd rəqabətqabiliyyətli və yüksək keyfiyyət standartlarına malik yerli məhsulların “Made in Azerbaijan” brendi adı altında xarici bazarlara çıxışını genişləndirməkdir. Dövlət proqramlarının uğurlu icrası nəticəsində əvvəlki illə müqayisədə 2019-cu ildə kənd təsərrüfatı emal müəssisələrinin ixracı ümumilikdə 14 faiz artıb. Ölkənin aqrar sektorunun inkişafında böyük rol oynayan aqropark və yerli fermer təsərrüfatının yaradılması istiqamətində işlər davam etdirilir.

Azərbaycanda dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırır. 2012-ci il iyulun 13-də bu sahədə daha mühüm islahata imza atıldı. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan "ASAN xidmət" mərkəzləri yaradıldı.

2013-cü ildən başlayaraq regionlarda da "ASAN xidmət" mərkəzləri fəaliyyətə başlamışdır. Respublikanın bölgələrində hazırda 14 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir.

Hazırda Azərbaycan üçün böyük zəfərlə bitən 44 günlük Vətən müharibəsinin nəticəsində işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı Strateji Fəaliyyət Planı hazırlanıb.